Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Maarif nazirinin qızı Stalini niyə öldürmək istəyib? – Bubnovlar ailəsinin faciəsi, güllələnən valideynlər, sürgünə göndərilən övlad


Zəngin bir ailədə böyüməsinə, atasının böyük tekstil kombinatına sahib olmasına baxmayaraq, o, özünə fərqli bir həyat seçib.

Gənc yaşlarından inqilabi fəaliyyətə qoşulan Andrey Bubnov siyasi baxışlarına görə 13 dəfə həbs olunub. Həbsxanaya düşməsi onun Moskva Kənd Təsərrüfatı İnstitutundakı ali təhsilini də yarımçıq qoyub.

Andrey Bubnov 1884-cü ildə İvonovoda anadan olub. Orta təhsil illərindən marksist ədəbiyyata böyük maraq göstərib ki, bu da onun gələcək fəaliyyətində xüsusi rol oynayıb. Andrey Bubnov yüksək nəticələrlə Moskva Kənd Təsərrüfatı İnstitutuna qəbul olunsa da, qoşulduğu inqilabi hərəkat təhsilini davam etdirməyə imkan verməyib.

İnqilabi proseslərin ən fəal üzvlərindən biri olan Bubnov qısa bir müddətdə İnqilab Komitəsinin əsas siyasi simalarından birinə çevrilib. Leninin təşəbbüsü ilə o, yeni yaradılmış dövlətdə ən mühüm qurumların təşkili işinə cəlb edilib.

1920-ci ilin əvvəllərində Andrey Bubnov partiya daxili qruplaşmalarda Lev Trotski tərəfdarı olsa da, o, az bir müddətdən sonra siyasi kursunu dəyişib. Sözsüz ki, mövcud mürəkkəb ictimai-siyasi vəziyyətdə onun Trotski ilə həmfikir olması həmkarlarının diqqətindən yayınmayıb. O cümlədən İosif Stalin də Trotski-Bubnov yaxınlığını yaddaşına həkk edib.


SSRİ yaradıldıqdan sonra Mərkəzi Komitənin təbliğat-təşviqat şöbəsinə müdir təyin olunan Bubnov eyni zamanda Sovet ordusu və Hərbi Dəniz Donanmasının siyasi idarəsinə başçılıq edib.
1925-ci ildə Bubnova daha böyük vəzifə həvalə edərək onu Mərkəzi Komitəyə katib təyin ediblər, o cümlədən o, Siyasi Büronun üzvü seçilib.

1929-cu ildə Andrey Bubnov yeni vəzifəyə, SSRİ-nin xalq maarifi komissarı (naziri) vəzifəsinə təyinat alıb. Stalin bu təyinatın əleyhinə olub. Amma Nadejda Krupskayanın və onun həmfikirlərinin təkidindən yan keçə bilməyib. Məlum olduğu kimi Leninin vəfatından sonra Stalinin Krupskayaya qarşı münasibəti heç də çox xoş olmayıb. Bu baxımdan Bubnovun məhz Krupskayanın təşəbbüsü ilə komissar təyin olunması Stalinin daxili qəzəbinə səbəb olub.


Nadejda Krupskaya Andrey Bubnovu belə xarakterizə edib:
“...Andrey Bubnov onun qarşısına qoyulan vəzifənin mahiyyətini tam dərk və icra etməyi bacaran, onu nəzarətdə saxlaya bilən, kəmiyyətə yox, daha çox keyfiyyətə diqqət yetirən, hədəfə çatmaq üçün ən kiçik detalları belə diqqətdə saxlayan, ictimaiyyət arasında böyük nüfuza malik bir şəxsdir. Partiyamız onu xalq maarifi komissarı təyin etməklə təhsil sahəsində yeni uğurlara nail olacaq...”

Xalq maarifi komissarı vəzifəsində Andrey Bubnov bir çox hadisələrlə yadda qalıb. Onun müəllifi olduğu “SSRİ-də savadsızlığın aradan qaldırılması” proqramının ölkə təhsilində böyük rolu olub. Bununla yanaşı onun dövründə məcburi ibtidai təhsil, uşaq ədəbiyyatı nəşriyyatının yaradılması, xüsusilə texniki fənlərin təkmilləşdirilmiş tədris proqramlarının yazılması kimi məsələlər öz həllini tapıb.
Araşdırmaçıların təhlilinə görə, 1937-ci ilə qədər xalq maarifi komissarı vəzifəsində işləyən Andrey Bubnovun fəaliyyəti SSRİ-nin təhsil sisteminə böyük uğurlar gətirib.


Ancaq mövcud dövrdə, Stalin rejimində uğurlu kadr və səmərəli fəaliyyət heç də hər şeyi həll etməyib. “Böyük təmizlik” illərindən təmiz çıxmaq üçün ən vacib məsələ Stalinin gözündə təmiz olmaq sayılıb. Bu baxımdan Andrey Bubnovun bəxti gətirməyib. Bir tərəfdən vaxtilə Trotski ilə həmfikir olması, digər tərəfdən Krupskaya ilə yaxın münasibətlər Bubnovun siyasi fəaliyyətinə və şəxsi həyatına son qoyub.

17 oktyabr 1937-ci ildə Andrey Bubnov antisovet fəaliyyətdə ittiham olunaraq həbs edilib. İstintaq zamanı o, heç bir antisovet əməlləri olmadığını sübuta yetirsə də, aldığı işgəncələrdən bütün istintaq materiallarına imza ataraq özü öz hökmünü verib. 1 avqust 1938-ci ildə məhkəmə onun haqqında güllələnmə hökmü çıxarıb. Hökm həmin gün icra edilib. O cümlədən onun həyat yoldaşı da antisovet fəaliyyətdə iştirakçı kimi ittiham olunaraq güllələnib.

Valideynlərinin güllələnməsindən sonra ailənin yeganə qızı 16 yaşlı Yelena Bubnova nənəsinin himayəsində qalıb. “Xalq düşməni”nin qızı kimi bir neçə dəfə onun sənədlərini institutda qəbul etməyiblər. Nəhayət o, bir neçə cəhddən sonra Moskva Dövlət Universitetinə qəbul oluna bilib. Amma müharibənin başlanması onun təhsilini yarımçıq qoyub. Yelena Bubnova tibb bacısı kurslarını bitirərək sığınacaqlarda işləməyə başlayıb.


Yelena Bubnova günahsız valideynlərinin güllələnməsini yaddaşından silə bilməyib. Zaman keçdikcə onun daxilindəki qisas hissi daha da böyüyüb və nəhayət, o, 1944-cü ildə qisas vaxtının gəlib çatdığını düşünüb.

Yelena Bubnova və bir neçə rəfiqəsi Stalini fiziki məhv etmək palanını cızıblar. Onun rəfiqələrindən birinin mənzili Kreml yaxınlığında olub. Onlar belə qərara gəliblər ki, Stalin Kremldən çıxanda pulemyotla onun avtomobilini atəşə tutsunlar. Digər variantlar da düşünülüb. Ancaq “qisasçı qızlar” əməliyyatı həyata keçirməmiş şübhəli şəxs qismində saxlanılıblar. Yelena Bubnova 5 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Cəzasını başa vurduqdan sonra isə Barnaula sürgün edilib. O, Moskvaya yalnız 1956-cı ildə, atasının (ölümündən sonra) tam bəraətindən sonra qayıda bilib.

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10