Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Azərbaycan qadınlarının kabusu: məişət zorakılığı…


Hər il ənənəvi olaraq 8 mart – Qadınlar gününü qeyd edirik. Kişilər əks cinsə müxtəlif hədiyyələr, gül-çiçək təqdim edirlər, xoş atmosfer yaranır. Azərbaycan 8 martı dövlət səviyəsində rəsmi bayram kimi qeyd edən ölkələrdən biridir. İlk baxışdan belə görünür ki, hər şey yaxşıdır, ölkəmizdə qadınların kişilərdən fərqli hansısa ciddi problemləri, gender zəminində hüquqların məhdudlaşdırılması halları yoxdur, fiziki zorakılıq halları da minimaldır və bunları xüsusi qabartmağa dəyməz. Lakin həm rəsmi statistika, həm də statistikadan kənar müşahidələr göstərir ki, belə deyil. Azərbaycanda xanımların qarşılaşdığı ən ciddi problem məişət zorakılığıdır.    
2020-ci ildə ölkəmizdə məişət zorakılığı zəminində törədilmiş və rəsmi qeydə alınmış cinayət hadisələrinin sayı açıqlanıb. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, qeydə alınan 1260 cinayət hadisəsi məişət zorakılığı ilə bağlı olub ki, bu da 2019-cu ilin göstəricisindən 3,7 faiz azdır. Məişət zorakılığı ilə bağlı cinayətlərin 179-u əvvəllər də cinayət törətmiş şəxslər tərəfindən, 77-si isə sərxoş vəziyyətdə törədilib ki, bu da əvvəlki ilin göstəricisindən müvafiq olaraq 17,0 faiz və 1,6 dəfə çoxdur. Məişət zorakılığı zəminində zərər çəkənlərin sayı əvvəlki ilin göstəricisinə nisbətən 4,3 faiz azalaraq 1300 nəfər olub. Onların 75,9 faizini qadınlar, 1,2 faizini isə yetkinlik yaşına çatmayanlar təşkil edib. Lakin əvvəlki illə müqayisədə bu cinayətlər nəticəsində ölənlərin sayı 34,1 faiz artaraq 59 nəfər (41-i qadın) olub.
Bir daha təkrar edək ki, bunlar rəsmi qeydə alınan hadisələrin statistikasıdır. Hamımız bilirik ki, ölkəmizdə adət-ənənələr və mental səbəblərdən ailədaxili zorakılıq olaylarının mütləq əksəriyyəti dörd divar arasında qalır və hüquq-mühafizə orqanlarına məlum olmur. Belə halları açıb-ağartmaq ayıb sayılır. Hətta öz hüquqlarını bilməyən, asosial bəzi qadınlarımız bu cür halları normal qarşılayır, bəzi ağbirçəklərimiz həyat yoldaşları, ata və qardaşları tərəfindən döyülən qız-gəlinlərə bunun normal hal olduğunu aşılayır. Yəni tam əminliklə demək olar ki, Azərbaycanda qadınlara qarşı zorakılıq faktları rəsmi statistikadan qat-qat çoxdur.
Bəs, bu ciddi problemlə bağlı hansı işlər görülür və görülməlidir? Qadınlara qarşı zorakılıq hallarını minimuma endirmək üçün nələr edilməlidir? Təəssüf ki, rəsmi orqan – Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən suallarımıza cavab ala bilmədik.
Psixoloq Rövşən Nəcəfov “Press Klub”a açıqlamasında məişət zorakılığının və qadınların problemlərinin aradan qaldırılması üçün hüquqi və psixoloji addımlar atılmasının vacibliyini vurğuladı:
“Hüquqi tərəfdən qanun nəyi tələb edirsə, onun əsasında addımlar atılmalıdır. Məişət zorakılığına məruz qalmış qadınlar birbaşa qanuna müraciət etməlidir. Vəziyyətin psixoloji tərəfinə gəldikdə isə Azərbaycanda ailə psixoloqu yoxdur. Ailədə məişət zorakılığı və ya hər hansı bir konflikt yarananda ailə psixoloquna müraciət olunmalıdır. Təəssüf ki, bizim cəmiyyətdə psixoloqa müraciət edənləri dəli hesab edirlər. Qərb ailələrində isə psixoloqlarla həm ailəvi, həm də fərdi görüşlər olur və bu, ailədə fikir nizamı yaradır. Zorakılıq görən qadın mütləq psixoloji reabilitasiyadan keçməlidir. Psixoterapevtə müraciət etməlidir və müəyyən müddət müalicə almalıdır. Eyni hal kişilər üçün də keçərlidir. Zorakılıq nümayiş etdirən kişilər də cəmiyyətə heç vaxt faydalı ola bilməz”.
Vəkil Gülnarə Xudabaxışova rəsmi rəqəmlərə istinadən 2020-ci ildə məişət zorakılığınəticəsində ölənlərin sayının xeyli artığını qeyd etdi:
