Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Vahid jurnalist vəsiqəsi lazımdırmı?


“Düşünürük ki, hazırda jurnalist olmaq üçün ali təhsil kifayətdir. Bizim təhlillərimiz onu göstərir ki, bu gün media nümayəndəsi olduğunu iddia edən hər bir şəxsin cibində jurnalist vəsiqəsi var. Jurnalistlərimiz və media subyektlərimiz bundan böyük narahatlıq keçirirlər”.
Bunu yeni yaradılmış Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılov “REAL TV”yə müsahibəsində deyib. “Jurnalist işləmədən cibində hər hansı bir vəsiqə gəzdirənlər, cəmiyyətimizin içərisində fəaliyyət göstərən insanlar da var. Amma indiki halda onların jurnalist olub-olmadığını müəyyən etmək mümkün deyil. Ona görə də, jurnalistlərə sürücülük vəsiqəsi kimi vahid vəsiqənin verilməsi təklifi ilə çıxış edə bilərik və “Media haqqında” yeni qanun layihəsinin hazırlanması prosesində bunu müzakirə edəcəyik”, – deyə o, söyləyib.
Bəs, media mütəxəssisləri bu barədə nə düşünürlər?
Media məsələləri üzrə hüquqşünas Ələsgər Məmmədli “Press Klub”a açıqlamasında bildirdi ki, mediaya şərait yaratmaq, azad mühiti təmin etmək hökumətin vəzifəsi olsa da, jurnalistləri qeydiyyata almaq və onları sistemli şəkildə bir vəsiqəyə tabe etmək hökumətin vəzifəsi deyil:
“Çünki jurnalistika, media hökumətə nəzarəti həyata keçirir. Hökumət jurnalistlərin fəaliyyətinə müdaxilə edə, kimin jurnalist olduğunu, kimin isə olmadığını müəyyən edə bilməz. Hansı medianı oxumaq, izləmək insanların seçimidir. İstər A-nı oxuyarlar, istərsə də B-ni. Burda önəmli olan o mühitin olmasıdır. Hökumətin burda yeganə funksiyası dövlət qurumlarının şəffaflığını təmin etmək və jurnalistlərə diskriminativ yanaşma olmadan hər kəsin informasiya almaq hüququna təminat verməkdir. İndi belə çıxır ki, hökumətin verdiyi sarı vəsiqəli jurnalistlərin sorğularına cavab veriləcək, qırmızı və ya başqa rəngdən olan vəsiqə daşıyan jurnalistlərin sorğularına cavab verilməyəcək? Hökumətin bu imkanı varmı? Konstitusiya ilə hər kəsə tanınan hüququ hökumət necə birinə verib, digərlərinə verməyə bilər? Vahid vəsiqənin tətbiq olunmasının məqsədi nədir? Sarı vəsiqəsi olan jurnalistlər doğru, digərləri isə yalan yazacaq? Bu günə qədər hökumətin nəzarətində olan jurnalistlər yalnız doğruları yazıb? Heç bahalı hədiyyələr almayıb? Deməli, bu iş vəsiqə ilə olmur. Bu, daha çox peşəkarlığa və mühitə bağlı olan məsələdir. Hökumət peşəkar jurnalistə lazımi mühiti təmin etməlidir”.
Sözügedən vəsiqə vasitəsilə reket jurnalistikanın qarşısının alınacağına gəldikdə isə ekspert sual etdi ki, buna nə mane olacaq? “Reketlik niyyət məsələsidir. Əgər reket varsa, buna qarşı hüququn yolu başqadır. Hazırda Mətbuat Şurasının bir üzvü reketliklə əlaqədar həbsdədir. Hökumətin də yaxşı tanıdığı və seçdiyi adam idi.  Ona görə də bu məsələni reketliklə əlaqələndirmək çox yersizdir”, – deyə Ə.Məmmədli vurğuladı.
Jurnalist, teletənqidçi, filologiya elmləri doktoru, BDU-nun professoru Qulu Məhərrəmli təklifin birmənalı qarşılanmadığını söylədi.
O, dünyanın heç bir yerində belə bir praktikanın olmadığını qeyd etdi:
“Bu praktikaya çox nadir hallarda rast gəlmək olar. Qardaş Türkiyədə “sarı vəsiqə” anlayışı var idi. Amma o, özündə əlavə keyfiyyətlər daşıyırdı. Məsələn, vəzifənin icrası zamanı nəqliyyatdan pulsuz istifadə, hər hansı stuasiyalarda müəyyən üstünlüklər və s… Amma bizdə jurnalistlərə vahid vəsiqələrin verilməsi müəyyən suallar doğurur: bu vəsiqələr kimlərə veriləcək? Müstəqil jurnalistlər var ki, onlar heç bir media qurumunda çalışmır, yalnız araşdırmalar aparır, redaksiyaların sifarişlərini yerinə yetirir. Həmin insanlara vahid vəsiqə veriləcəkmi?”
