Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Gürcüstanda Rusiya xofu: Təcavüzə qarşılıq verməkdən çəkinirlər



Real işğalçını bircə dəfə cazalandırmaq olardı, amma Tiflis sərt davranmaqdan ehtiyat edir
 
Gürcüstan Daxili İşlər Nazirliyi (DİN), işğalçı rejimin nümayəndələri tərəfindən bir Gürcüstan vətəndaşını qaçırmaq cəhdinin qarşısını aldı, işğalçıların özləri isə sərbəst buraxıldı. Bu barədə “Georgia Online” xəbər verir.
 
Hər şey standart sxemə görə baş verdi: Cənubi Osetiyanın bir qrup rus işğalçısı Xurvaleti kəndi ərazisindəki işğal xəttini keçdi və işğal xəttindən 500 metr məsafədə işləyən traktor sürücüsü Ramaz Çalaurini tutmağa çalışdı. Sürücü onları tez görməyə müvəffəq oldu və dərhal qaçmağa çalışdı, eyni zamanda 112-yə zəng etdi və ona atəş açan silahlı insanlar tərəfindən qaçırılmaq təhlükəsi olduğunu bildirdi. Hadisə yerinə gələn Gürcüstan DİN-in dəstəsi vətəndaşın qaçırılmasına imkan vermədi.
 
Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) verdiyi məlumata görə, vətəndaşın qanunsuz həbsinin qarşısı alındıqdan və buna cəhd edənlər saxlanıldıqdan sonra, polis “qaynar xətt” (“qaynar xətt” Avropa Birliyinin Monitorinq Missiyası tərəfindən 15 sentyabr 2008-ci ildə yaradılıb) vasitəsi ilə separatçı rejimin nümayəndələri ilə əlaqə qurdu və vəziyyət stabilləşdirildi.
 
Son illərdə beynəlxalq vasitəçilərin səyləri bahasına, işğal xətti boyunca mütəmadi olaraq qaçırılan, Tsxinvaliyə aparılmış, kameralarda saxlanılan və sonradan böyük çətinliklə sərbəst buraxılan Gürcüstan vətəndaşlarının sayı onlarladır. Üstəlik, indiyə qədər Gürcüstan tərəfi bu cür hərəkətlərin qarşısını almağa imkan tapa bilmirdi. Amma indi işğalçıları bu cür cinayətlərə görə cəzalandırmaq üçün çox uğurlu bir fürsət yaranmışdı.
 
Axı, onlar tərəflərin ayrılma xəttindən yüzlərlə metr məsafədə tutuldular. Yəni, onlar mühasirəyə alına, həbs oluna və bir neçə həftə həbsxanada saxlanıla bilərdi. Ancaq, nədənsə bu, baş vermədi.
 
Sual budur ki, niyə? Tiflis, sərt davranışlar səbəbindən Moskvanın hərbi təcavüzünün təkrarlamasından qorxur? Yoxsa başqa səbəblər, izahatlar var?
 
Gürcüstan Strateji Analiz Mərkəzinin (GSAC) aparıcı mütəxəssisi Gela Vasadze:
 
“Əslində, bu hökumət hər zaman hər hansı bir səbəbdən Moskva ilə münasibətləri kəskinləşdirməkdən qorxurdu. Niyə? Bir çox versiyanı eşitmişəm: deyirlər ki, bu hakimiyyət əvvəlkinə qarşı çıxdı və əvvəlkilər münasibətləri hər hansı bir səbəbdən ağırlaşdırdısa, indikilər əksinə, bundan çəkinməyə çalışır. Daha bir versiya - İvanişvilinin Putindən fərdi bir qorxusu olduğu versiyasıdır və hakimiyyətin bu qədər qəribə davranışın səbəbi də budur.
 
Bu versiyaların ayrı-ayrılıqda və ya birlikdə həqiqət olub-olmadığını bilmirəm, amma fakt faktlığında qalır - təcavüzkara cavab vermək və ya ən azından vətəndaşların həyatı və təhlükəsizliyinin qorunacağı şəraiti yaratmaq əvəzinə, təcavüzkara tam hərəkət azadlığı verərək, onu cəzasız şəkildə digər addımlara təhrik edirik”.
 
Qara Dəniz Beynəlxalq Universitetinin professoru, politoloq Nika Çitadze:
 
“Düşünürəm ki, Gürcüstan hakimiyyəti Rusiya tərəfinin təxribatlarına reaksiya verməkdən çəkinir və bu, daha çox yeni bir təcavüz ehtimalı qorxusu ilə deyil, Gürcüstanın ərazilərinə daha dərin nüfuz etmək və sair kimi, təmas xəttində yeni pozuntulara səbəb olacağı gözləntiləri ilə əlaqəlidir.
 
Hesab edirəm ki, Gürcüstan hakimiyyəti, bu rus əsgərlərini saxlaya və işğal altındakı bölgələrdə həbsxanalarda olan Gürcüstan vətəndaşları ilə dəyişdirə bilərdi”.
 
Gürcüstan İctimaiyyətlə Əlaqələr İnstitutunun Beynəlxalq Əlaqələr Məktəbinin rəhbəri, professor Tornike Şaraşenidze:
 
“Bəli, düşünürəm ki, buradakı cavab açıq şəkildə özünü göstərir. Səlahiyyətlilərimiz, əlbəttə ki, Rusiya hərbçilərinin saxlanılması və həbs edilməsi kimi addımların Moskvadan cavaba, yeni təcavüzkar addımlara səbəb olacağından qorxurlar.
 
Eyni zamanda, düşünürəm ki, səlahiyyətlilər bu iki rus hərbçisini sərbəst buraxaraq, belə demək mümkünsə, Moskvaya qarşı xoşməramlı bir jest etdiklərinə və Kremlin də bunu qiymətləndirəcəyinə və öz növbəsində, sonradan indi Tsxinvali həbsxanasında olan Gürcüstan vətəndaşlarını azad edəcəyinə ümid edirlər. Məsələ bu qədər sadədir”.

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10