Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Qəzada qıçım iki yerdən sınıb, amma rəhbərlik mənlə maraqlanmır...”-“Cəlilabad Broyler”in sürücüsü...


“Cəlilabad Broyler” ASC-nin sürücüsü, Cəlilabad sakini Rafiq Qasımov martın 17-də ağır qəzaya düşüb.  R.Qasımov Moderator.az-ın redaksiyasına şikayət edərək bildirib ki, onun qəzaya düşməsinə səbəb yorğun olması və sükan arxasında yuxlaması olub:
 
“Cəlilabad Broyler” ASC-də üç gün idi ki, sürücü kimi işə düzəlmişdim. Amma mənimlə heç bir əmək müqaviləsi bağlanmamışdı. Rəhbərliklə 450 manat maaşa razılaşmışdıq. Mən martın 16-da axşam saatlarında Cəlilabaddan Xaçmaz rayonuna cücə aparıb təhvil verib geri qayıtdım. Cəlilabada qayıdandan sonra rəhbərlik dedi ki, növbəti reysini də et. Onda mən dedim ki, yorğunam, yatmamışam, maşını sürə bilməyəcəm. Mənə bildirdilər ki, reysə çıx əgər yolda yuxun gəlsə, maşını saxlayıb yatarsan. Amma mən həm də üç saat ərzində cücələri Xaçmaza çatdırmalıydım. Bu da rəhbərliyin göstərişi idi”.  
 
R.Qasımov deyir ki, o, Biləcəri qəsəbəsi ərazisində sükan arxasında yuxuladığı üçün idrəetməni itirib və “Kamaz” aşaraq körpüdən aşağı düşüb:
 
“Səhər saatlarında Biləcəri qəsəbəsi ərazisindən keçərkən Bakı dairəvi 1 yolunun, Bakı-Quba Rusiyayla dövlət sərhəddi yoluna birləşən hissəsində sükan arxasında bir də gözlərimi açanda gördüm ki, maşın körpüdən aşdı. Onda bildim ki, yorğun olduğum üçün sükan arxasında yuxlamışam və avtomobil idarəetməmdən çıxaraq körpüdən aşağı düşdü. Hadisə nəticəsində sağ ayağım iki yerdə sındı, kəllə-beyin travması aldım. Ağır vəziyyətdə məni 3 saylı Şəhər Klinik Xəstəxanasına (Sabunçu) çatdırdılar”.
 
Sürücü bildirib ki, o xəstəxanaya yerləşdirildikdən sonra rəhbərlik onunla maraqlanmayıb və həkimlər də onu pulu olmadığı üçün müalicə etməyiblər:
 
“13 gün ağır vəziyyətdə xəstəxanada yatdım. Amma bu günlər ərzində bir dəfə rəhbərlik mənə baş çəkmədi. Pulum olmadığı üçün həkimlər də məni müalicə etmək istəmədi. Buna görə könüllü olaraq ərizə yazıb xəstəxanadan çıxdım. İndi də evimdə ağır vəziyyətdə yatıram. Mənə heç qəza zamanı protokol belə yazmadılar. Himayəmdə iki uşağım var, evdən tək işləyən mən idim. İndi belə ağır vəziyyətdə qalmışam. Xahiş edirəm mənə köməklik göstərsinlər”.
 
Qeyd edək ki, biz qarşı tərəfin fikrini öyrənmək üçün şikayətçinin şirkətin vəkili kimi təqdim etdiyi şəxsin mobil nömrəsi ilə əlaqə saxladıq. Həmin şəxs isə bizə “Cəlilabad Broyler” ASC-dəki işindən çıxdığını bildirdi. Biz yenə də qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
 









Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10