Ekspertin sözlərinə görə, təklifin əleyhinə olanlar hesab edir ki, vəsiqə bir növ jurnalistika fəaliyyəti üçün lisenziya rolunu oynaya bilər:
“Əgər mənim vəsiqəm varsa, jurnalistliklə məşğul ola bilərəm, yoxdursa, mən jurnalistika fəaliyyəti ilə məşğul ola bilmərəm. Blogerlər də jurnalistika fəaliyyəti ilə məşğuldur. Onlar necə olacaq? Bütün bunlara cavab lazımdır. Vəsiqələr heç bir halda jurnalist fəaliyyətinin, mətbuat azadlığının məhdudlaşdırılmasına yönələ bilməz”.
“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camal isə irəli sürülən təklifi dəstəkləyir:
“Bu, müsbət addımdır. Medianın yenilənməsi, təmizlənməsi, sırf professional məcrada inkişafı üçün bu cür addımların atılmasına, bu cür islahatlara çox böyük ehtiyac var. Biz əvvəl də bir neçə dəfə bu barədə müzakirələr aparmışdıq. Bütün jurnalistlərə ayrı-ayrı media vəsiqələrinin deyil, vahid bir qurumun vəsiqəsinin verilməsi doğru addımdır. Medianın İnkişafı Agentliyi tərəfindən vahid vəsiqələrin verilməsi çox yaxşı olar. Bu, reket medianın qarşısını almağa çox ciddi təsir göstərə bilər. Media sahəsi həddən artıq acınacaqlıdır. Mediaya heç aidiyyəti olmayan insanlar çox rahatca domen adını qeydiyyatdan keçirib, özünü media kimi təqdim edə bilir. Halbuki onların nə ofisi, nə kollektivi, nə də ünvanları var. Evində dizlərinin üstünə kompüteri qoyub, özlərini media kimi təqdim edə bilir, jurnalist vəsiqəsi çap etdirirlər. Sonra da bundan çox aşağı məqsədlər üçün istifadə edirlər və jurnalistika adına çox böyük ləkə gətirən addmlar ortaya çıxır. Təəssüf ki, bunun qarşısını inzibati metodlarla almaq hər zaman mümkün olmur. Nəticədə jurnalistika hörmətdən və nüfuzdan düşür. Ona görə də bu təklifi alqışlayıram və dəstəkləyirəm”.
Media eksperti, jurnalist Seymur Kazımov əvvəl də belə bir praktikanın olduğunu xatırlatdı:
“Mətbuat Şurası da vaxtilə “sarı kart” sistemi tətbiq etmişdi. Həmin vəsiqədən müəyyən redaksiyalara və jurnalistlərə də verilmişdi. Bu isə guya reket jurnalistikaya qarşı mübarizə aparmaq üçün idi. Onun heç bir effekti və nəticəsi olmadı. Reket jurnalistikaya qarşı vahid jurnalist kartı ilə mübarizə aparmaq olmaz. Reket jurnalistika ilə qanunla mübarizə aparmaq lazımdır. Bunun üçün də qanunvericilik var”.
S.Kazımov hesab edir ki, Medianın İnkişaf Agentliyi medianın inkişaf strategiyası haqqında düşünməlidir:
“Köhnə təcrübələri yenidən tətbiq etməklə nəyəsə nail olmaq mümkün deyil. Çünki bu təcrübə bir dəfə tətbiq olunub və heç bir nəticəsi olmayıb. Mətbuat Şurası bir tərəfdən bu tip vəsiqələr paylayırdı, digər tərəfdən də şikayətlər üzrə bir komissiya yaratmışdı. Həmin komissiyaya müraciət edənlərin 90 faizi də reket jurnalistlərdən şikayətçi idi. Deməli, effekti olmadı, başqa metodlar düşünmək lazımdır. Medianın İnkişafı Agentliyi ölkədə medianın inkişafına imkan verən qanunvericilik bazasının formalaşdırılmasına çalışmalıdır, reklam bazarının inkişafına, medianın maliyyə dayaqlarının inkişaf etdirilməsinə öz töhfəsini verməlidir, medianın müstəqilliyinə imkan yaratmalıdır. Vahid kart kimlərə veriləcək? Kimin jurnalist olduğunu və ya olmadığını kim təyin edəcək? Jurnalistə kartı jurnalistin çalışdığı media orqanının rəhbəri verir. Jurnalist də həmin vəsiqəsini hər yerdə göstərir və fəaliyyətini davam etdirir. O zaman bu kartların aqibəti necə olacaq? Medianın İnkişafı Agentliyinin bu məsələlərə subyektiv yanaşmayacağına kim qarantiya verə bilər?! Vəsiqələri olan jurnalistlər fəaliyyət göstərməyəcək?!”
Ekspertin fikrincə, medianın onsuz da ağır olan vəziyyətini gərginləşdirmək lazım deyil:
“Bunu mənasız və qeyri-ciddi iş hesab edirəm. Bu, heç bir inkişafa gətirib çıxarmayacaq, əksinə, narazılığı bir qədər də artıracaq. Buna redaksiyaların özləri etiraz etməlidir. Deməli, redaksiyaların vəsiqələri tanınmır ki, kənardan bir qurum gətirib onlara vəsiqə verir. O zaman redaksiyalar qapılarını bağlayıb işləməsinlər”.
pressklub.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10