Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Xruşovun qəzəbinə düçar olan, ehtiyac içində yaşayan Molotov – baş nazirlikdən sıravi təqaüdçülüyə...


İosif Stalinin hakimiyyəti illərində ölkənin ikinci şəxsi sayılan Vyaçeslav Molotov mövcud hakimiyyətin ən qapalı siyasi fiqurlarından biri olub. “Böyük təmizlik”dən təmiz çıxan, həyat yoldaşı Polina Jemçujina “yəhudi millətçiləri ilə cinayət əlaqələrində” ittiham olunaraq həbs olunduqdan sonra da Kremldə mövqelərini tam itirməyən Molotov Stalinə son dərəcə sədaqətli olduğuna görə “toxunulmaz” şəxsə çevrilib.
Vyaçeslav Molotova Stalin tərəfindən kifayət qədər böyük səlahiyyətlər verilib. O, 1930-1941-ci illərdə SSRİ Xalq Komissarları Sovetinin (baş nazir) sədri vəzifəsində işlədiyi dövrdə bir çox qərarları öz təşəbbüsü ilə sərbəst şəkildə qəbul edib. Digər həmkarlarından fərqli olaraq Molotov iclas və müşavirələrdə, rəsmi və qeyri-rəsmi ziyafətlərdə çox danışmağı sevməyib, fikirlərini konkret bildirib, tənqidi məsələlərdə isə sərt mövqeyi ilə seçilib.
gessen-molotov-coattails.jpg (133 KB)
Dəbdəbəli və zəngin həyatı xoşlamyan Molotov dövlət məmuru kimi sahib olduğu güzəşt və imtiyazlardan minimum istifadə edib. Yaşadığı üçotaqlı mənzildə hər şey çox sadə, sıravi sovet vətəndaşlarının mənzillərindəki kimi adi olub. Sovet istehsalı olan ev avadanlıqları və sadə təmir. Müasirlərinin söylədiklərinə görə, onun mənzilində yalnız bir fəqli “mənzərə” olub. Yataq otağına qoyduğu elektrik samovarı.
Sadə yaşam tərzi ilə qane olan Molotov yüksək vəzifələrdə işlədiyi dövrlərdə yəqin ağlına belə gətirməyib ki, nə vaxtsa ehtiyac içində yaşayacaq.
Məlum olduğu kimi, 1957-ci ildə Vyaçeslav Molotov, Georgi Malenkov və Lazar Kaqanoviç (antipartiya qrupu) Nikita Xruşovun hakimiyyətdən devrilməsinə cəhd ediblər. Bu cəhd baş tutmayandan sonra Xruşov onu dövlət nəzarəti naziri vəzifəsindən azad edib, o cümlədən o, SSRİ Ali Soveti Rəyasət Heyəti və Mərkəzi Komitə üzvlüyündən də çıxarılıb. Bütün bunlarla kifayətlənməyən Xruşov Molotovu Moskvadan da uzaqlaşdırıb, onu Monqolustana səfir göndərib. Daha sonra Molotov 1961-ci ilə qədər Vyanada sovet diplomatı kimi fəaliyyət göstərib.
scale_1200.jpg (70 KB)
1961-ci ildə Xruşov partiyanın 22-ci qurultayında Molotovu Stalinin qanusuz hərəkətlərinin, həmin illərdəki haqsızlıqların iştirakçısı və bu işlərdə birbaşa Stalinə dəstək verən bir dövlət məmuru kimi ittiham edib və onun partiya sıralarından xaric olunması məsələsini qaldırıb. Xruşovun bu təşəbbüsündən sonra Molotov partiyadan xaric olunub.
Xruşov Molotovun müşavirədə söylədiyi “Sizə ən çoxu yalnız kənd təsərrüfatı naziri vəzifəsini həvalə etmək olar” kimi fikrini unutmayıb. O, qisas almaq üçün son variantlara belə əl atıb. Molotovun yaşadığı üçotaqlı mənzili də onun əlindən alıb. Əvəzində isə Moskva ətrafında olan kəndlərin birində Molotova ikiotaqlı kiçik bir ev verilib. Bununla da Molotovun ehtiyac içərisində yaşadığı günlər başlayıb.
4.jpg (162 KB)
Vyaçeslav Molotova 300 rubl həcmində pensiya kəsilib. O, bu pulla həm kommunal xərcləri ödəyib, həm evin istiliyi üçün kömür alıb, həm də evdə ona xidmət göstərən tibb bacısına ödəniş edib. Bu illər ərzində Molotov şəhər poliklinikasına elektrik qatarı ilə gedib. Poliklinikada sıravi vətəndaşlar kimi növbə gözləyib. Bəzi hallarda ona təyin olunan dərman preparatlarını almağa pulu çatmayıb.
7.jpg (168 KB)
Molotov bütün bu ehtiyacların içində dəfələrlə Kremlə yardım etmələri üçün müraciət edib. Ancaq bu müraciətlər nəticəsiz qalıb.
Nəhayət, 1964-cü ildə Xruşovun devrilməsindən sonra Kremldə Molotovun səsini eşidənlər tapılıb. O, növbəti dəfə SSRİ Nazirlər Sovetinin işlər idarəsinə zəng vuranda idarənin rəisi Mixail Smirtyukovla danışa bilib. Telefon danışığı gərgin keçib:
- Mixail Sergeyeviç, sizinlə danışan Molotovdur. Mən dəfələrlə sizə yazılı müraciət etmişəm. İşlər idarəsi olaraq mənim müalicə, mənzil, pensiya məsələlərim birbaşa sizinlə bağlıdır. Mənim ayaqlarımda ciddi xəstəliklər var. Mən hər gün ictimai nəqliyyatla şəhərin mərkəzinə müalicəyə gedə bilmirəm. Yaşadığım kənd evinin təmiri bərbad vəziyyətdədir. Mənə xidmət göstərən tibb bacısına da artıq pul ödəyə bilmirəm. Axı siz mənim kim olduğumu və bu günkü vəziyyətimi anlamalısınız.
загружено.jpg (66 KB)
Vaxtilə Molotovun tabeliyində işləyən Mixail Smirtyukov Molotovun iradlarını, şikayətlərini sakitliklə qəbul edib:
- Mən hər şeyi yaxşı anlayıram. Yaxın günlərdə bütün şikayətləriniz araşdırılacaq və müsbət həllini tapacaq.
“Yaxın gün” bir neçə ay çəksə də, Molotovun şikayətlərinə Kremldə baxılıb. Şəhərdə yaşadığı mənzili yenidən onun özünə qaytarıblar. Pensiyasını 50 rubl qaldıraraq 350 rubla çatdırıblar. Tibb bacısına isə dövlət maaş ayırıb.
Həmin illərdə Molotovun yalnız bir xahişi təmin edilməyib, partiya sıralarına bərpa olması xahişi. Hansısa səbəbdən Brejnev bu məsələyə müsbət cavab verməyib. Amma buna baxmayaraq, təmkinli Molotov partiya sıralarına bərpa olunmaq üçün ömrünün sonuna qədər mübarizə aparıb. Yeddi dəfə infarkt keçirən sabiq baş nazir 1984-cü ildə, 93 yaşında yenidən kommunist partiyasının üzvü olub.
İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10