Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Kremlin mahir ovçuları: Lenin, Stalin, Xruşov, Brejnev – Sonuncunun tüfənginin qarşısına hazır qaban itələyirmişlər


“Ov ovlayıb, quş quşlamaq” insanların ən qədim məşğuliyyətlərindən biridir. Bu məşğuliyyət kimlərəsə sakitlik gətirir, kimlərsə ov edərkən əldə edəcəyi qəniməti düşünür, bir qism insanlar üçün isə ov hobbidir, şakərdir.
Statistik göstəricilərə nəzər salsaq, dünyada ovçuluğa meyl salanların sayı hər il artır. Yəqin ki, bu, texnologiyaların inkişafı sayəsində yaranan oturaq həyat tərzindən irəli gəlir, saatlarla monitorlar qarşısında əyləşən insanların təbiətə böyük ehtiyacı yaranır.
Sıravi insanlar kimi dövlət başçılarının da ova marağı həmişə böyük olub. Birincilər siyasi gərginliklərini, kabinet yorğunluğunu təbiət qoynunda, məhz ov etməklə çıxarmağa üstünlük veriblər. Sovet liderləri isə bu məsələdə xarici həmkarlarından daha fəal olublar.
Vladimir İliç Lenin hədsiz dərəcədə ov həvəskarı olub. Dövrünün mürəkkəb ictimai-siyasi vəziyyətinə baxmayaraq, proletarların rəhbəri məhdud olan vaxtından ov etmək üçün həmişə zaman ayırıb. Lenin Kremldəki mənzilində yaşayanda Moskva ətrafınadakı meşələrdə ov edib. Onun ova çıxdığı vaxtlar qaldığı Tver vilayətinin Şoşa kəndindəki daxması bu gün də olduğu kimi saxlanılır.
e3d0dd03824b0a6e8af68b56a39f7db5.jpg (166 KB)
Lenindən fərqli olaraq Stalin ov həvəskarı olmayıb. Onun ov etməyə meyl göstərməsi ehtiyacdan yaranıb. 1913-cü ildə Stalin Turuxan əyalətinə sürgün ediləndə Kureyka kəndində yaşayıb. Sürgündə olan şəxs kimi o, hər ay 15 rubl yemək pulu alıb ki, bu məbləğ də onun qida ehtiyaclarını ödəməyib. Stalin öz ehtiyaclarını ödəmək üçün ilboyu ovla məşğul olub. Düzdür, onun silah gəzdirmək hüququ olmayıb. Amma bu məsələdə kənd sakinləri Stalinə kömək ediblər. Həmin illərin şahidlərindən biri, kənd sakini Taraseyeva sonralar bu haqda fikirlərini belə bölüşüb:
33771548.jpg (99 KB)
“Stalinin silahı yox idi. Kənd sakinləri öz silahlarını meşədə gizlədib yerini ona deyirdilər. O, çox vaxt təkbaşına ov edirdi. Əldə etdiyi qənimətləri alverçilərə satıb puluna çörək, qənd, papiros, yanacaq alırdı. Artıq pulu qalanda kənd adamlarına da kömək edirdi...”
Hakimiyyətə gəldikdən sonra da Stalin ova çıxmağa böyük maraq göstərməyib. Silahdaşlarının hamısı, xüsusilə də Kliment Voroşilov, Semyon Budyonnı ov həvəskarları olsa da, o, nadir hallarda bu dəstəyə qoşulub.
819138.jpg (102 KB)
Nikita Xruşovun hakimiyyətə gəlişi ilə Kremldə məmurların kütləvi ov şakəri yaranıb. Xruşov əsasən Zavidovoda yaradılmış hərbi ovçuluq təssərüfatında ov edib. Ov zamanı onu əldə edilən qənimət maraqlandırmayıb. Xruşov ov edərkən də “mənəm”liyini sübut etməyə çalışıb.
DTK-nın 9-cu idarəsinin rəisi general Nikolay Zaxarov Xruşovun ov “əyləncə”lərindən birini belə xatırlayıb:
“1959-cu ilin qış günlərinin birində Xruşov və Siyasi Büronun üzvləri ova çıxmışdılar. Hamı öz mövqeyini seçmişdi. Qarşı tərəfdə xüsusi adamlar səs-küy salaraq qabanların çıxmasını təmin edirdilər. Məqam yetişdi, qabanlar qaçmağa başladı və eyni zamanda iki atəş səsi eşidildi. Qoruqçu uzaqdan qışqıraraq bildirdi ki, qaban öldürülüb. Hamı vurulmuş qabanın ətrafına toplaşdı. Birinci Kirilenko (Kirilenko sonralar uzun illər Mərkəzi Komitənin katibi olub) dilləndi:
011ad83r_thumb[5].jpg (123 KB)
 
