Türkiyə milli müdafiə naziri Hulusi Akar Vətən müharibəsinin şəhidi baş leytenant Valeh Məmiyevin ailəsinə məktub göndərib.
Məktubu polkovnik Abdulla Qurbani Yardımlının Kürəkçi kəndində yaşayan ailəyə çatdırıb.
“Şanlı Azərbaycan Ordusunun işğal altındakı ərazilərin azad olunmasının 44 günlük dastanvari mübarizəsində ağır yaralanan baş leytenant Valeh Məmiyevin şəhid olması bizi dərindən kədərləndirib. Baş leytenant Valeh Vətən torpağını işğaldan azad edəcəyi ilə bağlı verdiyi sözü tutub, Qubadlı rayonunun yaşayış məntəqələrinin azad olunmasından sonra şəhidlik zirvəsinə yüksəlib. Şəhid və qazilərimizin cəsarət, qəhrəmanlıq və fədakarlıqları əsla unudulmayacaq”, - nazir məktubda qeyd edib.
Türkiyənin bütün imkanları ilə sonunadək Azərbaycanın yanında olacağını bildirən H.Akar V.Məmiyevin ailəsini Türkiyəyə dəvət edib.
Valeh Məmiyevin qardaşı Vüsal Məmiyev məktub üçün H.Akara təşəkkürünü bildirib və son damla qanınadək döyüşərək sözünü tutan böyük qardaşı ilə qürur duyduğunu vurğulayıb. Məmiyevlər ailəsi də Hulusi Akara cavab məktubu yazıb.Şəhidi baş leytenant Valeh Məmiyev