Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Onu heç bir “fövqəlqüvvə” xilas edə bilməyəcək: Həsənquliyevin dili ilə danışmaq


Azərbaycanda rüşvətxor və korrupsioner məmurlarla bağlı hüquqi müstəvidə ölçü götürülməsi cəmiyyətdə rəğbətlə qarşılanıb. Bu proses ciddi informasiya resursları ilə yanaşı, sosial şəbəkələrdə də müxtəlif kontekstlərdən müzakirə olunur. Əksəriyyət vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, külli miqdarda vəsait əldə etmiş, bununla da dövlət büdcəsinə xeyli ziyan vurmuş həmin şəxslərin sərt şəkildə cəzalandırılmasını alqışlayır.
Cenub.az bildirir ki, analoji çağırış cəmiyyətin ən müxtəlif kateqoriyalarını təmsil edən insanlar tərəfindən də səslənməkdədir. Təkcə ictimai-siyasi fəallar deyil, elm adamları, mədəniyyət və incəsənət xadimləri, o cümlədən, sadə vətəndaşlar rüşvət və korrupsiya maşınının “tormozlanmasının” vacibliyini dilə gətirirlər. Siyasi iqtidarın dövlət büdcəsini talan etmiş sabiq və indiki məmurlara qarşı barışmaz mövqe sərgiləməsi prosesi daha da sürətləndirib.
Qeyd edək ki, 2020-ci ilin əvvəllərindən başlayan bu kampaniya uğurla davam etməklə yanaşı, ciddi nəticələrlər yadda qalıb. Sabiq nazir Səlim Müslümovun və onun “sağ əli” sayılan Əjdər Cəbiyevin həbsi, Mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramovun DTX tərəfindən saxlanılması, vaxtilə icra başçısı işləmiş 7 nəfərin istintaq altında olması korrupsioner və rüşvətxor məmurlara qarşı mübarizənin dönməz xarakter aldığını gösrtərir. Hadisələrin gedişi onu deməyə əsas verir ki, hakimiyyət ierarxiyasında hansı postu tutmasından asılı olmayaraq, vəzifə səlahiyyətlərini aşmış, konkret cinayət əməli törətmiş hər bir şəxsin yolu məhbəsdən keçəcək.

Müşahidələrimiz onu göstərir ki, Azərbaycanda yeni siyasi şəraitin yaranması, cəzasızlıq mühitinin tədricən aradan qalxması cəmiyyətdə rəğbətlə qarşılansa da, hakimiyyət mənsubları arasında ciddi narahatlıq yaradıb. Onların canlarını qurtarmaq üçün ən müxtəlif üsullara əl atması, hətta ölkəni tərk etməyə çalışması yayılan xəbərlər arasındadır. Ilk fürsətdə aradan çıxmağa çalışan sabiq və indiki məmurların sahib olduqları daşınmaz əmlakı satışa çıxardığına dair təkzibedilməz faktlar var. Bu sırada Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevlə yanaşı, eks-nazirlər Fazil Məmmədovun, Ziya Məmmədovun, Prezidentin keçmiş köməkçisi Əli Həsənovun və başqalarının adları hallanır. Hətta Ziya Məmmədovun istintaqa cəlb edildiyinə dair məlumatlar da var.
Qeyd edək ki, son günlər “vurulacaq” məmurların sırasında adı ən çox hallandırılanlardan biri də Fövqəladə hallar naziri Kəmaləddin Heydərovdur. Prezident İlham Əliyevin AzTV-yə müsahibəsindən sonra məşhur generalın cəzalandırılmaq ehtimalı daha da artıb. Hətta çoxları düşünür ki, “fövqəlnazir”i heç bir “fövqəl qüvvə”nin xilas edə bilməyəcək.
Aldığımız məlumatlara görə, keçmiş və indiki həmkarlarından fərqli olaraq, Kəmaləddin Heydərov taleyilə barışmaq niyyətində deyil. Nəzarətində çoxsaylı informasiya resursu olah generalın KİV-lərdə öz təbliğatını gücləndirdiyi, “əvəzedilməz fiqur” olduğuna dair rəy yaratmağa çalışdığı aşkar müşahidə olunur. Heydərovun bununla kifayətlənməyərək, “dirsək” göstərdiyini də söyləyə bilərik. “Fövqəlnazir”ə yaxınlığı ilə tanınan BAXCP sədri, Milli Məclisin üzvü Qüdrət Həsənquliyevin son açıqlamaları da bunu deməyə əsas verir. Onun “inzibati yollarla korrupsiya və rüşvətxorluğa qarşı mübarizə aparmaq mümkün deyil” məzmunlu bəyanatı da məhz Heydərovun arzusuyla dilə gətirdiyi bildirilir. Müşahidəçilər hesab edirlər ki, deputat bu dəfə özünün deyil, “fövqəlnazir”in sözünü deyib.

Ölkədə son sözü kimin dediyi isə hər kəsə məlumdur...

yenisabah.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10