Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

18 yaşında orden, 59 yaşında Nobel mükafatı alan Qorbaçov – o, 35 yaşında rayon, 38 yaşında isə diyar rəhbəri olub


2 mart SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçovun doğum günüdür. Sabiq prezident bu gün 90 yaşını qeyd edir. Arabir mətbuatda onun vəfat etməsi ilə bağlı xəbərlər yayılsa da, Qorbaçov hələ ki sağdır, özünü gümrah hiss edir, hər gün mətbuatı izləyir, görüşlər keçirir, tez-tez adını daşıdığı fonda gedir, mühazirələr oxuyur, dünyada baş verən hadisələrə münasibətini bildirir, müsahibələr verir və s.
Ötən illər ərzində Mixail Qorbaçov hansı hadisələrlə yadda qalıb? Musavat.com siyasi fəaliyyəti birmənalı qarşılanmayan 90 yaşlı siyasətçi haqqında maraqlı faktları təqdim edir.
1. Mixail Qorbaçov 2 mart 1931-ci ildə Stavropolda, Privolnı kəndində anadan olub.
2. Kəndli ailəsində dünyaya gələn gələcək prezident orta təhsil aldığı illərdən, 13 yaşından başlayaraq kənd təsərrüfatı sahəsində işləyib, kombaynçı köməkçisi olub.
1581519073_mikhail-gorbachev-s-dedushkoy-i-babushkoy.jpg.pagespeed.ce.4LmiBOubMQ.jpg (101 KB)
3. Qorbaçovla bağlı rekord göstərici onun 18 yaşında “Qırmızı Əmək Bayrağı” ordeni ilə təltif olunmasıdır. Belə ki, o, taxıl yığımında fərqlənərək bu ordenlə təltif olunub.
4. Qorbaçovun hər iki babası repressiyaya məruz qalıb. Ata babası kolxoz planını yerinə yetirmədiyinə görə, ana babası isə “trotskiçi” olduğu üçün. Elə bu səbəbdən də Qorbaçov Stalin hakimiyyəti illəri haqqında heç vaxt müsbət fikir söyləməyib.
5. Mixail Qorbaçov Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil alıb. Dövlət mükafatı ilə təltif olduğuna görə onu universitetə imtahansız qəbul ediblər.
6. Qorbaçov tələbəlik illərindən Kommunist Partiyasınını üzvü olub və bu, onun gələcək karyerasında mühüm rol oynayıb.
7. Ali təhsilini bitirdikdən sonra onun təyinatı Stavropol prokurorluğuna verilsə də, o, öz ixtisası üzrə cəmi 10 gün işləyib. Sonrakı fəaliyyətini komsomol orqanlarında davam etdirib.
Mihail-Gorbachev-interesnyefakty.org-2.jpg (120 KB)
8. Qorbaçov partiya orqanlarında çox qısa zamanda özünü Kreml məmurlarına tanıtdıra bilib. O, 35 yaşında Stavropol şəhər partiya komitəsinin, dörd ildən sonra isə Stavropol diyar partiya komitəsinin birinci katibi vəzifəsinə təyinat alıb.
9. Qorbaçovun vəzifə karyerasında Stavropolda işləməyi xüsusi rol oynayıb. Belə ki, sovet dövründə Siyasi Büro üzvləri, Mərkəzi Komitənin katibləri, nazirlər və komitə sədrləri əsasən Stavropol diyarının ərazisində yerləşən və SSRİ-nin ən yaxşı kurort şəhərləri sayılan Kislovodskda, Yessentukidə, Jeleznovodskda istirahət ediblər. Bundan səmərəli istifadə edən Qorbaçov siyasi elita ilə yaxın əlaqələr qurmağı bacarıb.
10. Mixail Qorbaçov 1978-ci ildə Mərkəzi Komitənin kənd təsərrüfatı üzrə katibi vəzifəsinə təyin edilib. Bu vəzifəyə Leonid İliç Brejnevin başqa namizədi olsa da, baş katib DTK sədri Yuri Andropovun xahişini yerə salmayıb.
11. Qorbaçovun Kremldəki əsas hamisi Yuri Andropov olub.
Mihail-Gorbachev-na-tribune-Mavzoleya-1990-god.jpg (101 KB)
12. Mixail Qorbaçov sovet liderləri arasında yeganə siyasətçi olub ki, o, hələ vəzifədə olarkən haqqında “Vətənə xəyanət” maddəsi ilə cinayət işi qaldırılıb, 1991-ci ilin sentyabrında rəsmi olaraq Litva, Latviya və Estoniyanın müstəqilliyini tanımaqda ittiham olunub. Cinayət işini SSRİ baş prokurorunun böyük köməkçisi Viktor İlyuxin rəsmiləşdirib. İstefasından sonra Qorbaçov haqqında cinayət işini xətm ediblər.
13. Hakimiyyətdə olduğu dövrdə Qorbaçova beş dəfə sui-qəsd cəhdi olub. Bu cəhdlərdən qorxan Qorbaçov İsveçrədə keçirilən tədbirdə tribunada çıxış edərkən qəfil qızarmağa başlayanda elə düşünüb ki, tədbirdən öncəki ziyafətdə onun yeməyinə zəhər qatıblar. Sonrakı müayinələrdə aydın olub ki, sovet liderinin bəzi qida məhsullarına qarşı kəskin allergiyası var.
14. 1985-ci ildə Qorbaçov böyük etirazlarla qarşılanan “antialkoqol kampaniyası”na başlamasına baxmayaraq, kampaniyanın qadağalarını özünə tətbiq etməyib. Belə ki, o, rəsmi və qeyri-rəsmi tədbirlərdə heç vaxt alkoqollu içkilərdən imtina etməyib.
1581519113_mikhail-gorbachev-s-zhenoy-raisoy.jpg (170 KB)
15. Qorbaçov gələcək həyat yoldaşı Raisa Titarenko ilə tələbəlik illərində mədəniyyət evinin rəqs meydançasında tanış olub. Onlar 25 sentyabr 1953-cü ildə ailə həyatı qurublar. Toy mərasimi Moskvanın Sokolniki rayonunda tələbə yeməkxanasında keçirilib. Cütlüyün 1957-ci ildə bir qız övladları dünyaya gəlib.
16. Mixail Qorbaçovun geyim, qidalanma və bütövlükdə həyat tərzinə, o cümlədən bəzi hallarda siyasi fəaliyyətində də Raisa Qorbaçova böyük təsirə malik olub.
17. 1990-cı ildə Mixail Qorbaçov Nobel mükafatına layiq görülüb.
Mihail-Gorbachev.jpg (85 KB)
18. Mixail Qorbaçov sabiq prezident kimi hazırda böyük güzəşt və imtiyazlara malikdir, mühafizə, sürüçü, ev xidmətçisi, tibbi xidmət, ödənişsiz istirahət göndərişləri, yüksək pensiya, hətta şəxsi silah gəzdirmək hüququ. Amma təbii ki, vaxtında çox qırğınların səbəbkarı olan Qorbaçov bu gün silah gəzdirmək gücündə və iqtidarında deyil...
İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10