Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Metro faciəsində həlak olan Xalq artistinin qızı: “Atam pulları "paçka" ilə göyə səpdi” – Müsahibə


Cenub.az Kulis.az-ın “Atamın xatirəsi layihəsində Xalq artisti, “Cəngi” qrupunun rəhbəri, cazmen Rafiq Babayevin qızı Fərizə Babayevanın atası haqqında xatirələrini təqdim edir.
- Fərizə xanım, deyilənə görə Rafiq Babayev əsərlərini not vərəqlərinə yazmağı sevməzmiş, onların böyük əksəriyyəti musiqi vasitəsi ilə bugünkü nəslə gəlib çatıb. Bu nə qədər doğrudur?
- Atamın özündən sonra evimizdə cəmi iki partitura qalıb. Onun çox güclü səs duyumu, yaddaşı olub. Yazdığı bəstələrin hamısını yadında saxlaya bilirdi. Ona görə də bir çox partituralarını sonradan atırdı. Atamın tam təsadüf nəticəsində evdə iki partiturası qalıb. O vaxtı bəstəkarlar ittifaqına qəbul olunmaqdan ötrü atamdan əsərlərinin əlyazmasını istəyiblər. O da iki musiqi əsərini notla yazaraq Moskvaya yollayıb. Amma orda atamı tanıdıqları üçün heç bir sənədə ehtiyac olmur, partituralar geri qayıdır və o vaxtdan atamın bu iki not vərəqi bizim ailəmizdə yadigar kimi qalır. Hətta atamın valları belə qalmayıb. Mən bu yaxınlarda onun “Melodiya” musiqi şirkəti tərəfindən yayımlanmış 6 valı olduğunu öyrənmişəm.
ƏTRAFLIsmartbee.az
Gallery
- Bir ata kimi Rafiq Babayevi necə xarakterizə edərdiniz?
- Atam ümumiyyətlə çox rahat insan idi. O, adamlarla çox asanlıqla əlaqə qura bilirdi. Vacib deyildi ki, hamını tanısın. Hətta tanımadığı adamlarla belə söhbət edər, danışardı. Evə bazarlıq etməyə gedəndə sadə insanlarla, satıcılarla maraqlı söhbətlər edərdi. Ancaq sənəti ilə bağlı məsələlərdə, peşəsində isə güzəştsiz və mürəkkəb xasiyyətli adam idi. Bacımla mən musiqi məktəbinə gedirdik. Atam evdə gecə yarıdan keçəndən sonra olduğu üçün bizim təhsilimizlə təbii ki, anamız məşğul olurdu. Yadıma gəlir ki, yay tətilində biz Novxanıdakı bağımıza dincəlməyə getmişdik. Atam haradansa bir fortepiano tapıb gətirib bağdakı evimizə də qoydu ki, biz gündəlik musiqi dərslərimizlə məşğul olaq. O yalnız şənbə və bazar günləri bağa gəlirdi. Bizimlə uşaq kimi oynayan, şənlənib gülən adam dərs hazırladığımız zaman pianinonun arxasında tamam başqa, poladdan tökülmüş adam təsiri bağışlayırdı. Bir dəfə dərsi mənə on dəfə təkrarladandan sonra yorulduğumu, ağlamaq həddinə çatdığımı görəndən sonra dərsi dayandırmışdı. Hətta öz övladlarının dərsində belə musiqiyə qarşı güzəştsiz münasibəti vardı. Sonralar da o, heç vaxt bizim pianoçu olmağımızı istəmədi. Çünki atamın fikrincə musiqiçi, pianoçu olmaq bütün günün royalın arxasında oturmaq, özünü məhv etmək demək idi.
- O, bacımı da, məni də oğlan kimi böyüdürdü. İki, üç yaşımız olanda bizi dənizə atır, özü isə iki, üç kilometr uzağa üzüb gedə bilirmiş. Biz təbii ki, üzə bilmir, ağlayırdıq, O, isə balıq kimi gözəl, sakit üzürdü. Ümumiyyətlə kəndi, təbiəti, yaşıllığı çox sevir, torpaqda işləməkdən xoşu gəlirdi. Bunları bizə də öyrədirdi. Axşamlar isə imkan düşdükcə bizə cürbəcür nağıllar danışardı.
Gallery
- Hansı nağılları danışırdı?
