Mahmudavarda ilk məscidi və bir sıra sosial obyektləri kim tikib?
Məlumdur ki, Talış hakimi Mir Mustafa xan hələ sağlığında öz mülklərini övladları arasında bölmüşdü. Mahmudavar ərazisi onun beşinci oğlu Mir İsmayılın payına düşmüşdü. Mahmudavarın Bəyoba məhəlləsində Mir Mustafa xanın, Qala məhəlləsində isə Mir Həsən xanın övladları yaşayırdı.
(“Mahmudavar” səh.19, Bakı-1997)
Bu şəkildə gördüyünüz bina da 1898-ci ildə Masallı rayonunun Mahmudavar kəndinin Bəyoba məhəlləsində tikilmişdir. İkimərtəbəli bina Mir Abdulla xan və Mir Əsəd xan Talışınskilərə məxsus olmuşdur. Burada Mir Qasım xan da yaşayıb. XIX əsrin sonlarında Mir Abdulla və Mir Əsəd xanın Mahmudavarda ikimərtəbəli binası ilə yanaşı hamamı və bir neçə dükanları da var idi. Onlar əhalinin maddi vəsaiti hesabına kənddə ilk məcsidi tikdirmişdilər.
Bolşeviklərin hakimiyyətə gəlişindən sonra kimsəsiz qalan bu ev bir müddət sonra təhsil ocağına çevrilir. Bu barədə Musarza Mirzəyev “Mənim Masallım” kitabında yazır:
“İkimərtəbəli bina 1928-ci ildən 1987-ci ilə qədər məktəb binası kimi istifadə olunmuşdur.”
("Mənim Masallım" səh.52, Bakı-1991)
“Xan Evi”nin şəkili 1985-ci ildə fotoqraf Ramiz Hacıyev tərəfindən çəkilmişdir. Şəkildən tarixçi Musarza Mirzəyev 1991-ci ildə yazdığı "Mənim Masallım" kitabının arxa qabığında istifadə etmişdir.
Bəs Mir Əsəd, Mir Abdulla və Mir Qasım kim olub?
Mir Abdulla, Mir Əsəd və Mir Qasım Talış xanlığının hakimi Mir Mustafa xanın beşinci oğlu Mir İsmayıl Talışınskinin nəvələridir. Belə ki, Abdulla və Əsədin atası Şahvəli, həmçinin Qasımın atası Mustafa Mir İsmayılın övladlarıdır.
Əsəd xan Şahvəli bəy oğlu Mahmudavarda anadan olmuşdur. Tiflis və Peterburqda təhsil almış, hüquqşunas olmuşdur. 1919-1920-ci illərdə bolşeviklərin hakimiyyətə gəlişini hiss edən Əsəd xan həyat yoldaşı Tacxanım ilə birlikdə İrana getmiş, orda vəkillik edərək 1941-ci ilədək yaşamışdır. (M.Mirzəyev "Mahmudavar" səh.25, Bakı-1997)
Abdulla xan Şahvəli bəy oğlu isə Mahmudavarda yaşamış və burda vəfat etmişdir. O, Mir Abdulla xan Talışinski adı ilə tanınmışdır. Kəndin əsas qəbiristanlığında, iri palıd ağacının yaxınlığında dəfn olunub. Qəbrini özüm axtarıb tamışam. Qəbirdə başdaşı 1983-cü ildə nəvələri tərəfindən yenilənmişdir. Doğum tarixi bilinməsə də, ölüm tarixi 1915 olaraq yazılıb.
Mir Qasım xan Mir Mustafa oğlu isə 1898-ci ildə Mahmudavar kəndində anadan olmuşdur. Sonralar represiyaya uğramış və Şamaxıya sürgün olunmuşdur. 1951-ci ildə dünyasını dəyişmişdir. Mir Qasımın oğlu Mustafa ADPU-nin professoru olmuş, 2011-i ildə vəfat etmişdir.
Qeyd: Kəndimizdə bu cür tarixi abidələr olsa da, təəssüf ki, bunların bir çoxu qayğısızlıq ucbatından dağılıb.
Yazını hazırladı: Faiq Hüseynzadə. Cenub.az