Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Türk kəşfiyyatı o qədər qeyri-peşəkardır ki, atdığı addımı hər kəs bilir?”


İlham İsmayıl: “Türkiyə Ermənistanda kəşfiyyat işləri apara bilər, amma sosial şəbəkələr vasitəsilə belə məlumatın yayılması gülməlidir”
 
Ermənistan mediasında və sosial şəbəkələrdə Türkiyə kəşfiyyatı ilə bağlı yayılan xəbərlər şok effekt yaradıb. Düşmən ölkənin mediası “Telegram” kanalı olan “Livenyus.am”-a istinadən məlumat verib ki, Türkiyə xüsusi təyinatlarının 13 nəfərdən ibarət qrupu Gürcüstan ərazisindən Ermənistana daxil olub.
 
İddia edilir ki, qrupa Türkiyənin 3-cü Səhra Ordusunun Əməliyyat şöbəsi, Hərbi kəşfiyyat, planlaşdırma və kəşfiyyat koordinasiya şöbəsinin nümayəndələri daxildir. Guya, türk komandoslar Ermənistanın Baş Qərargah rəisi Onik Qasparyanı və orduda xüsusi rol oynayan generalları zərərsizləşdirmək üçün gəliblər.
 
Yayılan məlumatlarla bağlı Ermənista Milli Təhlükəsizlik Xidməti açıqlama verərək, sözügedən iddiaların yalan olduğunu bildirib: “Türkiyə xüsusi təyinatlarının Ermənistana gəlməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bunu təkzib edərək həmvətənlərimizi dezinformasiyaya uymamağa, sayıq olmağa və yoxlanılmamış məlumatlardan uzaq durmağa səsləyirik”.
 
Məlumdur ki, Ermənistanda siyasi böhran dərinləşib və iqtidarla müxalifət arasında qarşıdurma pik həddə çatıb. Xüsusən də, ordunun Baş Qərargahının Baş nazir Nikol Paşinyanı və hökuməti istefaya çağırması və hərbi çevrilişə cəhddən sonra belə bir informasiyanın verilməsi maraq doğurur. Ekspertlər bildirirlər ki, sözügedən informasiya erməni müxalifəti tərəfindən ortaya atılıb və uydurma xarakterlidir.
 
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı, ehtiyatda olan polkovnik-leytenant, təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyib ki, bu, əleyhdarları tərəfindən Nikol Paşinyana qarşı siyasi şantajdır: “Kəşfiyyat işi elə sıradan iş deyil ki, tələm-tələsik addım atılsın. Yayılan dezinformasiyada adlar çəkilir, türk kəşfiyyat orqanlarının adları bildirilir və guya, komandoslar gəlib Onik Qasparyanı və digər generalları məhv edəcəklər. Bütün bunlar Paşinyanı satqınlıqda günahlandırmaq üçün ortaya atılan növbəti yalandır”.
Əli Nağıyevlə ermənilərə qarşı çiyin-çiyinə vuruşmuşuq” – İlham İsmayıl  (AÇIQLAMA) – Turkustan.info
“İndiyədək deyirdilər ki, Paşinyan Azərbaycan və Türkiyə xüsusi xidmət orqanlarının agentidir və s. İndi xüsusi olaraq bunu qabardırlar ki, guya, kəşfiyyatın ölkəyə daxil olmasına Paşinyan zəmin yaradıb, icazə verib ki, ona qarşı olan generalları məhv eləsin. Məsələ burasındadır ki, Ermənistanda hərbi çevriliş cəhdini rəsmi Ankara pislədi. Müxalifət də bu məsələdən istifadə edib, hökumətə qarşı etirazları artırmaq istəyir. Bizim üçün Paşinyan da, erməni müxalifəti də düşməndir – heç bir fərqləri yoxdur. Sadəcə olaraq, onlar öz aralarında çəkişirlər, siyasi proseslərdə dividend qazanmaq istəyirlər. Bir-birini şantaj etmək, bir-birini satqınlıqda ittiham etmək üçün belə xəbərlər yayırlar”, - həmsöhbətimiz bildirib.
 
Ekspertin fikrincə, münaqişəsi tərəflərinin bir-birləri haqqında kəşfiyyat informasiyası toplaması normal haldır: “Türkiyə Ermənistanda kəşfiyyat işləri apara bilər, hətta, casusları ola bilər ki, bu, bütün dünyada belədir. Bu, tamam başqa məsələdir. Amma sosial şəbəkələr vasitəsilə belə məlumatın yayılması gülməlidir. Türkiyə kəşfiyyatı Ermənistana keçibsə belə, bundan ermənilərin ən yaxşı halda, 1-2 aydan sonra xəbəri ola bilərdi. Türkiyə xüsusi xidmət orqanları o qədər qeyri-peşəkar oldu ki, açıq verdi və sosial şəbəkələrə məlumat sızdı?! Kəşfiyyatçı Gürcüstandan Ermənistana keçəndə elan edir ki, “mən bura kəşfiyyata gəlmişəm”? Anormal və qeyri ciddi iddiadır”.
 
İ.İsmayıl qeyd edib ki, Ermənistanda belə iddiaları ortalığa atanlar qeyri-peşəkar insanlardır: “Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi var – Artur Vanesyan. Bu adam cəmi bir il bu quruma rəhbərlik etdi və sonradan qovuldu. Mən onun mətbuata verdiyi açıqlamalarına baxıram, bu adam o qədər qeyri-peşəkardır ki... Bir dəfə demişdi ki, guya, bunun şəxsi əlaqələri var, elə edə bilər ki, Azərbaycanın antiterror əməliyyatı ilə əsir götürdüyü erməni hərbçiləri bir günün içində azad edilər. Və guya ki, bunu etmək üçün səlahiyyəti yoxdur. İndi Türkiyə kəşfiyyatı ilə bağlı yayılan xəbərlər də Vanesyan kimi peşəkar olmayan insanların ortaya atdığı dezinformasiyadır”.

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10