Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

SSRİ-nin ilk maliyyə komissarı – Stalinin sürgünə göndərtdiyi, Beriyanın öldürtdüyü Sokolnikov


Müasirləri onun haqqında həmişə yüksək fikir söyləyiblər. Qriqori Sokolnikovu xarakterizə edən həmkarları, partiya yoldaşları, dövlət məmurları onun zəngin intellektə, yüksək təşkilatçılıq bacarığına malik olduğunu bildiriblər. Sokolnikovun ən üstün cəhətlərindən biri də onun heç kimdən çəkinmədən həqiqəti demək bacarığı olub. Elə bu cəhətinə görə də SSRİ-nin birinci maliyyə naziri Qriqori Sokolnikov 1930-cu illərin repressiyasının qurbanına çevrilib.
Qriqori Sokolnikov 1888-ci ildə Poltavada yəhudi ailəsində anadan olub. İlk təhsilini Moskvada 5 nömrəli gimnaziyada alıb. Gimnaziyanı bitirdikdən sonra o, Moskva imperator universitetinə daxil olub. İnqilabi fəaliyyətə qoşulduğundan ali təhsilini yarımçıq qoyub.
Siyasi fəaliyyətinə görə Qriqori Sokolnikov 1907-ci ilin fevral ayında həbs olunub və Sibirə sürgün edilib. 1907-ci ildə o, üçüncü cəhddən sonra sürgündən qaçmağa müvəffəq olub. Bir müddət İsveçrədə və Fransada məskunlaşıb. Bu ərəfədə Sokolnikov Parisdə universitetin iqtisadi hüquq fakültəsini bitirib.
Qriqori Sokolnikov 1917-ci ildə gizli yolla Rusiyaya qayıdıb. Moskva şəhər və vilayət partiya komitələrinin büro üzvlüyünə seçilib. Leninlə sıx əlaqələri olan Sokolnikov SSRİ-nin ilk maliyyə komissarı (naziri) təyin edilib.
Sokolnikov1.jpg (57 KB)
1922-1924-cü illərdə, çox mürəkkəb bir şəraitdə Sokolnikov pul islahatını böyük uğurla həyata keçirib və bununla da maliyyə böhranını aradan qaldıra bilib. Məhz Sokolnikovun maliyyə komissarı olduğu dövrdə yeni sovet bankları fəaliyyətə başlayıb, dövlət bankının əsası qoyulub və yeni yaradılmış SSRİ-də normal maliyyə sistemi işə düşüb.
1925-1926-cı illərdə Qriqori Sokolnikov partiyada Lev Kamenevin və Qriqori Zinovyevin başçılıq etdiyi “yeni müxalifət” düşərgəsinin fəaliyyətində yaxından iştirak edib.
Qriqori Sokolnikov öz dövrünün ən cəsarətli siyasi xadimlərindən biri olub ki, partiyanın qurultayında ona söz verilmədən tribunaya qalxıb və İosif Stalinin baş katib vəzifəsindən getməsini müzakirəyə çıxarmağı tələb edib.
The_Second_Moscow_Trial.jpg (108 KB)
Bu qarşıdurmanın nəticəsi olaraq Sokolnikov 1926-cı ildə maliyyə komissarı vəzifəsindən azad edilərək nisbətən aşağı vəzifəyə, Dövlət Plan Komitəsinin sədr müavini vəzifəsinə təyin edilib.
1935-ci ildə İosif Stalinin təşəbbüsü ilə Qriqori Sokolnikov Dövlət Plan Komitəsindən də uzaqlaşdırılıb və meşə sənayesi komissarının müavini vəzifəsinə təyinat alıb.
Sözsüz ki, Stalinin məqsədi Sokolnikovu siyasi müstəvidən birdəfəlik uzaqlaşdırmaq olub. Amma o, buna tələsməyib. Çünki hələ 1920-1930-cu illərdə Stalinə müxalif olan qüvvələr çox da zəif olmayıb. Bu səbəbdən də Stalin öz mövqələrinin möhkəmlənməsini gözləyib. Nəhayət, mütləq hakimliyini bərpa etdikdən sonra, o,1936-cı ildə Qriqori Sokolnikovun həbsinə hökm verib.
26 iyul 1936-cı ildə Qriqori Sokolnikov Trotskinin tərəfdarı kimi antisovet fəaliyyətdə ittiham olunaraq həbs edilib. Həbsdən sonra o, vəzifəsindən uzaqlaşdırmaqla yanaşı, həm də Mərkəzi Komitə üzvlüyündən xaric edilib.
400px-Галина_Серебрякова_и_Григорий_Сокольников.jpg (64 KB)
İstintaq ərəfəsində ona qarşı qaldırılan ittihamları qəbul etməyən Qriqori Sokolnikov ağır işgəncələrə məruz qalıb. Sonda ona vəd edilib ki, istintaq materiallarına qol çəkəcəyi halda həyat yoldaşına toxunmayacaqlar. Belə ki, həmin dövrdə “xalq düşmənləri”nin həyat yoldaşları da sürgünə göndərilib. Bu sövdələşmədən sonra Sokolnikov istintaq materiallarına imza ataraq “günahlarını” boynuna alıb.
30 yanvar 1937-ci ildə məhkəmə öz işini sona çatdırıb. Qriqori Sokolnikov məhkəmənin hökmü ilə 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, cəzasını Tobolsk həbsxanasında çəkib.
İstintaq zamanı verilən vəd isə yerinə yetirilməyib. Qriqori Sokolnikovun həyat yoldaşı Qalina Serebryakova həyat yoldaşının məhkəməsindən dərhal sonra Qazaxstana sürgün edilib. O, ömrünün 18 ilini sürgündə keçirib.
Qriqori Sokolnikov cəza müddətini başa vura bilməyib. Rəsmi versiyaya görə o, 21 may 1939-cu ildə həbsxanada dustaqlar tərəfindən öldürülüb.
Сокольников_ГЯ.jpg (59 KB)
Sonralar, 1956-cı ildə aparılan araşdırmalar zamanı məlum olub ki, Sokolnikovu Lavrenti Beriyanın göstərişi ilə “NKVD”-nin zabiti Ptoyr Kubatkin ağır işgəncələr verərək öldürüb.
Qriqori Sokolnikova 12 iyun 1988-ci ildə (ölümündən sonra) bəraət verilib.
Uzun illər “xalq düşməni” kimi yaddaşlarda qalan Qriqori Sokolnikov sovet dövründə çox az xatırlanıb. Yalnız SSRİ süquta uğradıqdan sonra onun haqqında çoxsaylı məqalələr dərc olunub, sənədli film çəkilib, müəllifi olduğu “İnqilabın maliyyə siyasəti” kitabı təkrar nəşr olunub.
İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10