Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“NKVD”-nin cəllad qadınları – Yejovun mükafatlandırdığı, Beriyanın həbs etdirdiyi “Qızıl Ayaq” Sofya Gertner



“Qızıl Ayaq” beynəlxalq futbol mükafatı olaraq mövsüm ərzində fərqlənmiş futbolçulara və klublara təqdim edilir.

Mükafatın təqdim olunması təntənəli şəkildə keçirilir və dünyanın aparıcı kütləvi informasiya vasitələrində qaliblər haqqında geniş açıqlamalar verilir. Bu mükafat 2003-cü ildə təsis edilsə də, bu adı hələ 1930-cu illərdə daşıyan bir şəxs də olub. O, futbol sahəsində fərqlənməyib, onun adı mətbuatda hallanmayıb və “Qızıl Ayaq” statusuna malik olduğunu yalnız yaxın ətrafında olanlar biliblər...

Sofya Oskarovna Gertner – 1930-cu illərdə “NKVD”-nin Leninqrad vilayəti idarəsində müstəntiq kimi xidmət edən bu qadını həmkarları və istintaqını apardığı şəxslər “Qızıl Ayaq” adlandırıblar. O, müstəntiq kimi xidmətə başlayanda “müştəriləri” ilə sorğu sual zamanı işini asanlaşdırmaq üçün yeni metod tətbiq edib. Belə ki, ittiham olunan şəxs istintaqa çağrılanda Gertner onu qollarını arxa tərəfə, ayaqlarını isə aralı şəkildə kəndirlə stula bağlatdırıb. Bu vəziyyətdə müstəntiqlə ittiham olunan şəxsin sorğu-sualı başlanıb.
01_big.jpg (123 KB)

İlk sualların cavabı Sofya Gertneri qane etməyəndə müstəntiq ayağı ilə ittiham olunanın aralanmış vəziyyətdə olan ayaqlarının tən ortasına (cinsiyyət orqanlarına) zərblə təpik vurub. Bu ağrılı prosedurdan sonra Gertner asanlıqla “müştərisindən” istədiyi ifadəni ala bilib və onun apardığı istintaqların siyahısında “xalq düşmənləri”nin siyahısı günü-gündən böyüyüb.

Sofya Gertnerin cəlladlıq ehtirası təkcə istintaq sorğuları ilə soyumayıb. O, bəzi hallarda könüllü şəkildə edam proseslərində iştirak edərək sərrast atıcılıq “qabiliyyətini” də nümayiş etdirib.

Sofya Gertnerin “NKVD” orqanlarında (əvvəllər Birləşmiş Dövlət Siyasi İdarəsi “OQPU”) doqquz illik xidməti tam məxfi saxlanılıb. Hətta onun ən yaxın adamları belə bu haqda məlumatsız olublar. Onun haqqında yalnız 1990-cı illərdən sonra məlumatlar üzə çıxıb.

Uzun illər DTK-nın Leninqrad vilayət idarəsində xidmət edən Yevgeni Lukin ilk dəfə bu haqda ətraflı açıqlama verib:
“SSRİ-nin dövlət təhlükəsizliyi orqanlarında ən qəddar cəlladlardan biri Sofya Gertner olub. Onun apardığı istintaqlar dəhşətli işgəncələrlə müşayiət olunub. Maraqlısı isə odur ki, bu cəllad qadın vəhşiliklərinə görə dəfələrlə mükafatlandırılıb, “NKVD” rəhbərləri olan Henrix Yaqoda və Nikolay Yejov Gertnerin xidmətləri yüksək qiymətləndiriblər. İşgəncələr hesabına Sofya Gertner istədiyi şəxsdən istədiyi ifadəni ala bilib. Elə buna görə də bir müstəntiq kimi onun istintaq nəticələri müsbət sayılıb...”

Moskvada, “NKVD”-nin mərkəzi aparatında Sofya Gertner diqqət mərkəzində olub. Nikolay Yejov qurumun rəhbərliyindən uzaqlaşdırılanda, Lavrenti Beriya “NKVD”-yə komissar təyin ediləndə Sofya Gertnerin dövlət təhlükəsizliyi orqanlarında karyerasına son qoyulub. Saysız hesabsız insanları xalq düşməni elan edən müstəntiq özü xalq düşməni kimi məhkəmə qarşısına çıxarılıb. Lavrenti Beriyanın göstərişi ilə o, 1939-cu ildə həbs edilib.
5e4f87a12daa.jpg (72 KB)

Sofya Gertner məhkəmə prosesində özünə bəraət qazandırmaq cəhdi ilə yanaşı cinayət əməllərini də etiraf edib:

“Mən doqquz il dövlət təhlükəsizliyi orqanlarında xidmət çalışmışam. Bəzi hallarda ifadə alarkən işgəncələr tətbiq etmişəm. Lazımi ifadələri almaq üçün bu yeganə çıxış yolu idi. Əks halda ittiham olunanlar öz günahlarını boyunlarına almırdılar. Xüsusilə qeyd edim ki, mən belə tapşırıqları yuxarıdan, rəhbərlikdən alırdım. Göstəriş belə gəlirdi ki, müəyyən olunmuş insanlar sürgünə göndərilməlidirlər, yaxud güllələnməlidirlər. Mən heç vaxt özümə aid olmayan işlərlə məşğul olmamışam. Yalnız mənə tapşırılan işləri göstərişə uyğun icra etmişəm. Bütün bunların müqabilində isə mən bu gün üzvü olduğum partiyanı, xidmətimi, həyat yoldaşımı, ailəmi itirirəm. Xahiş edirəm doqquz illik xidmətimi nəzərə alıb ədalətli hökm çıxarasınız...”

Uzun sürən prosesdən sonra 31 yanvar 1941-ci Məhkəmənin hökmü ilə Sofya Gertner 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və islah əmək kaloniyasına göndərilib.

Müharibə başlananda Sofya Gertner bir neçə dəfə İosif Stalinə, Lavrenti Beriyaya məktubla yazılı müraciətlər ünvanlayıb. Bu müraciətlərdə o, cəbhəyə göndərilməsini xahiş edib. Bir ildən sonra, 1942-ci ildə Sofya Gertner cəzaçəkmə müəssisəsindən cəbhə bölgələrinə xidmətə göndərilib. Müharibənin sonuna qədər o, döyüşən hərbi hissələrdə xidmət edib.
Фотка_1703337.jpg (66 KB)

Müharibədən sonra Sofya Gertner Leninqradda yaşayıb. Onun bəraət almaqla müraciətlərinə mənfi cavab verilib. Ancaq müharibədə iştirak etməsi və həmin illərdəki qüsursuz xidmətləri nəzərə alaraq ona təqaüd verilməsi məsələsi müsbət həll olunub.
Sofya Gertner 1984-cü ildə, 79 yaşında vəfat edib.

Qeyd edək ki, “Qızıl ayaq” təxəllüsü ilə məşhur olan Sofya Gertner bir neçə filmdə və kitabda “cəllad qadın” obrazı kimi əks olunub.

İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10