Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Artıq uşaq səsləri evləri şənləndirmir: Valideyn övlad yükündən qaçır



“Dövlət təbii artımın azalmasından narahatdır? O zaman uşaqpulu versin, cavan ailələrə ev almağa şərait yaratsın”
 
Azərbaycanda əhalinin təbii artımı azalır. Bu haqda Bakı Araşdırmalar İnstitutu (BAİ) araşdırma aparıb. Tədqiqat Dövlət Statisika Komitəsinin rəsmi məlumatına və rəqəmlərinə istinadən aparılıb.
 
Ölkəmizdə son 30 ildə hər 1000 nəfərə düşən doğum göstəricisi 2 dəfə azalıb, ölüm sayı 24,6 faiz artıb, təbii artım, təxminən 4 dəfə azalıb.
 
1990-2020-ci illərdə Azərbaycanda əhalinin tәbii artım, doğum və ölüm səviyyəsinin statistikasını araşdıran zaman BAİ-yə məlum olub ki, 1955-ci ildən sonra demoqrafik baxımdan ən pis vəziyyət 2020-ci ildə qeydə alınıb. Ötən il hər min nəfərə düşən təbii artım 5,1 nəfər olmaqla son 75 ilin ən aşağı göstəricisidir. Hər 1000 nəfərə düşən doğulanların sayı 12,7 nəfər olmaqla son 76 ilin ən aşağı, ölənlərin sayı 7,6 nəfər olmaqla son 65 ilin ən yüksək göstəricisidir.
 
Rəsmi statistikaya görə, 2020-ci ildə doğulanların sayı 126571 nəfər, ölənlərin sayı 75647 nəfər olub, təbii artım 50924 nəfər təşkil edib.
 
Demoqrafik artımın azalmaya doğru getməsi cəmiyyətdə necə qarşılanır? Bunun səbəbləri barədə insanlar nə düşünürlər? Hazırda vətəndaşlar ailədə neçə uşağın olmasına üstünlük verirlər?
 
Ayna.az bu yöndə sosial şəbəkə istifadəçiləri arasında kiçik sorğu keçirib. Beləliklə:
 
Şükür Hüseynov: “Əgər valideynlər psixoloji və fiziki sağlam böyüdə biləcəksə, qayğı verə biləcəksə, çox uşaq da ola bilər”.
 
Ağa Dadaşzadə: “Ən azından, tək uşaq evdə darıxır, ümumiyyətlə inkşaf üçün hökmən adama dayaq, yoldaş lazımdır, təbii ki, tərbiyə yetərincə verilsə. Bundan başqa 2 uşağı dolandırmaq daha rahat olar. Düzdür, hazırda pandemiya ölkəni pis vəziyətdə qoyub, amma ümumi götürəndə olar. İndi elə zəmanədir ki, hər övladın öz tələbləri var. O üzdən 2 uşaq yaxşıdır”.
 
Yusif Məhəmmədoğlu: “Uşağın azlığı sosial çətinliklər səbəbindən olur əsasən. Mənim 3 övladım var. Əgər gəlirim və sair probləmim olmasa, övladın çoxluğunda bir problem görmürəm”.
 
Elnurə Abışova: “Bir uşaq. Çünki övladı təminatlı böyütmək lazımdır. Bürokratik əngəllər gənclərimizə yaxşı maaşlı işlərdə işləməyə mane olur. Uşaq irəli getmək üçün valideyn dəstəyini hiss etməlidir”.
 
Səbinə Yusif: “Çox uşaq yaxşıdır, ancaq bir şərtlə ki, uşağı uşaq kimi böyüdə biləsən. Uşaqlığı əlindən alınmış çoxuşaqlı ailələrə baxanda adam söz tapmır deməyə. Düzdür, gələcəyin əsgəri də, şəhidi də, qəhrəmanı da ehtiyac üzündən uşaqlığı əlindən alınmış həmin o oğullardan çıxır! Qısacası uşağın bütün təminatı olarsa, 3 uşaq yaxşıdır. Təminat azdırsa, 2 uşaq”.
 