- O, heç vaxt bizə xalq nağılları, tarixdən bəhs edən hekayələr danışmırdı. Danışdığı nağılları özündən uydurardı. Biz həyətdə, dəniz kənarında əyləşəndə o, ulduzlara baxıb, oradakı həyat haqqında nağıllar uydurardı.
- Evdə necə ailə başçısı idi, üstünlük daha çox kimdə olurdu?
- Əlbəttə ki, atamda olurdu. Ancaq atam evdə olmayanda evin ağası nənəm olurdu (gülür). Atamın anası uzun illər bizimlə birgə yaşayıb. Onun altı övladı olub, ortancıl qızı müharibə vaxtı meningitdən ölüb. Yerdə qalan beş uşağın içərisində atam nənəmin ən sevimli övladı olub. Ümumiyyətlə atamın çox qəribə, sakit, rahatlıq gətirən enerjisi olub. Çox nikbin adam idi. Həm də atamgil ailəlikcə gülməyi, gülümsəməyi sevirdilər. Atamın atası repressiya olunub, ailə çox acınacaqlı vəziyyətdə, aclıq çəkərək yaşayıb, atam ümumiyyətlə öz atasının üzünü görməyib. Çünki onun bir yaşı olanda babamı aparıblar. Nənəm evində olan bütün əşyalarını satıb ki, uşaqları acından ölməsin. Sonralar evi dolandıra bilmək üçün tikiş fabrikində üç növbə ilə işləyib. Amma bütün bunlara baxmayaraq ailə çox nikbin olub, həyatla mübarizə aparmağı öyrəniblər. Həyatın nədən ibarət olduğunu biliblər. Onların arasında həmişə çox doğma münasibət olub. Ən xırda şeylərin belə qədrini biliblər. Atam danışırdı ki, “payok”la alınan çörək doğranandan sonra yerdə qalan qırıntıları yemək üçün qardaş və bacılar arasında növbətçilik müəyyən olunubmuş. Hər gün bu qırıntıları ailə üzvlərindən biri ovcuna yığıb yeyirmiş. Yadıma gəlir ki, sonralar da nənəm heç vaxt çörək qırıntılarını atmırdı. Bütün bunlar atama ailəsindən ötürülən gözəl xüsusiyyətlər idi. Atam əməyin, zəhmətin, etibarın nə olduğunu çox gözəl bilən adam idi. O, bağımızda hər növ meyvə ağacları əkmişdi. Onlara özü qulluq edirdi Ağaclar bar verəndə çox sevinirdi. Yadıma gəlir ki, atamın barmaqları həmişə kəsik, sarıqlı olurdu. Bağda işləyəndə həmişə əlini zədələyirdi. Onu heç zaman uzanan və istirahət edən vəziyyətdə görməmişəm. Elə olsa belə qulağında qulaqcıq musiqilərə qulaq asar, səhvləri düzəldər, yenə də işləyərdi.
Gallery
- Yəqin ki, bütün yaradıcı insanlar kimi vaxtının böyük hissəsi musiqiyə həsr olunurdu?
- Bəzən o evə gecə yarıdan keçəndən sonra gəlirdi, bəzən isə səhərlər. Düzdür hərdən günorta saatlarına qədər yatırdı da. Amma festivallara və yaxud da hansısa konsertə hazırlaşanda musiqiçiləri ilə birgə iki, üç gün yuxu yatmırdılar. Yatmaq üçün onların sadəcə olaraq vaxtları olmurdu. O, çox sadə insan idi. Özünə imic yaratmaq istəyi heç vaxt olmamışdı. Paltarlarını, kostyumlarını da elə alırdı ki, başqalarından, sadə insanlardan fərqlənməsin. Onun ilk konserti olanda o qədər məşqlər etmiş, hazırlaşmışdı ki, konsertə bir neçə saat qalmış yadına düşmüşdü ki, kostyumun altından geyinmək üçün köynək gətirməyib. Onda mənə dedi ki, bəlkə sən gedib mənim üçün nəsə alasan, geyinim. Yəni bu baxımdan çox sadə, problemsiz insan idi. Gördüyü işin təqdimatında o, üzdə olmağı sevməsə də, iş zamanı prosesin düz ortasında olardı. Və bütün işlərin ağırlığı da onun çiyinlərində olardı. Bunu onunla işləyənlərin hamısı yaxşı bilirdi. İş zamanı o, adamları sakitləşdirməyi və yaxud da bir azca özündən çıxarmağı, işə cəlb etməyi yaxşı bilirdi.
