Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dünən həbs olunan generalların törətdiyi əməllər açıqlandı


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin dünən həbs edilən iki generalının işi üzrə Baş prokurorluq rəsmi məlumat yayıb. Məlumatda deyilir ki, ləğv edilmiş nazirliyin  vəzifəli şəxsləri tərəfindən qanunsuz hərəkətlərinə məruz qalan ayrı-ayrı şəxslərin müraciətləri üzrə əvvəllər başlanmış cinayət işi üzrə istintaq davam etdirilir.
İstintaq  Şixəliyev Mövlan Məmmədismayıl oğlunun MTN-in İstintaq Baş İdarəsinin rəisi vəzifəsində işlədiyi dövrdə tabeliyində olan şəxslərlə birlikdə 9 halda cinayət işləri üzrə sübutları saxtalaşdırmasına, vəzifə səlahiyyətlərindən sui istifadə edərək müxtəlif korrupsiya cinayətləri törədərək külli miqdarda rüşvət tələb etməsinə və almasına, 4 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə-qorxu ilə tələb edərək ələ keçirməsinə əsaslı şübhələr müəyyən edib.

"Həmçinin, istintaqla həmin Nazirliyin Hərbi əks-Kəşfiyyat İdarəsinin sabiq rəisi Şirinov Nizami Talış oğlunun qeyd olunan vəzifədə işlədiyi müddətdə müxtəlif şəxslərdən MTN-nin Akademiyasına qəbul etdirmək, xidmət yerini dəyişdirmək, habelə tabeliyində olan əməkdaşın işdən çıxarılması üçün müvafiq tədbirlərin görülməməsi, xidmət üzrə ümumi himayədarlıq edilməsi müqabilində 3 halda külli miqdarda rüşvət tələb edərək almasına, 3 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə-qorxu ilə tələb edərək ələ keçirməsinə, habelə vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə əsaslı şübhələr müəyyən edilib”,-Baş prokurorluq bildirir.
Bu əməllərə görə Mövlan Şıxəlıyevə və Nizami Şirinova qarşı Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma), 341.2.1, 341.2.3 (ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui istifadə etmə və vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan edilib. Barələrində Bakı hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, Mövlan Şixəliyev MTN-nin ləğvinin ardınca bu nazirliyin rəhbərliyinə daxil olan şəxslərlə birlikdə istintaqa cəlb edilmişdi və saxlanılmışdı. Onun barəsində həmin vaxt çoxsaylı zərərçəkənlərin şikayətləri araşdırılırdı.
Virtualaz.org





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10