Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Cənub bölgəsinin incilərindən biri - fexoa


Azərbaycana fexoa ilk dəfə nə vaxt gətirilib?

Bu bitki elmə XIX əsrdən məlumdur, həmişəyaşıl ağaclar sinifinə aiddir. Əsl vətəni Cənubi Amerika hesab olunur, Braziliya, Kolumbiya, Uruqvay və Argentinanın şimal hissəsində yetişdirilir. Azərbaycana ilk dəfə 1928-ci ildə gətirilərək cənub rayonlarında yayılmağa başlayıb. 

Bitkinin adı haqqında: bu bitki ilk dəfə onu tədqiq etmiş braziliyalı təbiətşünas Joao da Silva Feyxonun şərəfinə adlandırılıb. Cənab Feyxonun bu bitkinin tərkibinin müəyyən edilməsi və təbliğində əvəzsiz rolu olub.
Yalnız subtropik iqlimdə yetişən bu meyvənin sovet dövründə şəxsi həyətlərdə genişləndirilməsinə o qədər də imkan verilməyib. Yalnız bir neçə sovxoz təsərrüfatı mövcud olub, onlar da dövlət planlarını yerinə yetirməklə məşğul olub. Torpaq islahatları həyata keçiriləndən sonra əhaliyə verilən pay torpaqlarında bu bitki sürətlə yayılıb. 


Göstəricilərə görə, cənub bölgəsində 1297,3 ha feyxoa bağları var, onlardan 9205,5 ton  meyvə yığılıb, məhsuldarlıq illər üzrə artaraq 61,8 sent/ha-dan, 94,1 sent/ha-ya çatıb. Feyxoanı sürətlə inkişaf edən təsərrüfat sahəsi, hətta Lənkəran-Astara zonasında sənaye əhəmiyyətli təsərrüfat bitkisi adlandırmaq olar. Rentabelli olduğu üçün cavan bağlar salınır. Cənub bölgəsində bir çox torpaq adamları deyirlər ki, ilin əvvəlində - məhsul yetişməmişdən bir çox tədarükçülər gələrək beh verirlər. Lənkəranda ötən ildən fəaliyyətə başlamış emal müəssisəsi feyxoanın ən keyfiyyətsizini belə, əhalidən tədarük edir. Müşahidələr göstərir ki, son illər yaxın Rusiya ilə yanaşı uzaq Avropa ölkələrində bu məhsula ciddi təlabat yaranıb. Lakin dünya standartlarına cavab verən qablaşdırma, daşıma infrasturukturunun olmaması məhsulun potensialını aşağı salır. Hələlik ölkədə yığılan feyxoanın cüzi hissəsi xaricə satılır. Bunu nəzərə alan tanınmış şirkətlərən biri Lənkəranda emal müəssisəsi quraraq feyxoa cemi, mürəbbəsi, kompotu hazırlamağa başlayıb.


Fexoanın insan sağlamlığı üçün əhəmiyyəti

Tibbi əhəmiyyətinə gəldikdə isə, feyxoa insan sağlamlığı üçün son dərəcə əhəmiyyətli bitkidir. Tərkibi faydalı elementlər - yod, C vitamini ilə zəngin olduğu üçün müalicəvi təsiri yüksəkdir. Şəkər, qan təzyiqi, mədə-bağırsaq xəstəliklərinin ən yaxşı əlacıdır. Feyxoa meyvələri və onlardan alınan təzə şirə ateroskleroz, tireotoksokoz və sinqa xəstəliklərinin müalicəsi üçün əhəmiyyətli vasitədir. Ona görə də son illər feyxoanın konservləşdirilmiş şirəsindən daha geniş istifadə edilir.
Müasir dövrdə yod çatışmazlığı, maddələr mübadiləsinin pozulması, yüksək təzyiq, qastrit, qalxanvari vəzini, pielonefrit kimi xəstəliklərdən əziyyət çəkənlərə feyxoa və ondan hazırlanmış məhsulları məsləhət görürlər. Tibb adamları orqanizmi yodla təmin etməsinə görə onu hətta dəniz məhsulları ilə müqayisə edirlər. Feyxoa özündə 93 mineral maddəni cəmləşdirir, tərkibində zəngin vitaminlərdən ibarət makro və mikro elementlər, alma turşusu da var. Feyxoa yağı müasir kosmetologiyada dəri ilə bağlı problemlərin ən əlverişli çıxış yolu hesab edilir.


Lənkəran və Astarada bu meyvə əsas təsərrüfat sahəsi olmaqla camaatın məşğuliyyət və gəlir yeridir. Maraq üçün Astarada yolun kənarında maşını saxlatdırıb qiyməti soruşdum. Bir az üz vurandan sonra satıcı talışca “ bətı i manat bədum”- dedi.Yəni “sənə 1 manata verərəm”.


