Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Milyonlarla adamı öldürdü, milyardlarla insanın həyatını alt-üst etdi


Düz bir il öncə, martın 11-də Dünya Səhiyyə Təşkilatı yeni növ koronavirusu dünyada sürətlə yayılan “pandemiya” elan etdi. Ondan cəmi 3 ay əvvəl isə Çində yeni virusa ilk yoluxmalar aşkarlanmışdı.
Son bir ildə pandemiya dünya iqtisadiyyatlarını inkişafdan saxlayıb, milyardlarla insanın həyatını alt-üst edib.
“Gələn günlər və həftələrdə yoluxmaların, ölü sayının, virusun təsirinə məruz qalan ölkələrin sayının artacağını gözləyirik, – DST rəhbəri Tedros Adhanom Gebreyesus bir il əvvəl pandemiya elan edərkən bunları deyirdi.
İndiyədək dünyada pandemiya 2.6 milyon adamın həyatına son qoyub, 118 milyon yoluxma aşkarlanıb. Amma hər iki rəqəmin daha yüksək olduğu bildirilir. COVID-19-un ən böyük zərbə vurduğu Birləşmiş Ştatlarda 530 minədək insan vəfat edib, azı 29 milyon yoluxma qeydə alınıb.

Yanvarda pik həddə çatmış gündəlik yoluxma, ölü sayı o vaxtdan dramatik şəkildə azalıb. Ölkədə vaksinasiya sürətlə gedir. İndiyədək 62 milyon nəfərə, yaxud yetkin yaşlıların 19 faizinə azı bir doza vaksin vurulduğu bildirilir.Vaksinasiya sürətləndikcə bəzi ştatlar qadağaları qaldırır, restoranları, mağazaları, müxtəlif xidmətləri açır. Martın 10-da ABŞ Nümayəndələr Palatası 1.9 trilyon dollarlıq yardım paketini qəbul edərək imzalanmaq üçün Prezident Co Baydenə göndərib.
Yeni dalğa
Artıq Avropa və Latın Amerikasında yeni dalğa başlanıb, virusun mutasiyaları möhkəmlənir. Braziliya variantı bu ölkədə geniş yayılır, son bir gündə 2 min 286 nəfərin vəfat etdiyi açıqlanıb. B.1.1.7. adlı Britaniya variant da bir çox ölkələrdə dominant formaya çevrilir, üçüncü dalğa təhlükəsi yaradır. Almaniyanın Robert Kox İnstitutunun bildirdiiyinə görə, B.1.1.7. daha yoluxucudur, artıq yeni yoluxmaların 55 faizi onunla bağlıdır. İki həftə öncə bu rəqəm 22 faiz idi.

İspaniya bildirib ki, 26 mart- 9 aprel müddətində – Pasxa bayramı zamanı qadağaları sərtləşdirəcək. Balkan ölkələrindən bəziləri də martın 10-da bildiriblər ki, Britaniya variantından dolayı yüklənmiş səhiyyə sistemlərinə təzyiqi azaltmaq üçün qadağalar artacaq.
Bu gün – martın 11-də AB-nin dərman tənzimləyicisi Johnson & Johnson şirkətinin vaksinini təsdiqləməlidir. Bundan sonra 27 üzvlük blokda dörd işlək vaksin olacaq.
Bu gün “Amnesty International” hüquq müdafiə təşkilatı da vaksinlərlə bağlı hesabat yayıb. Qurum bildirir ki, vaksin bərabərsizliyi artdıqca farmaseptik şirkətlər və zəngin ölkələr həyatları riskə atırlar. Hesabata əsasən zəngin ölkələr dünyanın vaksin təchizatının yarıdan çoxunu alıblar, amma onlar dünya əhalisinin cəmi 16 faizini təşkil edirlər. Həmin ölkələrdə dünya üzrə dozaların 60 faizindən çoxu vurulub, 100-dən artıq ölkədə isə bircə nəfər də peyvənd olunmayıb.
“Amnesty İnternational” COVID-19 vaksinlərinə universal çıxışın təmin olunması üçün qlobal kampaniya başladır. “Ədalətli doza: COVID-19 vaksinlərinə universal çıxış” adlı kampaniya çərçivəsində farmaseptik şirkətlərə müraciət olunur ki, dünyada vaksin dozalarının sayını maksimum artırmaqdan ötrü bilik və texnologiyanı paylaşsınlar. Kampaniya həmçinin dövlətləri “vaksin millətçiliyi”nə son qoymağa, bütün ölkələrdə COVID-19-un daha çox risk yaratdığı qrupların vaksin əldə edə bilməsi üçün birlikdə işləməyə çağırır.
“COVID-19 vaksininə kimin nə zaman, hansı qiymətə çıxış əldə etməsi bu gün cəmiyyətlərimizin üzləşdiyi ən vacib suallardandır. Amma cavablar güclü dövlətlər və şirkətlərin maraqları tərəfindən formalaşır”, - “Amnesty International”-da İqtisadi və Sosial Ədalət üzrə direktoru Stefen Kokburn deyib.
Təşkilat qeyd edir ki, AstraZeneca, Moderna və Pfizer-BioNTech şirkətlərinin vaksin hazırlamasına milyardlarla vergiödəyicisinin pulu xərclənib. Ancaq onlar öz araşdırmaları, bilik və texnologiyalarını paylaşmırlar. Amnesty International bu şirkətləri dünyada hər kəsin ədalətli dozanı ala bilməsindən ötrü buna getməyə, dövlətləri isə şirkətlərə təzyiq göstərməyə çağırır.
 
Qeyd edək ki, pandemiya elan edilməsindən bir il keçdiyi vaxtda Azərbaycanda da gündəlik yoluxma hallarının artması müşahidə olunur. Ötən gün bu rəqəm 500-ü keçib. Azərbaycanda vaksin kampaniyası da aparılır və indiyədək 500 minə yaxın adama vaksinin birinci dozası vurulub.
 
Virtualaz.org





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10