Gallery
- Sizə qarşı mühafizəkarlığı, qısqanclığı vardı?
- O, belə məsələlərdə tolerant insan idi. Bizdə məişət məsələlərində həlledici insan anam idi. Atam qızının, həyat yoldaşının gözəl geyinməsini çox sevirdi. Bizim ev isə əsl qadın kollektivi idi. Anası, həyat yoldaşı və iki qızı olan atam özü gözəl geyinməyi öyrənə bilməsə də, evdəki qadınları gözəl geyindirirdi. Bizə, qohumlarımıza bər-bəzək, hədiyyə almaq üçün atam qastrola gedəndə xüsusi bir siyahı tuturdu. Nəsildə olan bütün qadın qohumlarımıza, əmisi, bibisi qızlarına çoxlu hədiyyələr alırdı. Səkkiz martda onun maşınında hər bir qadın üçün gül dəstəsi, hədiyyələr olardı.
Gallery
Amma siz deyən kimi bizim üçün ciddi qadağaları olmayıb. Ola bilərdi ki, harasa getməyi lazım bilməsin. Onu bizə sərt şəkildə deməzdi. Yumşaq halda “bəlkə getməyəsiniz”, “bəlkə lazım deyil”, deyirdi. Biz uşaq olanda bəzən bacımla dalaşırdıq. Anam bizi danlayır, bizdən atama şikayət edirdi. Atam isə heç nə demirdi. O, sadəcə baxırdı. Və biz onun baxışlarından hiss edirdik ki, bu işi etmək olmaz. Biz o, baxışdan çox çəkinirdik. Onun baxışlardan sonra ikinci dəfə heç kim həmin işi görməyə cürət etmirdi. Bir də o, bizə lap uşaqlıqdan ağlamamağı öyrətmişdi. Nə baş verirsə, versin, bizə təlqin edir ki, ağlamayın, ən azından buna cəhd edin.
Gallery
- Rafiq Babayev nəyi sevmirdi?
- Yalanı sevmirdi. Yalanı dərisinə qədər hiss edirdi. O, musiqidə falşı dəqiqliklə hiss etdiyi kimi insanlarda da yalanı elə duyurdu. İnsanları da musiqi kimi, səs kimi qəbul edirdi. Onun üçün pis musiqi olmadığı kimi, pis insan anlayışı da yox idi. Həmişə də deyirdi ki, kiminsə pis hesab etdiyi musiqi bir başqasının xoşuna gələ bilər. Eləcə də insanlara belə yanaşırdı. Onun, yenə deyirəm, sevmədiyi şey saxtakarlıq idi. Belə şey hiss edən kimi dərhal əsəbiləşib özündən çıxırdı. Əgər bir insan peşəkar olmasa belə musiqi ifa etməyi sevirdisə və bunu səmimi qəlbdən edirdisə, atam ona ürəkdən kömək edirdi. Çalışırdı ki, onun səmimiyyəti birinci planda olsun, nəinki peşəkarlığı. Musiqi sahəsində isə xüsusən nəyisə etmək istəyən, arzu ilə yaşayan, yaratmağa can atan insanlar onun xoşuna gəlirdi. Ona görə də bu günün bir çox musiqiçiləri bilirlər ki, haradasa, nə vaxtsa Rafiq Babayev onlara köməklik edib.
- Konkret kimlərə kömək edib?
- Məsələ burasındadır ki, onun dövrünün gəncləri hesab olunan insanlar artıq bizim dövrümüzün yaşlı nəslidirlər. Onların bəziləri indi həyatda yoxdurlar. Amma mənim yadıma gəlir ki, bibim həmişə deyərdi ki, atam Asəf Zeynallı adına texnikumu bitirəndə Vaqif Mustafazadə ora təzəcə daxil olmuşdu. Atamgilin evi də texnikumun yaxınlığında yerləşirmiş. Vaqif və digər tələbələr atamın yanına gələrmişlər. O vaxtı atam onlara baxanda xeyli təcrübəli və yaşda da böyük olub. “Qaya” ansamblı da təzə-təzə yaranan çağlarda atam artıq məşhur cazmen kimi ad qazanmışdı. Onda onların üzvləri də atamın yanına məsləhət və kömək üçün gəliblər. Əgər atam onların ifasını, musiqisini bəyənirdisə, deməli, ürəklə ifa etmək olardı. Atam çox erkən yaşlarından yaxşı musiqi savadına, təcrübəsinə malik olduğu üçün artıq kimlərəsə nələrisə deməyi, öyrətməyi bacarırdı. Bu da onun çox gənc, iyirmi altı yaşında o dövrkü MDB məkanını gəzməsi ilə əlaqədar olub. 1959-cu ildən başlayaraq atam və onun yaratdığı ansambl düz üç il Sovet ittifaqının bütün ölkələrini gəzərək konsertlər verib. O zaman isə onun cəmi 26 yaşı olub.
