Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Siyasi liderlərin tarixə düşən zarafatları – Reyqan bir zarafatı ilə SSRİ-ni necə lərzəyə salıb?


Dünyanın bir çox ölkələri 1 aprel tarixini Gülüş günü kimi qeyd edirlər. Rəsmi bayram olmasa da 1 aprel tarixi insanlarda xoş ovqat yaradır və adətən bu tarixdə insanlar bir-biriləri ilə daha çox zarafat edirlər. Bir sözlə, zarafat etmək, gülmək üçün bu tarixi ən yaxşı bəhanələrdən biri saymaq olar.

Əslində, gülməyə (yersiz gülüşlər nəzərdə tutulmur) həmişə bəhanə tapmaq lazımdır. Çünki gülüş xoş əhval və ovqat yaratmaqla yanaşı, həm də sağlamlıq üçün lazımdır. Yaşadığımız gərginlikləri, oturaq həyat tərzimizi, yollardakı tıxaclardan tarıma çəkilən əsəblərimizi, pandemiya şəraitində özünə qapanmanı və bunun nəticəsində yaranan depressiyaları, digər bu kimi halları keçirdiyimiz dövrdə gülüş insan üçün daha vacibdir.

Belə ki, beş dəqiqəlik sağlam gülüş 30-40 dəqiqə tam istirahəti əvəz edir, gülmək insanı depressiyaya düşmək təhlükəsindən qoruyur, orqanizmin immun sistemini gücləndirir, gülüş zamanı artıq kalorilər sərf olunur ki, bu da kökəlmənin, xüsusilə də piylənmənin qarşısını alır və s.

Gülüşü yaradan mənbələrdən biri zarafatdır. Təbii ki, söhbət şit zarafatlardan getmir. İstər ailədə, istər iş yerində, istərsə də insanların bir-birinə pərçim olunduğu avtobuslarda kiçik bir zarafat gərgin və əsəbi mühiti xoş aura ilə əvəzləyə bilər. O cümlədən gərgin iş zamanı yorğunluğu çıxarmaq üçün zarafat ən yaxşı vasitələrdən biridir. Bu vasitədən ayrı-ayrı zamanlarda dünyanın ən tanınmış siyasi liderləri də istifadə ediblər. Amma bəzi hallarda birincilərin zarafatı böyük qalmaqala səbəb olub, hətta nüvə müharibəsinin başlanması təhlükəsini yaradıb.


ABŞ prezidentləri arasında Ronald Reyqan güclü yumor hissinə malik siyasətçi kimi tanınıb. O, xüsusilə SSRİ haqqında olan lətifələrin hədsiz həvəskarı olub və sovet liderləri ilə görüşəndə bu lətifələri danışmaqdan zövq alıb.

Hətta Mixail Qorbaçovla görüşündə çəkinmədən ona həmin lətifələrdən birini həvəslə söyləyib:
“Moskvanın mağazalarında alkoqollu içikilərə növbə günü-gündən uzanıb. Növbəsinə az qalmış bir kişi növbədən çıxanda hamı ona təəccüblə baxıb, saatlarla növbə gözləyib araq almadan getməyinin səbəbini ondan soruşanda o, əsəbi halda cavab verib:
“Belə yaşayış olmaz, gedib Qorbaçovu öldürəcəm”.

Çox keçməmiş əsəbi kişi geri qayıdıb. Növbədəkilər ondan məsələnin nə yerdə qaldığını soruşublar, o isə belə cavab verib:
“Qorbaçovu öldürmək istəyənlərin növbəsi araq növbəsindən də uzundur...”

Zamanı yetişəndə Qorbaçov da Reyqana lətifə borcunu qaytarıb:
“Amerikalı ilə sovet vətəndaşı yol gedərək söhbət edirlər. Mövzuları siyasətdən olur. Amerikalı deyir:
“SSRİ-də demokratiya yoxdur. Məsələn, Amerikada Ağ Evin qarşısında Reyqana söyəndə həmin şəxsə heç kim dəymir”.

