Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Həkimdən xəbərdarlıq: Gözünüz göz bəbəklərinizin üstündə olsun


“Son vaxtlar uşaqlarda görmə zəifliyi, quru göz sindromu ilə bağlı müraciətlər çoxalıb” – Oftalmoloq
 
Bir uşaq dünyaya gəldikdən 3-4 ay sonra görmə qabiliyyəti inkişaf etməyə başlayır və bu proses 7-10 yaşlara qədər davam edir. Bu mərhələdə yaranan problemlər isə çox vaxt gec aşkarlanır, çünki bu yaşda uşaqlarda hələ problemlərini ifadə etmə bacarığı tam formalaşmamış olur. Buna görə də yaranan problemlər bir çox hallarda gec aşkarlanır.
 
Bu səbəbdən valideynlər övladlarının gözlərinə qarşı daha diqqətli olmalıdırlar. Mütəxəssislər bu barədə danışarkən, valideynlərin diqqət etməli olduqları məqamları belə qeyd edirlər: “Övladınız sizinlə danışarkən necə göz kontaktı qurmağına fikir verin. Gözləri bir-birinə paralel dururmu və ya sizə baxarkən hansısa gözündə axma hiss edirsinizmi? Kitab oxuyarkən, televizora baxarkən gözlərini qıyması, bir gözünü bağlaması, tez-tez gözlərini qırpması, ovxalaması sizin üçün xəbərdarlıq ola bilər. Həmçinin oxuyarkən, yazarkən yaxından baxması, sətirləri ötürməsi, daim barmağı ilə izləməsi, tez-tez diqqətinin dağılması, həmçinin uşaqlarla oynayarkən topu tutmaq, öz ayaqqabısının bağını bağlamaq, paltarını düymələmək kimi əl-göz arasında koordinasiyanın olmasını vacib edən fəailiyyətlərdə çətinlik çəkməsi, məktəbdə yazı lövhəsindəki yazıları oxuya bilməməsi uşağınızın gözündə hansısa problemin olmasının xəbərçisi ola bilər”.
 
Oftalmoloq Lalə Mikiyeva açıqlamasında deyib ki, texnologiyanın inkişafı ilə əlaqədar olaraq, son vaxtlar uşaqlarda daha çox görmə zəifliyinə rast gəlinir: “Məktəb yaşlı uşaqların demək olar ki, 50 faizində görmə zəifliyi olur. Məktəbəqədər və ibtidai sinif dövründə isə daha çox çəpliklərə rast gəlinir. Bununla yanaşı, mövsümlə əlaqədar olaraq bakterial və virus konyunktivitlər və yaxud da allergik konyunktivitlər də çoxalır. Konyunktivit dediyimiz gözün selikli qişasının iltihabıdır. Bu problem özünü gözlərdə yanma, sancma, qaşınma kimi şikayətlərlə büruzə verir”.

Həkimin sözlərinə görə, sadalanan problemlərdə dərslərin onlayn formada keçirilməsinin də rolu çoxdur: “Kompüter, planşet, telefonla uzun müddət zaman keçirmək göz əzələlərində gərginliyə səbəb olur. Bu da zəncirvari olaraq akomodasiyanın spazmına, və görmə zəifliyinə gətirib çıxarır. Eyni zamanda, kompüter qarşısında çox vaxt keçirən insanlarda ən çox rast gəlinən problem quru göz sindromudur. Kompüter qarşısında olan işlər nəinki göz zəifliyi, həmçinin bir çox başqa xəstəliklərə də yol açır. Məsələn, osteoxondroz, beyin qan dövranının pozulması, yaddaş zəifliyi, baş ağrıları, sinir sistemində gərginlik, əsəbilik, özünə qapanma, həzm sisteminin pozulması və s.”
 
Mikiyeva bildirib ki, dərslər onlayn keçiriləndən bu yana ən çox görmə zəifliyi, quru göz sindromu və gözdə çəpləşmə ilə müraciətlər edilir. “Göz zəifliyi müalicə ilə keçirmi?” sualını cavablayan oftalmoloq bunun ilkin mərhələdə mümkün olduğunu qeyd edib: “Göz zəifliyini ilkin mərhələdə - akomodasiyanın spazmı mərhələsində müalicə ilə görmə qabiliyyətini geri qaytarmaq mümkün olur. Görmə zəifliyi refraksiya qüsuru adlanır. Refraksiya qüsuruna miopiya, hipermetropiya, presbiopiya ve astiqmatizm aiddir”.
 
“Miopiya uzaq görmə qabiliyyətinin pozulması, hipermetropiya həm uzaq, həm yaxını görmə qabiliyətinin pozulması, presbiopiya 40-45 yaşlardan sonra yaxını görmə qabiliyətinin pozulmasıdır. Astiqmatizm isə buynuz qişada həm üfiqi, həm şaquli müstəvidə işıq şüasının müxtəlif cür sınması nəticəsində təsvirin deformasiyaya uğramasına və yayğın olmasına səbəb olur. Uşaqlarda hipermetropiya varsa, çəpliyə meyillilik yaranır. Çəpliyi də aradan qaldırmaq üçün eynək təyin edirik. Qısaca desək, valideynlər vaxtında müraciət etməlidirlər, çünki ilkin diaqnoz vaxtında qoyulursa, problemi aşmaq mümkün olur”, - deyə mütəxəssis fikrini yekunlaşdırıb.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10