Gallery
- Müəllimi Rauf Atakişiyev onu Moskvaya aspiranturaya yollamaq istəsə də atanız bundan imtina edib.
- Bəli. Atam aspiranturanı yox, üç illik qastrol səfərini seçib. Buna səbəb isə həmin dövrlərdə atamın ailəsinin çox kasıb vəziyyətdə yaşaması olub. Nənəm onda musiqi məktəbində təsərrüfat işləri üzrə işləyirdi. Atamın o biri qardaş və bacıları işləsə də onlar yenə də kasıb olublar. Təsəvvür edin ki, onların evində mebel əşyası olmayıb. Bir sandıq, bir masa və çox köhnə piano olub. Ona görə də atam istəyib ki, anasına necəsə maddi köməklik etsin. Üç illik qastrolu seçməyinin səbəbi də maddiyyat olub. Nənəm həmişə xatırlayırdı ki, atam qastroldan qayıdanda cibindəki pulları “paçka” ilə çıxarıb göyə səpələyib, anasını qucaqlayıb deyib ki, ana get, evimizə divan, mebel, ürəyin istəyən hər şeyi al.
- Yaxın dostları kimlər idi?
- Onun çox yaxın dostları olub. Oyrat Rüstəmzadə, Oqtay Mirqasımov atamla uşaqlıq dostu olublar, bir yerdə böyüyüblər. Atam uşaqlıqdan riyaziyyat sahəsinə meyl edib. Riyaziyyatçı olmaq istəyib. Amma son məqamda musiqini seçib. Ona görə də onun orta məktəb dostlarının bir çoxu fiziklər, riyaziyyatçılar idilər.
Gallery
- Atanızı məclis adamı adlandırmaq olardı?
- Dəhşətli dərəcədə məclis sevən idi. Anam da, nənəm də çox gözəl yeməklər hazırlayırdılar. Qonaq olandan bir neçə gün əvvəl atam bazara gedər, lazım olan hər şeyi alıb gətirərdi. Evimizdə həmişə böyük stollar açılar, piroqlar, plovlar bişirilərdi. Atam dadlı xörəkləri, bir də pivəni çox sevirdi. Pivə onun ən sevimli içkisi idi. Bizim ad günlərimiz həmişə belə təmtəraqlı keçib. Amma öz ad gününü heç vaxt qeyd etməyi xoşlamayıb. Belə deyim də qonaqlıq, stol açmaq üçün atam üçün xırda bir bəhanə kifayət edirdi.
- Sizin atanızla Novruz bayramında çəkilmiş çox maraqlı bir şəkliniz də var...
- Hə, o foto Novruz bayramında çəkilib. Süfrədəki şirniyyatları da nənəm bişirmişdi. Nənəm ümumiyyətlə mətbəxə kişi xeylağının girməsini heç vaxt sevməyib. Ancaq atamı şəkərbura və paxlavanın dadına baxmaq üçün mətbəxə buraxardı. Atam da onun bişirdiklərini tərifləyib, onu daha da həvəsləndirirdi. Atam ümumiyyətlə bahar bayramını çox sevirdi. Həmişə deyirdi ki, Novruz bayramı, səməni, tonqal mənə doğmalığı, istiliyi aşılayır. Atamın bu bayramı sevməsinin bir səbəbi də sevdiyi şirniyyatların heç birinin uşaqlıqda onların evində olmaması idi. O, deyirdi ki, bayramda onların bir yumurta almağa belə pulları olmayıb.
Gallery
- Siz dediyiniz fotodan isə bizdə ikisi var. Birində anam var, o birində isə yoxdur. Əvvəl atam anamla bizim şəklimizi çəkmişdi, sonra isə anamdan xahiş eləmişdi ki, onu bizimlə çəksin. Bizim atamızla cəmi iki şəklimiz var. O, şəkil çəkdirməyi o qədər də sevən adam deyildi.