Abdul Kərimxanov: “Cinsindən asılı olmayaraq, bir, maksimum iki uşaq. Çünki 4-5 uşaq eləyib "əşi özləri necəsə böyüyürlər də" düşüncəsinə qarşıyam. Həmçinin elə ailələr var ki, dalbadal qız uşaqları doğulur və inadla oğlan olmasını gözləyərək yenə övlad dünyaya gətirmək fikrindədirlər. Buna da qarşıyam, çünki ailədə cins ayrı-seçkiliyi formalaşmış olur. Əgər sən övlad sahibisənsə, onu hər şey ilə təmin etmək borcundur - istər oğlan uşağı olsun, istər qız. Azərbaycan reallıqlarını nəzərə alsaq, bu təminatı orta statistik ailə 1-2 uşağa verə bilər. Ona görə də maksimum iki uşağı ən optimal variant hesab edirəm”.
 
Elçin Bayramlı: “Normal ailə 3 uşaqdan başlayır. 1 və 2 uşaqlı ailələr azuşaqlı ailələr sayılır. Milli genefondu qorumaq, əhalinin azalmasının qarşısını almaq üçün minimum 3 uşaq ollmalıdır. İdeal ailə 4 uşaqlıdır. Lakin sosial problemlər və digər ölkələrdən fərqli olaraq uşaqpulu verilməməsi anormal ailə sisteminin yaranmasına gətirib çıxarır – qardaş-bacısız insanlar kütləsi yaranır”.
 
Vüsal Qarayev: “Əslində, artım normaldır ölkəmizdə. İndi məlum səbəblərdən hazırda ölüm sayında artım, doğumda azalma olması da təbiidir. Ümumilikdə “vəziyyət əladır” demək olar. Uşaq sayına gəldikdə, mənim üçün 2 uşaq idealdır”.
 
Rəhim İmranov: “Artım olması üçün hər ailədə 3 uşaq olmalıdır. Mən iki övlada (hətta 1 deyərdim) üstünlük verirəm. Tək mən yox, bütün dünya belə etsə, dünyadakı sürətli artımın qarşısı alınar. Həm də çox olub da, bütün ehtiyaclar üzrə yaxşı təmin etməməkdənsə, az olsun, hər şey ilə, ən əsası əla təhsillə təmin etmək daha yaxşıdır”.
 
Vüqar Quliyev: “Nə qədər ki, uşaqpulu verilməyəcək, əhali azalacaq. Artıq bir uşağa baxmaq çox çətindir, gəl iki uşaq olsun. Evli cütlüklər bir uşağa baxmaq üçün belə, çox şey fəda edirlər”.
 
Aybəniz Rəfiyeva: “Normal təhsil vermək üçün 1 uşaq. Mən Sovet uşağı oldum, pulsuz N qədər dərnəklərə getmişəm, idmanla məşğul olmuşam, musiqi məktəbinə ailəm, səhv etmirəmsə, aylıq 17-22 rubl ödəyirdi. İndiki şərtlərlə bütün bunları 2-3 uşaqlı ailə hələ 1 maaşla edə bilməz”.
 
Əzizə İsmayılova: “Neçəsinin bütün ehtiyaclarını ödəyə biləcəyinə, fərli təhsil verə biləcəyinə, hər çətinliyində dəstək olub layiqli vətəndaş kimi yetişdirə biləcəyinə əminsənsə, o qədər. Say xətrinə doğub tökmək ancaq rəqəmləri qəşəng göstərir, başqa heç nə”.
 
Səmra Kərimova: “Dövlət narahatdır? Onda uşaqpulu versin. Cavan ailələrə ev almağa şərait yaratsın. O ki, qaldı valideynlərə, onlar da baxa biləcəkləri qədər uşaq dünyaya gətirsinlər. Baxmayaraq 4 övladım var, çoxuşaqlı olmağın tərəfdarı deyiləm - əgər o uşaq səfalət içində böyüyəcəksə”.
 
Azər Musaoğlu: “Hazırda ölkədə millətin gələcəyi üçün maraqlı olan hökumət yoxdur. Dövlət maraqlı olmadıqda isə hazırkı nəticə yaranır”.
 
Nəzakət Məmmədova: “Ailədə ən azı 3 uşaq olmalıdır ki, əhali artımı baş versin. Çünki 2 uşaq ata və ananı əvəz edir, bu, artım deyil. Ən azı 3 uşaq olmalıdır”.
 