“Məişət zorakılığı yaxın qohum münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından süi-istifadə etməklə, bir şəxsin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurmasıdır. Məişət zorakılığı bir neçə formada olur: fiziki, psixi, iqtisadi xarakterli, qanunsuz məhdudiyyətlərin tətbiqi və ya cinsi zorakılıq. Hər bir halda, növündən asılı olmayaraq məişət zorakılığına məruz qalmış şəxs bunun qarşısını almaq məqsədilə hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Bunu etməsə, gələcəkdə daha böyük problemlərlə, hətta ölümlə qarşılaşa bilər. Bunu Dövlət Statistika Komitəsinin 2020-ci il üçün verdiyi rəqəmlərdən də aydın görürük”.
Vəkil əlavə etdi ki, məişət zorakılığının qarşısını almaq məqsədilə dövlət tərəfindən bir sıra tədbirlər görülür ki, bunlara hüquqi xarakterli tədbirlər – məişət zorakılığı hallarının araşdırılması, zorakılığa yol vermiş şəxslərin qanunla müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi; eləcə də sosial xarakterli tədbilər – zərərçəkmiş şəxsin sosial müdafiəsi, o cümlədən müvəqqəti sığınacaqla təmin edilməsi, onlara dövlət hesabına hüquqi və tibbi yardımın göstərilməsi; həmçinin, qabaqlayıcı tədbirlər – əhali arasında məişət zorakılığının hüquqi, tibbi və sosial nəticələrinin izah edilməsi, məişət zorakılığının qarşısının alınmasına yönəlmiş digər maarifləndirmə tədbirlərinin təşkili aiddir”.
G.Xudabaxışova xatırlatdı ki, 27.11.2020-ci il tarixində “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” prezident tərəfindən təsdiqlənib. Milli Fəaliyyət Planında 2020-2023-cü illərdə məişət zorakılığı ilə mübarizə, həmçinin məişət zorakılığından zərər çəkmiş şəxslərlə davranış və bu şəxslərin müdafiəsi üzrə təlimlərin keçirilməsi Vəkillər Kollegiyasına tövsiyə olunub.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev isə ötən il məişət zorakılıqlarının baş verməsinə pandemiyanın ciddi təsir göstərdiyini düşünür:
“Pandemiya səbəbindən dünyanın hər yerində iş yerləri qapadılmış, hökumət tərəfindən insanlar evdə qalmağa məcbur edilmişlər. Bu da çox təəssüf ki, bəzi sosial problemlərin yaranmasına, insanların stres içərisində yaşamasına, ailədaxili münaqişlərə və məişət zorakılığına yol açıb. Bu hal inkişaf etmiş ölkələr üçün də xarakterik olub. Keçən il Böyük Britaniyada boşanmaların sayı iki dəfədən çox artıb. Bu kimi halların qarşısını almaq üçün maarifləndirici və psixoloji yardım işi daha yaxşı təşkil olunmalı, cinayətə görə cəzanın labüdlüyü təmin edilməlidir. Cəzanın sərtləşdirilməsi yalnız müvəqqəti effekt verə bilər”.
Sosioloq Sahib Altay statistik göstəriciləri şərh edərkən qeyd etdi ki, məişət problemlərinivə məişət zorakılığını yaradan səbəblər müxtəlifdir:
“İki əsas səbəb var – mental düşüncə və sosial problemlər. Mental düşüncədən dolayı yaranan məişət zorakılıqları çoxluq təşkil edir. Biri var məişət düşüncəsi, biri də var məişət zorakılığı. Onu zorakılıq səviyyəsinə qaldıran bir neçə səbəb var ki, bunlar da sosial, maddi problemlərə bağlı məsələlərdir. Bəzən statistiklar dəqiq olmur. Amma bu göstəriciləri dəstəkləyirəm, bəlkə də bu rəqəmlər azdır, əslində isə belə hallar daha çoxdur. Azərbaycanda və oxşar ölkələrdə mental düşüncəli toplumlar mövcuddur. Bu tip ölkələrdə gender bərabərliyi qorunmur”.
“Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri və təşkilatın nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə Daxili İşlər Nazirliyinin məişət zorakılığı ilə bağlı təşkil etdiyi dəyirmi masada iştirak etdiyini söylədi:
“Həmin müzakirədə “qaynar xətt”ə zəng edən, məişət zorakılığına məruz qalmış insanların sayını göstərən tablo gördük. Biz uşaq sığınacağı olaraq istisna hallarda qadınları da qəbul edirik. Onlara sosial, hüquqi, psixoloji xidmətlər göstərilir. Azərbaycanda bu sahədə cəmi üç sığınacaq var. Hazırda sığınacağımızda olan 35 nəfərdən 3 nəfəri qadındır. Bizim işimiz daha çox uşaqlarla əlaqəli olduğuna görə qadınları əsasən “İnsan Alveri Qurbanları” Yardım Mərkəzinə yönləndiririk. Bizim gördüyümüz işlər yetərincədir”.

pressklub





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10