Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Bir Qacar ailəsinin Şuşa hekayəsi (FOTOLAR)


"Harda dağlıq, çəmənlik görürdüsə, Şuşanı xatırlayıb kədərlənirdi. Bir dəfə bir dağlıq yerdə Xarıbülbülə rast gəldi. Çox kövrəlmişdi. Ən çox ona yanıram ki, bu qədər həsrət çəkdi, amma Şuşanı gedib görə bilmədi".


Bu sözləri Şuşadan məcburi köçkün olan, mərhum polis mayoru Aristotel Bəhmənovun həyat yoldaşı Leyla Bəhmənova deyir. 

Bəhmənovlar Şuşanın ən köklü ailələrindəndir. Qacarlar sülaləsinin nümayəndələrindən biri, Fətəli şahın nəvəsi, Abbas Mirzənin oğlu Bəhmən Mirzə Qacarın nəslinin davamçılarıdır onlar. 

31 oğul, 32 qız atası...

Tarixi mənbələrə görə, Cənubi Azərbaycanın hakimi və taxt-tacın varisi Bəhmən Mirzə Qacar 1848-ci ildə saray çəkişmələri nəticəsində Qafqaza qaçaraq, ruslardan sığınacaq istəyib. Rus hökuməti onu şərəf və dəbdəbə ilə qarşılayaraq, şaha layiq təqaüd kəsir və Rusiyanın hər hansı bir yerində yaşamaq hüququ verir. Amma Bəhmən Mirzə Qacar Şuşada yaşamaq istədiyini bildirir və öz hərəmləri, uşaqları, yaxın ətrafı ilə ora köçür. Bəhmən Mirzənin 31 oğlu, 32 qızı olub. O, oğlanlarına və nəvələrinə Avropa təhsili verib. Oğullarının əksəriyyəti hərbçi olub. Birinci Dünya Müharibəsi ərəfəsində onların arasından 6 general və bir neçə zabit çıxmışdı. Tarixçilər yazır ki, Bəhmən Mirzənin nəvələri Oktyabr inqilabını qəbul etməyib və hətta bir neçəsi bu yolda canından keçib. 

Şahzadənin sonrakı həyatı...

Aristotel Bəhmənovun atası şahzadə Keymah Bəhmənov Bəhmən Mirzənin nəvəsi, Keyqubad Mirzənin oğludur. 1914-cü ildə Şuşada, Bəhmən Mirzənin saraynda anadan olan Keymah Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirir, sonra da Dəvəçi (indiki Şabran) rayonunun Pirəbədil kəndinə təyinat alır. Elə burda da Pəri Sultanova ilə ailə həyatı qurur. 

Pəri Sultanovanın sonradan Azərbaycan SSRİ-nin Maarif Xalq Komissarı olmuş Ayna Sultanovanın bacısı olduğu deyilir. Keymah Bəhmənovun onunla nikahından iki oğlu dünyaya gəlib. Hər ikisinə filosof adı qoyub - Dekart və Herman. Dekart çox gənc yaşlarında həyatdan köçüb.

Sovetlər zamanı Keymah Bəhmənovun doğulduğu saray sonradan onların əlindən alınıb və "Şuşa" Pansionatı kimi istirahət zonasına çevrilib. 

Keymah Bəhmənov 1941-ci ildə Böyük Vətən Müharibəsinə yollanıb. Elə həmin ərəfədə də həyat yoldaşını itirib. Müharibədən sonra fəaliyyətini Ağdamda davam etdirib və elə burada da əslən Abdal kəndindən olan Şəfiqə Əliyeva ilə ailə qurub. Bu nikahdan onun 3 oğlu, 3 qızı dünyaya gəlib. Keymah Bəhmənov 1947-ci ildən 1991-ci ilə qədər Şuşa şəhərində yerləşən Kənd Təsərrüfatı Texnikumunda müəllim kimi çalışıb. Gəncliyindən fəlsəfəyə, riyaziyyata böyük sevgisi olan alim bu oğlanlarına da sevdiyi filosofların adını verib - Hoffer, Bunzen və Aristotel.

Ömrünün 77-ci ilində, 1991-ci ildə vəfat edən Keymah Bəhmənov Qacarlar sülaləsinə məxsus "Şahlıq Türbəsi"ndə dəfn edilib.

Köçkünlükdə bitən ömürlər...

Bəhmənovun ikinci nikahdan dünyaya gələn hər 3 oğlu Birinci Qarabağ Müharibəsində iştirak edib. Ailənin kiçik oğlu Aristotel Bəhmənov isə batalyon komandiri olub, Şuşanın işğal gününə qədər torpağı uğrunda vuruşub. Sonradan isə Tərtər uğrunda gedən döyüşlərdə iştirak edib. Müharibəyə qədər Şuşada yol polisi kimi fəaliyyət göstərən A.Bəhmənov atəşkəs elan edildikdən sonra işini davam etdirib. 

Polis sistemində müxtəlif vəzifələrdə çalışan Qarabağ veteranının ən böyük istəyi Şuşaya qayıtmaq olub. Amma əcəl imkan vermədi...

Şuşasız keçən 29 il öncə böyük qardaşlarının ömrünü sonlandırıb. Son illər xəstəlikdən əziyyət çəkən A.Bəhmənov Şuşanın işğaldan azad olunduğu günü görsə də, oraya gedə bilmədi.

Tarixin təkrarlandığına inanan Leyla Bəhmənova övladlarının da bu nəslin ləyaqətli davamçısı olacağını düşünür: "İndi Qacarlar nəslinin davamçıları var. Aris də ulu babası kimi övladına Avropa təhsili verdi, oğlumuz Ağaməhəmməd Fransada təhsil alıb, indi hərbi xidmətdədir. Bir qızım həkimdir, digər qızım isə atasının yolunu davam etdirir, polis baş leytenantıdır". 

"Şuşa işğaldan azad olunan gün Sabir Rüstəmxanlı telekanalların birində bu barədə danışırdı. Ona qulaq asdıqca, uşaq kimi hönkür-hönkür ağlayırdı. Çox həyəcanlıydıq, Şuşaya qayıdacağımız günü gözləyirdik. Mümkün olmadı, Arisi də (yaxınları onu belə çağırırdı) digər qardaşları kimi bu qəriblikdə torpağa tapşırdıq. Amma Şuşadakı evimizdən torpaq gətirilmişdi, onu qəbirinin içinə, baş tərəfdən tökdük", - Leyla Bəhmənova deyir. 

O, Şuşaya qayıtmaq üçün gün saydıqlarını söyləyir: "Xoş günlərimizin, gözəl xatirələrimizin hamısı Şuşayla bağlıdır. Bakı mənim üçün xüsusi bir yer deyil. Baxmayaraq ki, Bakıya gəldiyimiz zamanlardan Aris vəzifə sahibi olub, burada çalışıb, normal yaşamışıq. Yenə də elə bilirəm ən xoş günlərim Şuşada qalıb. Çox həsrətlə ora qayıdacağım günü gözləyirəm. Mən ora tək getməyəcək, Aris də hər zaman mənimlə olacaq".
 







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10