Ağa Salamov: “Azərbaycanda uşaqpulu adı gələndə məmurların başına daş düşür. Ona görə sosial problemləri nəzərə alsaq, 1 uşaq bəs edir. Qaldı ölüm məsələsinə, bunun birbaşa ekologiya və qidalar ilə əlaqəsi var və dünya miqyasında düşünülmüş siyasətdir ki, pensiya yaşına çatan az olsun”.
 
Nazlı Məmmədova: “Uşağın olması şərt deyil, onu insan kimi böyütmək şərtdir. Hansı dövlət üçün çox uşaq böyüdəsən? O dövlət uşağın qeydinə qalmırsa, ailə uşaqpulundan məhrumdursa. Sovet dövründə coxuşaqlı analara hörmət vardı, hər uşaq üçün dövlət uşaqpulu verirdi. İndi valideyn özünü zorla dolandırır, yalnız bir, ya da iki uşağa baxa bilər. Onu da bəzi ailələr yarıac-yarıtox, yarıçılpaq böyüdür”.
 
Səbinə Əlizadə: “Uşağın çox olması üçün normal iş, ev, şərait lazımdır. Bunlar yoxdursa, uşağa nə gələcək vermək olacaq?!”.
 
Ziyad Alisafi: “Kortəbii artımdansa, müəyyən müddət azalma, sonra isə stabillik lazımdır. Uşağı dünyaya gətirib sonra sürünməkdənsə, elə müəyyən müddət əziyyət çəkib, onu tam bir şəxsiyyət kimi yetişdirməyə gücün olandan sonra baxmaq olar bu məsələyə. Hə, bəziləri deyir "Ruzi Allahdan gəlir, uşaq olsun, düzələcək". Xeyr! Heç də belə deyil. Ailədə bir övlad olsun, amma tam bir şəxsiyyət kimi yetişsin, gözü orda-burda olan, hər şeyə tamarzı qalan birisi olmasın”.
 
Rütəb Rəvanova: “2 övladım var, Allah onları qorusun! Vəziyyəti göz önünə gətirəndə hərdən düşünürəm ki, nahaq ailə qurdum. Gələcəkdə vəziyyət bu gedişlə hara gedəcək? Uşaqların da haqqı vardı yaxşı, xoş günlər görməyə. Baş verən hadisələr, gələn soraqlar çox qorxudur, çox fikir edirəm”.
 
Asi Elik: “2övladım var. Və düşüncəmə görə, bəs edər. Yaşam şərtləri çox ağırdır. Uşağı təmin etmək olmur. Çox bahalıqdır”.
 
Vüsal Quluzadə: “Evin qiymətləri ilə maaşı müqayisə edin, başa düşəcəksiniz. Gənclərin çoxu ev probleminə görə evlənə bilmir”.
 
İloş İ-va: “Ayliq gəliri 1000-1500 AZN olan ailələrdə 1uşaq, 2000-3000 AZN olanlarda 2 uşaq olsa, yaxşı olar. Uşaqların istəklərini, öz istəklərimizi normal dərəcədə təmin edə bilmiriksə, onları dünyaya gətirib zülm-zillətlə böyüdüb özümüzə və onlara əziyyət verməyə haqqımız yoxdur”.
 
Lamiyə Qurbanova: “2 övladım var, amma normal yaşam standartı olsaydı, uşağımın gələcəyini mənimlə yanaşı dövlət də düşünsəydi, 3 övladım olsun istərdim. Amma hal-hazırda 2 uşaqdan artıq maddi-mənəvi yük qaldıracaq vəziyyətdə deyilik. Dövlət vətəndaşına dəstək olmalıdır, belə davam etsə, gələcək nəsillər 1 uşaqdan artıq uşaq doğmayacaq”.
 
Maya İmran Novruzova: “Biz ailədə 4 uşağıq. Amma özümüz yenicə doğulmuş oğlumuzla kifayətlənməyi düşünürük. Çünki bir insanı yetişdirmək (təhsili, tərbiyəsi, maddi xərcləri) çox çətindir və getdikcə daha da çətinləşir. Lakin təbii ki, çoxuşaqlı mühitin bəxş etdiyi xoşbəxtlik əvəzsizdir”.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10