Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Operativ Qərargah niyə susursan? - Yolları bağlayırsan, ya yox?!


Azərbaycanda karantin rejimi yumşaldılsa da, bəzi qadağaların qüvvədə qalması cəmiyyətdə çaşqınlıq yaradıb. İnsanlar kafe və restoranların, iaşə müəssisələrinin sərbəst fəaliyyət göstərdiyi bir vaxtda toyların hətta məhdud qonaqla keçirilməsinin qadağan olunmasında məntiq tapa bilmirlər. 
Yüz-yüz əlli nəfərin avtobusda hərəkət etməsinə maneçilik törədilmədiyi halda geniş və işıqlı metro vaqonlarının sərnişinlərin üzünə hansı səbəbdən bağlandığı da bəlli deyil. 
Bu sıraya idman zallarının bağlı saxlanılmasını da əlavə etmək olar. Cəmi 20 kv. metr ərazisi olan kafedə ən azı 20 nəfərin şam etməsi mümkün olursa, 80-100 kv metr əraziyə malik olan idman zallarında niyə 10-15 nəfərin sosial məsafəni gözləməklə idman etməsinə icazə verilmir?
Yenisabah.az bildirir ki, oxşar sualların sayının artması Operativ Qərargahın fəaliyyətini yenidən müzakirə obyektinə çevirib. Təkcə tənqidçi media və azadlığın hüdudlarını öz kriteriyalarına görə müəyyənləşdirən sosial şəbəkə iştirakçıları deyil, tanınmış ekspertlər, iqtisadçılar, Milli Məclisin bəzi deputatları da bu suallara cavab axtarır. Qeyri-müəyyənliyin davam etməsi, tətbiq olunan qadağalarla bağlı aydın və məntiqli izahların verilməməsi haqlı narazılığa səbəb olur. Həmişə olduğu kimi, ayrı-ayrı rəsmi qurumların fəaliyyətindəki nöqsanlar yenə hakimiyyətin ayağına yazılır və nəticədə siyasi iqtidara qarşı inamsızlıq yaranır.

Qeyd edək ki, Operativ Qərargahla bağlı ən çox tənqid edilən məqam bu qurumun adına və missiyasına yaraşmayan lənglik nümayiş etdirməsidir. Operativ Qərargahın qəbul etdiyi qərarlarla bağlı müzakirələr ən azı bir həftə əvvəldən başlasa da, qurum yayılan xəbərlərə, çox vaxt şayiə xarakteri daşıyan məlumatlara operativ reaksiya verə bilmir. Çox uzağa getməyək, artıq bir həftədən çoxdur ki, cəmiyyətdə bayram günlərində bir neçə günlük qapanmaya gediləcəyilə bağlı xəbərlər dolaşır. Təkcə sosial şəbəkələrdə deyil, hətta saytlarda da bayram günlərində rayonlara gediş-gəlişin qadağan olunacağı ilə bağlı informasiyalar yer alır. Bu xəbərlər nə dərəcədə həqiqətə uyğundur? Bayram günlərində insanların evdən çıxması qadağan olunacaq? Sərt karantin dövründə olduğu kimi rayonlara gedən yollar yenə sərnişinlərin üzünə bağlanacaq?
Təəssüf ki, hamının danışdığı, bir-birindən fərqli, ziddiyyətli mülahizələr irəli sürdüyü bu mövzuda danışmalı olan qurumun nümayəndələri - Operativ Qərargahın üzvləri israrla susurlar...
Başqa vacib bir məqam isə Operativ Qərargaha aid olan sualların  ayrı-ayrı deputatlar, aidiyyəti olmayan şəxslər tərəfindən cavablandırılmasıdır. Nə qədər qəribə olsa da, “Rayonlara giriş-çıxış qadağan olunacaq?”, “SMS-lə icazə yenidən tətbiq olunacaq?”məzmunlu suallara Cavid Osmanov, Eldar İbrahimov, Fazil Mustafa kimi Operativ Qərargahla yaxından-uzaqdan əlaqəsi olmayan deputatlar cavab verirlər. 
Bəs, Operativ Qərargahın sözçüləri niyə susurlar? Bayram günlərində rayonda yaşayan yaşlı valideynlərinə baş çəkmək üçün indidən əl-ayağa düşən, öz hesabına məzuniyyət götürən, bülletenə çıxan adamlara kim yol göstərməlidir? Yoxsa, yolun sonuna çatmışıq? Axı işıq görünmür...

yenisabah.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10