Aydın Əliyev: “Bütün xəstəliklərə öncə şüurumuzda qalib gəlməliyik”
Hər fəslin öz gözəlliyi ilə yanaşı xəstəlikləri də var. Demək olar ki, hər mövsümdə müşahidə olunan hallar var: “Başım ağrıyır, yəqin havandır”, “Məni bu hava vurur”, “Belə havalarda tez-tez qrip oluram”, “Mövsümi xəstəlikdir, 2 günə keçər” və s.
Bəzən bu cür durumları ciddiyə almasaq da, mövsümi xəstəliklər ciddi, qalıcı problemlərə səbəb ola bilir. Hazırda isə bütün dünyanın koronavirusla mübarizə apardığı ərəfədə mövsümi xəstəliklər daha təhlükəli hesab edilir. İmmun sistemin zəifləməsi koronavirusa yoluxma, yaxud prosesi daha ağır keçirmə kimi hallara səbəb ola bilər.
Mövsümi xəstəliklərin yarada biləcəyi fəsadlar ətrafında Azərbaycan Tibb Universitetinin dosenti, həkim farmakoloq Aydın Əliyevlə həmsöhbət olunub.
- Doktor, yenicə qədəm qoyduğumuz mövsümün bilinən xəstəlikləri nələrdir?
- Mövsümi xəstəliklər adətən kəskin tənəffüs çatışmazlığı kimi müşahidə edilir. Bu da qriplə qarışdırılır və qrip adından daha çox danışılır. Təbii ki, mövsümi xəstəliklərdə qrip də istisna olunmur, amma burun-boğaz xəstəlikləri, tənəfüs çatışmazlığı, qan xəstəlikləri, ürək-damar xəstəlikləri olan insanlar, infeksiya xəstəlikləri olanlar mövsümi xəstəliklərə daha tez yoluxurlar. Maddələr mübadiləsinin pozğunluğu da bu mövsümdə daha çox üzə çıxır. Çünki insanların bədənində, ümumiyyətlə, qış aylarında zəifləmə olur. Bu zəifləmələrin, həm də havada gedən dəyişikliklərin nəticəsində dediyimiz mövsümi xəstəliklər üzə çıxır.
Ümumiyyətlə, insan xəstəlikləri genetik, irsi və qazanılma olur. Yəni bir halda nəsildən, kökdən yaranan irsi xəxstəliklər, digər halda isə sonradan yaranan və qazanılma olan xəstəliklərdir. Burada iki məsələyə toxunmaq lazımdır: insanın psixi dünyasına və mədə-bağırsaq sisteminə. İnsanın psixi dünyası təmiz olmalıdır. Yəni müxtəlif səbəbli gərginlikləri insan özü psixoloji dünyasında həll etməyə çalışmalıdır. Xüsusən də yaranmış gərginlikləri insan özü həll edəndə beyni də rahatlamış, dincəlmiş olur. Kənardan hər hansı bir müdaxilə ilə də problem həll olunarsa, yenə də beyində rahatlama müşahidə edilir. Lakin həmin problemlər həll olunmadıqda insan beynində müxtəlif narahatlıqlar yaranır. Beyində mənfi yüklər, enerjilər artır, əhval-ruhiyyə düşür. İnsanın isə dünya görüşü, əhval-ruhiyyəsi onun davranışına çox təsir göstərir. Bizi beyin, mərkəzi sinir sistemi idarə edir.
- Mövsümi xəstəliklərdən necə qorunmaq olar?
- Artıq cəmiyyətin bir çox üzvləri də bilir ki, immun sistemin 70-80-%-i mədə-bağırsaq sisteminin düzgün işləməsindən və qəbul olunmuş qidaların təmizliyindən asılıdır. Belə deyim var ki, insan nə yeyirsə, odur. Ona görə də bizim qidalanmamız düzgün olmalıdır. Mən hər dəfə vurğulayıram ki, yerli qidalara üstünlük vermək lazımdır, hətta özümüz istehsal etməyə başlamalıyıq. Çünki bizim mədə-bağırsaq sistemimiz bu havaya, suya uyğundur. Başqa qidalar qəbul etdikdə daha çox xəstələnmə riskimiz olur. Təbii, yerli qidalara üstünlük versək, immun sistemimiz güclü olar, hər mövsüm xəstələnmərik.
Maraqlı bir misal çəkmək istəyirəm. Qarabağ müharibəsindəki qalibiyyətimiz zamanı, fikir verdinizsə, ictimai düşüncədə nə qədər pozitiv əhval-ruhiyə yarandı. Həmin ərəfədə bəlkə də, evlərdə, ailələrdə olan problemlərin də üstündən keçdik ki, müharibədə qalib gəlmişiksə, bu xırda məsələləri də həll edə bilərik. İnsan dünyası hər şeyə qarşı həssasdır. Bizim mövsümi xəstəliklərə qalib gəlməyimizin, qorunmağımızın birinci yolu insanın psixi dünyasından keçir. İnsan psixoloji dünyasında və mədə-bağırsaq sistemində olan problemləri həll etsə, mövsümi xəstəliklərdən də yan keçər. Doğrudur, demək olar ki, hər xəstəliyin dərmanı var, tövsiyə edilir ki, filan dərmanı istifadə edin və sair. Lakin bundan öncə xəstəliyə şüurumuzda qalib gəlməliyik.
- Bəzən mövsümi xəstəliklər koronavirusla səhv salınır. Buna əsas səbəb nədir? Hansı simptomlar eynilik təşkil edir?
- Təbii ki, koronavirus haqqında hazırda da, yayılmağa başlayanda da həkimlərimiz, alimlərimiz çox danışıb, çox məlumat veriblər. Mövsümi xəstəliklərlə koronavirusun oxşar halları olur. Qızdırma, qrip, halsızlıq bir çox mövsümi xəstəliklərin simptomları ilə səhv salınır deyə bəzən cəmiyyətdə koronavirusla eyniləşdirilir. Lakin həkimlər diaqnozu analizlər vasitəsi ilə qoyurlar. Həmin analizlər vasitəsilə dəqiqləşdirmək olur ki, bu şəxs koronavirusdur, yoxsa digər xəstəliklərdən hansısa birinə yoluxub. Bizim cəmiyyətdə insanlar bəzən lotereya prinsipi ilə yaşayırlar: məndə xəstəlik olar, ya olmaz. Bundan uzaq durmaq, hansısa bir simptomu hiss edən kimi mütləq yoxlanmaq lazımdır.
- Mövsümi xəstəliklər daimi xəstəliyə çevrilə bilərmi?
- Təbii ki, tənəffüs çatışmazlığı, qan xəstəlikləri, maddələr mübadiləsi insanlarda zəifdirsə, davamlı olaraq bu xəstəliklər təkrarlandıqda mövsümi xəstəliklər qalıcı xəstəliklərə çevrilə bilir. Mən deyərdim ki, fəsillərimiz müəyyən xəstəliklərin məlum olması üçün diaqnoz rolunu oynayır. Hər fəslin qidası, havası, geyimi fərqlidir. Biz fəsillərə uyğun yaşamımızı tənzimləyə bilsək, həm sağlam olarıq, həm də xəstəliklər azalar. Bütün hallarda ailədə, cəmiyyətdə müsbət emosiyalarla yaşamağı bacarmaq lazımdır.
ayna.az