Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

SSRİ-nin ilk cəlladı – 33 nəfəri çəkiclə qətlə yetirən Komarov


O, məhkəmə qarşısında törətdiyi cinayət əməllərindən "qürurla” danışıb, bütün günahlarını etiraf edib, hətta qətl hadisələrini tam təfərrüatı ilə açıqlayıb və onu da bildirib ki, nə vaxtsa azadlığa çıxası olsa, yenidən insanları qətlə yetirməkdə davam edəcək.


Vasili Komarovun adı tarixə SSRİ-də ilk silsilə qətllər törədən qatı cinayətkar kimi düşüb. O, iki ildən də az bir müddətdə, 1921-1923-cü illərdə 33 nəfəri vəhşiliklə qətlə yetirib. Qatil-manyakın tutulması ilə bağlı bir neçə əməliyyat axtarış qruplarının yaradılmasına şəxsən Lenin göstəriş verib. Təhlükəli cani bir müddət yayına bilsə də, sonda ələ keçib.

Vasili Komarov 1878-ci ildə Vitebskdə anadan olub. Atası dəmiryolu stansiyasında fəhlə işləyib. Ailədə 12 uşaq böyüyüb. Valideynlər övladlarına nəzarət etmədiyindən Vasili uşaqlıq illərindən yaşadığı qəsəbədəki yaşca özündən böyük, tüfeyli həyat sürən gənclərə qoşulub. Artıq 14 yaşından içkiyə qurşanan Komarov xırda oğurluqla da məşğul olub.





Komarov oktyabr inqilabından sonra ordu sıralarına yazılıb. Tərxis olunduqdan sonra Moskvada məskunlaşıb. Bir müddət paytaxtda iş axtardıqdan sonra o, 1921-ci ildə at arabaları ilə yükdaşıma xidmətinə işə düzəlib.

Gündəlik qazancını içkiyə xərcləyən Vasili "büdcəsini zənginləşdirmək” üçün daşıdığı məhsullardan oğurluq edib, bütün vasitələrə əl ataraq müştərilərini aldatmağa çalışıb. Amma bu oğurluq da onun ehtiyacını ödəməyib.

Həyat yoldaşı da içki düşkünü olduğundan bütün qazanc yalnız içkiyə sərf olunub.
İçki Vasili Komarovun bütün simasını dəyişib. Gündəlik davalar, söyüşlər, təhqirlər ailənin dağılmasına səbəb olub. O, ikinci dəfə evlənib. Bu nikahdan onun iki övladı dünyaya gəlib.





Daha çox və daha asan qazanc əldə etmək üçün Komarov yeni variantlar axtarıb. O, yükdaşıma işindən uzaqlaşaraq at bazarında alverə başlayıb. Məqsəd isə heç də at alıb-satmaq olmayıb.

Vasili Komarov bazarda öz atını "satmaq” üçün müştəri axtarıb. Müştəri ilə ayaqüstü sövdələşmədən sonra ata əyani şəkildə baxmaq üçün onu yaşadığı həyət evinə aparıb. Müştəri ata baxdıqdan sonra qiymət danışılıb və razılığa gəlinib.

"Uğurlu” ticarətdən sonra Komarov hadisəni "yumaq” adı ilə müştəriyə içki təklif edib. Azacıq sərxoşluqdan sonra o, hədəfini arxadan çəkiclə vuraraq qətlə yetirib, cibindəki pulunu və digər əşyaları götürüb. Daha sonra meyiti iki yerə bölərək kisəyə qoyub, yaxınlıqdakı dağılmış evin həyətində basdırıb.

Bütün qətllərin ssenarisi eyni olub. O, bu haqda məhkəmədə çox "rahatlıqla” danışıb:

"Bəli, mən onları qətlə yetirmişəm. Bu, olduqca asan bir iş idi. Mən dəqiq bilirdim ki, at almağa gələn adamın cibində pul var. Əvvəlcə bazarda atımı tərifləyirdim. Qiyməti təxmini müəyyənləşdirirdik, sonra mən onu evə aparırdım ki, ata baxsın. Sövdələşmə bitəndən sonra mən qonağımı içirdirdim. Bir az sərxoş olan kimi arxadan baş nahiyəsinə çəkiclə vururdum. Ciblərini boşaltdıqdan sonra meyiti kisəyə qoyub, yaxınlıqdakı xarabaya çevrilmiş evin həyətində basdırırdım. Bütün bu proses cəmisi saat yarım, iki saat çəkirdi. Mən bu işi yenə də böyük məmnuniyyətlə görərəm...”

Yaxınlıqdakı evin həyətində basdırılan meyitlərin sayı 19-u keçəndən sonra Komarovun işi bir az müşkülə dönüb. Sonrakı qurbanların harada basdırılması üçün Komarov yeni məkanlar axtarıb. O, nəhayət qərara gəlib ki, meyitləri Moskva çayına tullasın. Bunun üçün Komarov "müştərisini” qətlə yetirdikdən sonra onu bir neçə yerə bölmək məcburiyyətində qalıb. Çünki o, at arabasında meyitin bütöv şəkildə daşınmasının şübhə yaradacağından ehtiyatlanıb.

Komarovun cinayət əməllərində həyat yoldaşı da ona yaxından kömək edib. Meyitlərin doğranmasında, kisələrə yığılmasında, qan izlərinin yuyulmasında yetərincə "fəallıq” göstərib.

Bir-bir yoxa çıxan adamların ailələri müvafiq qurumlara müraciət edəndə əməliyyatçılar ümumi bir qənaətə gələ biliblər. Belə ki, onların hamısı evdən çıxanda ailə üzvlərinə at almağa getdiklərini söyləyiblər. Bununla da at bazarında axtarış tədbirləri daha da gücləndirilib.

Qətlə yetirilənlərdən ilk meyit Moskva çayı sahilində aşkar olunub. Balıqçılar bu haqda dərhal xəbər veriblər. Daha sonra bir qrup yeniyetmə gəzinti zamanı Komarovun evinin yaxınlığındakı meyitlər basdırılmış həyətin ətrafında kəskin iy hiss ediblər və bu haqda əməliyyat müvəkkilinə dərhal xəbər veriblər.





Əməliyyatçılar kələfin ucunu ələ keçiriblər. Yaxın ərazidə kimlərin yaşadığını araşdırıblar. Onlardan birinin də at bazarında tez-tez görünən Komarovun olduğunu aydınlaşdırıblar.

Vasili Komarovun həbs edilməsi üçün xüsusi əməliyyat hazırlanıb. Axşamdan xeyli keçmiş onu həbs etmək istəyəndə Komarov qaçmağa müvəffəq olub. Amma cəmisi bir gündən sonra o, Nikolski qəsəbəsində ələ keçib.

Məhkəmə 18 iyun 1923-cü ildə prosesi başa çatdıraraq hökm çıxarıb. Vasili Komarov və həyat yoldaşı Sofya Komarova ən ağır cəzaya, güllələnmə cəzasına məhkum ediliblər. Hökm həmin gün icra olunub.

Mənbə: Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10