- Tamaşaçılar Rafiq Babayevi həm də “Təhminə” filmindəki “Əlvida” musiqinin ifaçısı kimi tanıyırlar. Bu musiqini ifa etməsinin qəribə tarixçəsi olub?
- Həmin musiqini atam aranjeman edərək lentə yazıb. O zaman da bir çox müğənnilər bu mahnını ifa etmək üçün yoxlanılırmış. Amma nədənsə bu ifaların heç biri Rasim Ocaqovun xoşuna gəlməyib. Bir dəfə də atam yenə musiqini hansısa ifaçıya izah edəndə mahnını zümzümə edib. Rasim müəllim, bunu eşidib, atama deyib ki, bəlkə bu mahnını elə sən oxuyasan. Atam mahnını oxuyanda Rasim Ocaqov deyib ki, bu səndə daha yaxşı alınır, elə sən oxu.
Gallery
- Və atanız o mahnını oxumur, sanki nəql edir...
- Məsələ burasındadır ki, həmin mahnının sözlərini Anar yazıb. Və bu mahnı sözləri ilə birlikdə sanki film çəkilən o çətin dövrləri əks etdirirdi. Atam nə qədər nikbin, ümidli insan olsa da, ölkədəki o dövrü, keçid dövrünü çox ağır yaşadı. Ona görə ki, sovet ittifaqının dağılması ilə atam dostlarının bir çoxundan ayrılmalı, uzaq düşməli oldu. 20 yanvar hadisələri, ardınca baş verən Qarabağ müharibəsi ona dəhşətli dərəcədə təsir edir. İyirmi yanvar hadisəsindən sonra mən ilk dəfə atamın sifətində matəmin əlamətlərini gördüm. Sanki onun daxilən çox pis incitmişdilər. O vaxtı milli məclis musiqi çalınmasına qadağa qoymuşdu. Səfərbərlik elan olunanda musiqiçiləri də müharibəyə aparmışdılar. Atam isə buna kəskin etiraz edirdi. O, deyirdi ki, onsuz da müharibə insanları öldürür, heç olmasa musiqiçiləri qorumaq lazımdır. Çünki onlar mədəniyyətin formalaşmasına xidmət edən insanlardılar. Onlar olmasa bu xalqın mədəniyyətini kim təbliğ edəcək. O vaxtı atam vağzala qədər gedib müharibəyə aparılan musiqiçiləri, rəqqasları qatardan düşürtmüşdü. Sonralar Cəbrayı Lotfi adlı mesenat atama onun kollektivini saxlamaq üçün hər ay lazım olan vəsaiti ayıracağını, köməklik edəcəyini deyib. Onun köməkliyi sahəsində atam kollektivini genişləndirdi, böyük heyətli ansambl yaratdı. Yenə də həmin sponsorun köməyi ilə onlar ilk dəfə Türkiyəyə qastrola getdilər.
Gallery
- O dövrdə Türkiyəyə getmək, türk musiqisi ilə tanış olmaq yenilik idi. Rafiq müəllimin şərq musiqisinə münasibəti necə idi?
- Atam ümumiyyətlə bütün xalqların musiqilərini qəbul edirdi. Bundan başqa o öz xalqının musiqisinin, muğamının, folklorunun kökünü, hardan gəldiyini, necə yarandığını çox gözəl bilir, hiss edir, folklor, xalq mahnılarına canlı orqanizm kimi ehtiyatla yanaşırdı. Buna görə də onun üçün yaxşı, pis musiqi yox idi. Əsas olan o idi ki, musiqi zövqlü olsun. Vəssalam. Rafiq müəllim həm də iyirimi ildən çox Rəşid Behbudov adına teatrda Rəşid Behbudovla birgə çalışmış, onun repertuarında olan ərəb, fars, türk və bir çox əcnəbi dilli mahnılarını aranjeman etmiş, onu bütün qastrol səfərlərində müşayiət etmişdir. Bu da onun üçün böyük miqyaslı bir məktəb olmuşdu.Yəni atam şərq musiqisi ilə də yaxşı tanış idi.
Gallery
- İyirmi beş ildir ki, atanız həyatda yoxdur. Xeyli zaman keçir... Bu gün atanızla bağlı ən çox nəyi xatırlayırsınız?
