Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Şəhər nümayəndəliyi”nin keçmiş binasını sökən kimdir, alan kimdir, şikayət edən kim?


Son günlər Masallı şəhərinin mərkəzində, “Xan” Şadlıq sarayı ilə üzbəüz ərazidə yerləşən, bundan əvvəl rayon maliyyə şöbəsinin və İHB-nin Masallı Şəhəri üzrə nümayəndəliyinin binası olan tikili sökülür.

Binanın sökülməsindən narazı qalan Masallı şəhər sakini Əhəd Əhədov isə aramsız olaraq yuxarı təşkilatlara şikayət edir ki,  dövlət torpağında tikilmiş və dövlətə məxsus binanın sökülməsi və satılması qanunsuzdur. Həmçinin iddia edir ki, bina onun babası Əhəd Nadir oğluna  məxsusdur. Dəfələrlə sənədləşdirilmək istəsə də, müvafiq təskilatlar buna razılıq verməyib. Əlində bir neçə imzalı izahatlar da var. Yəni bir neçə ağsaqqal izahat verib ki, bu torpaq onun babası Əhəd Nadir oğluna məxsus olub. Eləcə də əlində bir sıra təşkilatlara ünvanlandığı məktublar var.

Biz məsələyə aydınlıq gətirmək üçün əks tərəfin ağsaqqalı Hacı Abı Nadirovla görüşdük. O bildirdi ki, bu ərazi onun yox, mənim babamın Mənəf Nadir oğlunun mülkü olub və bu mülkün babama məxsus olması məhkəmə qərarı ilə öz əksini tapıb. Bundan sonra bina Dövlət Əmlak komitəsinin sərəncamına verilib, daha sonra da hərraca çıxarılıb. Hərracda bu binanı mənim yeznəm Laçın Sadıqzadə alıb. Yəni hər şey qanuni yolla həll edilib.

Qaldı ki, bu işdən şikayətçi olan Əhəd Əhədova o da özgəsi deyil, əmi uşağıdır. Bizdən hara şikayət edir etsin, hansı quruma, hansı sayta narazılığını bildirir, bildirsin. Biz ondan heç bir yerə şikayət edən deyilik, heç bir məhkəmə iddiası da qaldıran deyilik. Nə etmişiksə, qanuni yolla etmişik.

Əhəd Əhədov isə bildirir ki, həmin bina ilə bağlı A.Nadirovun qaldırdığı iddia, yəni binanın onun babasına məxsus olması ilə bağlı iddiaya 2008, 14 may tarixdə Azərbaycan Ali Məhkəməsinin iclasında baxılmış və onun iddiası ləğv edilmişdir. Ə. Əhədov onu da bildirir ki, əlimdə arxiv sənədləri var ki, bu ərazidə mənim babamın torpağı müsadirə edilmişdir.

Ə. Əhədov sonda onu da bildirdi ki,  mən bu işdən təkcə babamın mülki olduğu üçün yox, dövlət əmlakının qanunsuz satıldığı üçün şikayətçiyəm.

Ümumiyyətlə, bu işdə mübahisəli məqamlar çoxdur və mən məhkəməyə müraciət edib olaya aydınlıq gətirəcəyəm.

Biz mətbuat qurumu olaraq məsələyə aydınlıq gətirmək üçün Masallı İcra hakimiyyətinin "Tikinti və memarlıq" şöbəsinin müdiri Abbas Mikayılovla da əlaqə saxladıq. O bildirdi ki, Ə. Əhədovun şikayətləri bizə də daxil olub. Əməkdaşlarımız tərəfindən araşdırılır. Araşdırma başa çatandan sonra yəqin ki, sizi də, şikayətçini də məlumatlandıracağıq.

Xüsusi qeyd: Cenub.az saytı olaraq bu olayla bağlı maraqlı tərəflərdən hər birinin mövqeyinə yer ayırmağa hazırıq və arzu edirik ki, qohumlar arasında mübahisə sülhlə həll olunacaq.

Cenub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10