Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ərini öldürmüş qadının qayınatası hakimdən gəlinini buraxmasını xahiş etdi


İnsan kimi davrananların olduğu, insanın insan kimi qəbul edildiyi yerlərdə ayrıca qadın hüquqlarının müdafiəsinə ehtiyac qalmır. Qadın da, kişi də insandır və insana qarşı zorakılıqdan, insanın haqqının pozulmasından söhbət gedir...Kişinin qadını döyməsi, öldürməsi, azadlıqlarını məhdudlaşdırması və başqa əməllərinə qarşı olduğumuz qədər qadının da boşanma məqamında kişiyə böhtan atması, ona pul dağarcığı kimi baxması və s. yanlışlarını deməliyik. İddia oluna bilər ki, qadınlara münasibətdə belə hallar daha çoxdur. Amma pis hərəkətlərdə say nisbəti birtərəfli davranışa əsas ola bilməz...

Bir kişinin qadını uşaqlarla birlikdə tək qoyub, övladlarına görə aliment ödəməməsi nadürüst hərəkətdir. Təəssüf ki, bu cür nümunələr çoxdur. Amma bir qadının da eyni cür davranışı pislənməlidir...

Azərbaycanda məhkəmələr də bu cür məsələlərdə ayrı-seçkilik edir. Məsələn, aylıq 300 manat gəliri olan ataya iki uşağa görə 350 manat aliment kəsilir, bu məbləği ödəməyə məcbur edilir. Amma rayonda uşaqları ərin və ailəsinin üstünə atıb, Bakıya başqa bir kişi ilə yaşamağa gələn qadına hər uşağa görə cəmi 40 manat aliment müəyyənləşdirilir. Niyə?..
Yaxud da qadın ərinə onun çox yaxın qohumu ilə xəyanət edir. Bundan xəbər tutan hərbçi ər boşanmaq qərarı verir və uşağın onun himayəsində qalmasını istəyir. İddia edir ki, bu cür əxlaqa sahib qadının uşağa yaxşı tərbiyə verəcəyinə inanmır. Amma məhkəmə uşağın anada qalmasına qərar verir...

Həyat yoldaşını öldürmüş qadın da görmüşəm. Qayınatası məhkəməyə gəlib, zərərçəkmişin hüquqi varisi statusunda ifadə verəndə hakimdən xahiş etdi ki, gəlini həbsdən buraxsınlar. Dedi ki, oğlum gəlini bu həddə çatdırıb, onun təqsiri yoxdur, həyatı ona zəhər eləmişdi. Məhkəmənin hökmüylə qadın həbsdən buraxıldı...


Kişilər də, qadınlar da bir olmur...

P.S. Jurnalistika adama həm də bir tərəfin dedikləri əsasında nəticə çıxarmamağı, qarşı tərəfi “asıb-kəsməməyi” öyrədir. Yazdığım nümunələr də konkret faktlar, məhkəmə predmeti olmuş hadisələrdir.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10