60 yaşında ilk kitabı çıxan yubilyarı - “gənc yazarı” masallılılar necə
qarşıladı?
qarşıladı?
Kitab müzakirələrinin, yaradıcılıq gecələrinin regionlarda unudulduğu günlərimizdə Masallı daha bir maraqlı tədbirə imza atdı. Respublikamızın dəyərli ziyalılarından sayılan, müstəqillik dövründə mətbuatımızın inkişafında özünəməxsus imzası olan Elçin Şıxlinski ilə Masallıda olduqca yaddaqalan və unudulmaz bir görüş keçirildi.
Görüşə Masallıdakı “Cənub” Kitab Evindən start verilib.
Burada rayon ziyalılarının iştirakı ilə Elçin Şıxlinskinin “Sükutdan sitat” kitabının təqdimatı keçirilib.
Bəlli olub ki, görkəmli yazıçı İsmayıl Şıxlının ailəsində böyüsə də, uzun illər yaradıcılıqla məşğul olsa da, bir neçə dildə publisistik yazılar, hekayələr yazsa da, bir müddət Mətbuat Evinə rəhbərlik etsə də, 60 yaşına qədər Elçin Şıxlınskinin bir kitabı da çap olunmayıb.
Elçin müəllimi 60 yaşı münasibəti ilə təbrik edən ziyalılara “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevin təqdimatından bəlli oldu ki, “gənc yazarın” ilk - “Sükutdan sitat” kitabını onun özündən xəbərsiz dostları - Arif Əliyev, Rafiq İsmayılov və Qulu Məhərrəmli çap edib.
Kitaba Elçin müəllimin “Ayna-Zerkalo” nun bağlanmasından öncə və sonra çap olunmuş yazıları toplanıb.
“Cənub” Kitab Evində keçirilən tədbirdə rayon ziyalılarından Vidadi Nəzərov, Qardaş Fətullayev, Əlipaşa Rəhimov, Səfayil Eyvazov, Zahir Əmənov və başqaları çıxış edib, müəllifə suallar ünvanlamaqla yanaşı, onun atası İsmayıl Şıxlı ilə bağlı xatirələri paylaşıblar.
Sonda müəllifin imzası ilə iştirakçılara onun ilk kitabı hədiyyə edilib.
Tədbir daha sonra Masallı şəhər 1 saylı tam orta məktəbində daha geniş şəkildə davam edib. 50-dən artıq kitab həvəskarının toplandığı tədbirdə öncə “Cənub xəbərləri” qəzetinin redaktoru Zahir Əmənov, Respublikanın Əməkdar müəllimi Mirqabil Hüseynov çıxış edib, aşağı sinif şagirdləri publisist yazıçını gül dəstələri və təbrik şeirləri ilə salamlayıblar.
“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev Elçin Şıxlinskinin həyat yolundan, yaradıcılıq fəaliyyətindən söz açıb. Xatırlanıb ki, Elçin müəllim Xarici Dillər İnstitutunun ingilis və alman dili fakültəsini bitirib. Gənclik illərində respublika mətbuatında bir sıra yazıları və tərcümələri çap olunub.
1990-cı ildən “Ayna-Zerkalo” qəzetlərinin yaradıcılarından və rəhbərlərindən olub.
E. Şıxlinski Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Zərdabi” və “Ali Media” mükafatlarının laureatı. Respublikanın Əməkdar Jurnalistidir. 2006-cı ildən Azərbaycan Jurnalistlər Birliyinin sədridir.
Məktəbdə keçirilən tədbir ardı-arası kəsilməyən maraqlı suallarla yadda qaldı. Tədbir iştirakçıları Elçin müəllimi əməlli-başlı tərpətdilər.
Tədbirdə maraqlı çıxışı ilə yadda qalan Elçin müəllim sonda iştirakçılara avtoqrafı ilə kitabını bağışladı, eləcə də belə məhəbbətlə, ehtiramla qarşılandığı üçün təşkilatçılar və iştirakçılara təşəkkürün bildirdi.
Aynur