Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

ASAN Xidmətin adam tutması – Ülvi Mehdiyevin foto qadağası hansı qanuna əsaslanır?


ASAN Xidmətin adam tutması –
Bu gün Sumqayıt ASAN Xidmətdə kobud qanun pozuntusu baş verib.

Bakupost.az saytının əməkdaşı xidmətdən yararlanarkən telefonla bir neçə foto çəkib.

Bundan sonra xidmətin mühafizəçiləri yaxınlaşaraq, həmin fotoları silməyi tələb ediblər və bunu xidmət əməkdaşlarının foto çəkilməsinin qadağan olunması ilə əsaslandırmağa çalışıblar.

Əməkdaşımız yalnız müştərilərin ümumi fotosunu çəkdiyini bildirsə də, onu xidmət rəisinin otağına aparıblar.

Xidmət rəisi də fotoların silinməsini tələb edib. Əməkdaşımız jurnalist vəsiqəsini göstərib və bu tələbin qanunsuz olduğunu söyləyib. Xanım xidmət rəhbəri bundan daha da qəzəblənərək, mühafizəçilərə tapşırıb ki, fotolar silinməyənə kimi jurnalisti otaqdan buraxmayın!

Bildirib ki, daxili qaydalara görə, heç bir halda ASAN-da foto çəkmək olmaz.

Jurnalist yarım saatdan çox mühafizəçinin otağında saxlanılıb və ondan fotoları silmək tələb edilib. Əks təqdirdə otaqdan çıxışın mümkün olmayacağı bildirilib.
Yalnız ASAN xidmətin Mətbuat Xidməti məsələyə qarışdıqdan sonra jurnalist sərbəst buraxılıb.


ASAN xidmətin mətbuat xidməti Elnur Niftəliyev bildirib ki, əksər dövlət qurumlarının xidmət apardığı ASAN-da kiminsə foto çəkməsi qadağandır.

Media üzrə ekspert Ələsgər Məmmədli isə bu “qaydanın” absurd, KİV haqqında qanuna həqarət olduğunu bildirib.

Ekspert Bakupost.az -a verdiyi açıqlamada deyib ki, çəkiliş aparılması qadağan olunan yerlər var:
“Amma vətəndaşlara xidmət göstərən idarələrdə, qurumlarda bunun qadağan edilməsi yolverilməzdir. Çünki burada çəkiliş aparılmasının ictimai əhəmiyyəti, xəbər dəyəri var. Orada ara məsafəsi qorunmur, həm də hüquqi baxımdan inzibati pozuntuya aparıb çıxarır - pandemiya qaydaları pozulur. Media təmsilçisi, və ya istənilən şəxs pandemiya yaxud digər qayda pozuntusunu icazə alıb çəkməməlidir ki! Qayda pozuntusunu harada gördün çəkməlisən və onu ictimailəşdirməlisən ki, bir daha o qayda pozulmasın.
Qadağanı yalnız qanun müəyyən edə bilər. Qanuna əsasən, məhdudlaşmış, girişi qadağan olunan, xüsusi hərbi obyektlərin foto-videosunun çəkilməsi yasaqlanır”.

Ekspert ASAN Xidmət rəhbərinin jurnalistə təzyiq göstərməsi və onun sərbəst hərəkətinə imkan verməməsinin daha ciddi qanun pozuntusu adlandırıb:

“Əgər etirazı qanunidirsə, məhkəməyə müraciət edib, tədbir görə bilər. O, hansı səlahiyyətlə media işçisini sərbəst hərəkətdən məhrum edir və otağa kilidləyir? Bu, hüquqi məsuliyyət yaradır. Jurnalist o qurumu məhkəməyə verə, onun qanunsuzluğundan yuxarı instansiyalara şikayət edə bilər”.

Qeyd edək ki, Sumqayıt ASAN Xidmətdə karantin qaydalarına əməl olunmadığı, ara məsafəsinin gözlənilmədiyini müşahidə edən əməkdaşımız gördüklərinin şəklini çəkib.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10