Deyirlər ki, ən yaxşı feyxoa bağları Lənkəranın Şürük və Türkəkəran kəndləri ərazisindədir. 

Biz də bu ərazilərə baş çəkdik. Özəl məsləhətçisi Samit Eyvazovun dediyinə görə, son illər rayonda bağların sahəsi böyüdüyü üçün torpaq adamlarının aqroqulluqla bağlı ehtiyacları da artıb. Odur ki, gününün böyük hissəsi bağlarda keçir. Bölgədə bu bitkiyə marağın artmasını yarızarafat olsa da, “talış kişilərinin tənbəlliyi” ilə izah etdi: “Bu bitkini Allah “şah tənbəlləri” üçün yetirib. Feyxoa yeganə bitkidir ki, ətraf iqlim amillərinə son dərəcə dözümlüdür. Xırda tədbirləri nəzərə almasaq, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbiri aparmağa ehtiyac yoxdur. Kimyəvi dərmanlardan istifadə olunmadığı üçün feyxoa meyvələri ekoloji baxımdan təmizdir. Lənkəranda feyxoa əkininə maraq ildən-ilə artır və bunun da iki mühüm səbəbi var: birincisi, daimi bazarının olması, istənilən vaxt əlverişli qiymətə satılması, ikincisi isə aqrotexniki qulluğa o qədər də təlabkar olmaması. Başqa sözlə, feyxoa ağacı sahibindən o qədər də ağır əziyyət tələb etmir. Onu hətta çay, limon, narıngi üçün yararlı olmayan torpaq sahələrində belə əkmək mümkündür. Feyxoanı o biri sitrus bitkiləri kimi şaxtadan qorumaq da lazım gəlmir.Yalnız qarlı havalarda örtüklə bürümək lazımdır ki, qarın ağırlığı məhsuldar budaqları sındırmasın”. Aqrar məsləhətçi deyir ki, bu il havaların qeyri-sabit keçməsi bağların məhsuldarlığına təsir göstərib, lakin ağacların üstündə məhsul var: “Erkən yazda çiçəkləmə vaxtı bölgəmizdə çoxlu dolu yağdı, nəticədə feyxoa ağaclarının məhsuldarlığı xeyli aşağı düşüb. Bununla yanaşı, bağbanlara verdiyimiz məsləhətlər və bağlarda həyata keçirilmiş qulluq işləri nəticəsində məhsul pis olmayacaq. Mövsüm ərzində fermerlərə sahə nümayişləri keçirməklə, onlara yaxşı bağları göstərməklə çalışdıq ki, məhsuldarlıqda itirilənləri kompensasiya edək. Adətən, oktyabr ayının ortaları və noyabr ən məhsuldar dövrdür. Bu il bağlarda hektardan ən azı 30 ton məhsul gözləyirik. Əgər məhsulun orta hesabla 1 manatdan satılmasına nail ola bilsək, fermerlərimiz bu il sahələrindən xeyli gəlir əldə edə biləcəklər”. Aqrar məsləhətçi deyir ki, artıq indidən bağlarda məhsul yığıla-yığıla gələn ilki mövsümə hazırlıqlar da başlayıb: “Torpaq adamları arasında maarifçilik işi aparırıq ki, bağların məhsulunu yığan kimi alaqların təmizlənməsinə, çürümüş gübrə verilməsinə və qış şumunun aparılmasına başlasınlar. Bunları etsələr, gələn il daha yüksək məhsuldarlıq əldə edəcəklər. Yeni feyxoa bağları salmaq istəyənlərə isə məsləhət görürəm ki, tingin düzgün seçilməsinə, əkin sahəsinin hazırlanmasına diqqət yetirsinlər”. 


Məsləhətçinin son fikrinə qüvvət, yeni feyxoa bağı salmaq üçün ilkin kapital tələb olunur. Hazırda 1 hektar bağ salmaq üçün 4 min 500 manat lazımdır. Feyxoa əkildiyinin 3-4-cü ilində qismən, 5-7-ci ilində isə tam məhsula düşür. Məhsul verənə qədər ildə aqrotexniki qulluq işlərinə də 800-1100 manat pul xərcləmək lazım gəlir. Bir ildə bir feyxoa ağacına 5 manat xərc gedir, əldə olunan gəlir isə 25-30 manat arasındadır. İqlim şərtələrindən, qulluqdan asılı olaraq işlər yaxşı getsə, bir hektardan 25-30 ton məhsul götürmək mümkündür.

Nicat Nəsirli 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10