- Çox şey ola bilər. Çoxlu xatirələr var ki, onlar ən xırda detallarına qədər artıq mənim yaddaşıma hopub. Onunla bağlı son görüşümüzü, son söhbətimizi tez-tez xatırlayıram. Uşaqlığımızda baş verənlər kino kimi gözlərimin qarşısında canlanır. Mən atam haqqında kitab yazanda xeyli araşdırmalar etdim. O zaman həm gülməli, həm də kədərli xatirələrimiz yadıma düşürdü.
Gallery
- Rafiq müəllimin ölümü də gözlənilməz olmuşdu...
- Hə elədir. Mənim onda iyirmi altı yaşım vardı. Uşaqlarım çox balaca olduğundan uşaqlarımla anamgildə qalırdım, anam mənə kömək edirdi. Bəzən atam da kömək edirdi. Çünki o, mənim uşaqlarımı dəhşətli dərəcədə çox sevirdi. Atam həmişə arzulayıb ki, onun bir oğlu olsun, amma olmayıb. Mənim oğlum olanda o Macarıstanda qastrolda idi. Deyirdilər ki, xəbəri eşidəndə o qədər sevinirdi, sanki nəvəsi yox, oğlu doğulmuşdu. Orda hamıya qonaqlıq vermişdi. Sonra təyyarədən birbaşa doğum evinə onu görməyə gəlmişdi. Oğlumun iki yaşı olanda, yeriməyə başlayanda atam onu artıq maşına əyləşdirib özü ilə konsertlərinə aparırdı. Atam dünyasını dəyişən gün biz səhər hər gün olduğu kimi onu işə yola saldıq. Axşama yaxın isə onun ölüm xəbərini aldıq (ağlayır).
- Fərizə xanım, sizcə insan xoşbəxtliyini nə zaman itirir?
- Çox çətin sualdır... mənə elə gəlir, bu bir illuziyadır. Biz əslində heç nəyi itirmirik. Biz sonradan müəyyən şeyləri bərpa edilir. Sadəcə olaraq bu çox böyük çətinliklər bahasına, böyük güc hesabına əldə olunur. İtki isə çox ağrılı prosesdir. Ağrı ondan ibarətdir ki, sən bir də heç zaman itirdiyin adamın səsini eşitməyəcəksən, üzünü görməyəcəksən. Ancaq mən atamı xatırladığım müddətcə o, hər zaman mənimlədir. Onun məsləhətinə ehtiyacım olan anlarda belə onun ruhun yanımda hiss edirəm. Tez-tez yuxularıma gəlir. Yuxuda da o mənə məsləhətlərini verir. Bu elə baş verir ki, sanki hər şey realdır. Anam hər ad günündə onu yuxularında görür. Həm də mən onu itirəndən sonra daha yaxşı tanıyıb, öyrəndim, nəinki o həyatda olduğu zaman. Bu baxımdan biz nəyisə itiririk deyə söhbət mübahisəlidir. Bəlkə heç itirmirik, əksinə əldə edirik.
Gallery
İndi baxıram ki, atam haqqında xatirə gecələri keçirilir. Bunu edənlər isə atam rəhmətə gedəndən sonra doğulan insanlardılar, hansılar ki, onlar atamın musiqiləri ilə yetmişmiş gənc musiqiçilər, cazmenlərdilər. Bax, bu çox qürurvericidir. Atamın üzünü görməyən insanlar onun musiqiləri vasitəsi ilə atamı sevirlər. Mən o konsertlərə gedəndə atamın heç zaman nota yazılmayan, yalnız səsyazmaları vasitəsi ilə bugünkü nəslə çatan musiqilərini eşidəndə öz-özümə deyirəm. Bax, Rafiq Babayev sağdır, o, bu konsertləri, bu gənclər vasitəsi ilə hələ də yaşayır. Çünki notsuz o mahnıları öyrənmək hədsiz dərəcədə sevgi və diqqət tələb edir. Bu əsl xoşbəxtlikdir. Və mən əminəm ki, o, da bizimlə birgə sevinir. Aradan keçən illər heç nəyi köhnəltmir. Hər şey olduğu kimi qalır. Həyat yaraları sağaldır. Amma onun sonuncu günü haqqında məndən soruşanda və yaxud da o günü özüm xatırlayanda görürəm ki, ondakı ağrılar elə olduğu kimi də qalıb. Ona görə də mən həmişə bu düşüncələrdən qaçmışam.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10