- Gördünüz, onu necə böyrü üstə yıxdım.
Xruşov dözmədi:
- Çərənləmə, onu mən vurdum. Sən məndən sonra atəş açdın.
Kirilenko inadından dönmədi:
- O mənim qənimətimdir, qaban birinci mənim qarşımdan keçdi.
Bu inaddan sonra Xruşov səsinin tonunu daha da qaldırdı:
- Sən onu necə vura bilərdin, o əvvəlcə mənim qarşımdan keçdi. Onsuz da səninlə mübahisə etmək mənasız bir işdir.
Mübahisəyə qoruqçu müdaxilə edərək bildirdi ki, qaban iki yerdən, qulaq nayihəsindən və kürəyindən vurulub. Bu aydınlığa baxmayaraq
Kirilenko yenidən narazılığını bildirdi:
- Lənət olsun sizə, yaltaqlar.
- Kəs səsini, bəsdir qışqırdın - deyə Xruşov ətrafdakıları içkiyə dəvət etdi. Sonra üzünü yenidən Kirilenkoya tutdu:
- Yoldaş Kirilenko, mən sizinlə heç vaxt kəşfiyyata getmərəm.
Bir qədəh içdikdən sonra Xruşov heç kimlə sağollaşmadan Moskvaya qayıtdı...”
Xruşov SSRİ-yə rəsmi səfərə gələn dövlət başçılarını da ova aparıb. Hətta xarici dövlət başçılarının səfər çərçivəsində asudə vaxt bölgüsündə ova getmək rəsmi sənədlərdə öz əksini tapıb. Qonaqlar arasında İosip Broz Tito və Fidel Kastro ov əyləncəsindən daha çox razı qalıblar.
ox_xrushev.jpg (122 KB)
 
Kreml məmurlarının ov ənənəsi Leonid İliç Brejnevin hakimiyyəti illərində daha geniş vüsət alıb. Daha dəqiq ifadə etsək, ova həvəsi olmayan Siyasi Büro üzvləri də məcburi ovçulara çevriliblər. Yeganə məmur Mərkəzi Komitənin katibi Mixail Suslov olub ki, Brejnevin ov tədbirlərindən yayına bilib. Amma buna baxmayaraq, baş katib qənimət bölgüsündə Suslova daha çox pay ayırıb və bunu belə əsaslandırıb:
“Mixail Andreyeviç ölkə üçün ən vacib sahəni kurasiya edir. İdeologiya ən güclü silahdır. Buna görə də qənimətlərin ən yaxşı hissəsi Suslov üçün ayrılmalıdır...”
Brejnevin ov şakəri ona baha başa gəlib. Baş katibin mühafizə rəisi öz xatirələrində bu haqda yazıb:
1319914071 (1).jpg (109 KB)
“Leonid İliçin 90-a yaxın ov silahı var idi. Hamı onun ov həvəsini bildiyindən ad günlərində, əlamətdar tarixlərdə ona silah hədiyyə edirdilər. Brejnev ovsuz yaşaya bilmirdi. Ömrünün son aylarında, xəstə olanda da ova gedirdi. Həmin ərəfədə biz əvvəlcədən tutulmuş qabanları onun qarşısına buraxırdıq ki, o, öz “əyləncəsindən” narazı qalmasın. Ov zamanı Brejnev bir neçə dəfə çətin vəziyyətə də düşüb. 70-ci illərin sonlarında o, silahı yaxşı tuta bilmirdi. Bir dəfə atəş açarkən qolunun zəifliyindən silahı möhkəm tuta bilməmişdi və tətiyi çəkəndən sonra tüfəngin arxa hissəsi onun üz-gözünü dağıtmışdı. Digər bir ov zamanı maşından atəş açanda yenə də silahı boş saxladığından qaş nayihəəsi pis vəziyyətə düşmüşüdü. Bu həmin ərəfə idi ki, o, bir neçə gündən sonra Praqaya səfər edəcəkdi. Həkimlər bir neçə gün onun yarasını sağaltmaq üçün bütün imkanlardan istifadə etdilər. Bu hadisələr ona çox pis təsir edirdi və söyləyirdi ki, “mən artıq yaxşı atıcı deyiləm”. Amma buna baxmayaraq, o, yenə də ova getməkdən qalmırdı...”
Yuri Andropovun ovçuluğa münasibəti müsbət olsa da səhhəti bu əyləncəyə imkan verməyib. Konstantin Çernenko və Mixail Qorbaçov isə hakimiyyətdə olduqları dövrdə əllərində ov tüfəngi görünməyib.
İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10