SSRİ vətəndaşının cavabı tutarlı olur:
“Bizdə bu məsələ daha yaxşıdır. Kremlin qarşısında Reyqana söyənlərə nəinki dəymirlər, hətta mükafat da verirlər...”


Reyqanın növbəti zarafatı isə SSRİ-nin Silahlı Qüvvələrini tam döyüş hazırlığı vəziyyətinə gətirib. Belə ki, 11 avqust 1984-cü ildə Reyqan radio vasitəsi ilə növbəti ənənəvi müraciətinə hazırlaşıb. Onun bu müraciəti dini qruplara daxil olan şagirdlərin digər şagirdlər kimi dövlət məktəblərinə getmək hüququ haqqında imzaladığı sərəncamla bağlı olub. Mikrafonların hələ qoşulmadığını zənn edən Reyqan zarafatla edəcəyi nitqi səsləndirməyə başlayıb:
“Mənim həmvətənlərim, bu gün sizə böyük sevinc hissi ilə məlumat vermək istəyirəm ki, imzaladığım sərəncamla Rusiyanın əbədi olaraq qanunsuz dövlət olduğunu elan etmişəm. 5 dəqiqədən sonra Rusiyanın (o, SSRİ yox, məhz Rusiyanın adını çəkib) bombalanmasına başlanılacaq”.

Mikrafonlar açıq olub, Reyqanın bu müraciəti efirdə səslənib. Saniyələr ərzində Reyqanın müraciəti Kremlə çatdırılıb. SİTA dərhal SSRİ rəsmilərinin bəyanatını yayıb, SSRİ Silahlı Qüvvələri tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Yalnız səfirliklər vasitəsilə məsələyə aydınlıq gətirildikdən sonra Kreml sakitləşib.


Sovet liderləri arasında Nikita Xruşşov senzuradan kənar zarafatları ilə daha çox yadda qalıb. Onun publika qarşısında Almaniya (AFR) kansleri Konrad Adenauer haqqında dediyi yarızarafat, yarıciddi fikirləri təkcə qalmaqala yox, həm də “beynəlxalq gülüşə” səbəb olub:

“Biz heç vaxt Adenaueri Almaniyanın rəsmisi kimi qəbul etməyəcəyik. Əgər onun şalvarını çıxarıb arxasına baxsaq, görəcəyik ki, Almaniya iki yerə bölünüb. Əgər qarşı tərəfdən baxsaq, şahidi olacağıq ki, Almaniya heç vaxt qalxmayacaq...”


Xruşşovun digər bir zarafatı isə ABŞ-SSRİ münasibətlərinə növbəti “töhfə”ni verib: ABŞ-ın 38-ci vitse-prezidenti Xamfri Xyubert hələ senator olduğu dövrdə SSRİ-yə səfər edəndə Xruşşovla görüşü keçirilib. Xruşşovun amerikalı siyasətçiyə simpatiyası yaranıb. Görüş zamanı sovet lideri Xyubertdən hansı ştatdan olduğunu soruşub. Senator Cənubi Dakota ştatında anadan olduğunu bildirib. Xruşşov xəritənin qarşısına keçərək, həmin ştatı qırmızı karandaşla dairəyə alıb. Xyubert bunun səbəbini soruşanda Xruşşov gülə-gülə cavab verib:

“Amerikanı bombalayanda bu ştatı nəzərə alacağam ki, ora ziyan dəyməsin. Siz yaxşı amerikalısınız”.
Zarafat etmək, yumor hissi digər sovet liderlərində də güclü olub. Stalin özü gülmədən zarafat edib, Brejnev isə əksinə, əvvəlcə özü gülüb, sonra ətrafdakıları güldürməyə çalışıb. Sərt xarakterli Yuri Andropov da arada zarafat edərək siyasi gərginlikləri aradan qaldırıb. Konstantin Çernenko SSRİ-nin yeganə baş katibi olub ki, onu heç vaxt zarafat edən görməyiblər.

Arzu edək ki, bütün gülüşlər saf, sülhə və mehriban münasibətlərə xidmət etsin.

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10