Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Çalışan əhalinin yarısı 343 manatdan az pul alır


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilk dəfə rəsmi olaraq ölkədə median əməkhaqqının səviyyəsini açıqlayıb: 343 manat…
Median əməkhaqqı iqtisadiyyatda maaş cədvəlinə qol çəkən bütün işçilərin sayını ikiyə böldükdə həmin bölünmə nöqtəsinə düşən məbləğə bərabərdir. Azərbaycanda median əməkhaqqının 343 manat olması o deməkdir ki, 1,8 mln. nəfərə yaxın muzdlu işçinin az qala 900 min nəfərinin məvacibi 343 manat və ondan aşağı səviyyədədir.
Hazırda orta maaşın 700 manatdan bir qədər yüksək olduğunu nəzərə alsaq, deməli, median maaş orta aylıq əməkhaqqının 48 faizinə bərabərdir.
Bəs, ölkədə bu əməkhaqqını kimlər alır?
Gülər Paşayeva deyir ki, 3 il əvvəl Bakıya Lənkəran rayonundan gəlib, Suraxanıda kirayədə qalır, 2 uşaqları var, məktəbə gedirlər. O bildirir ki, həyat yoldaşı və özü işləyir, dolanışıqları və kirayə haqqı oradan çıxır: “Yoldaşım “Təmiz şəhər” ASC-də çalışır, 373 manat maaş alır. Mən də “JEK”də işləyirəm, küçə süpürürəm, ayda 260 manat alıram. Bu işə uzaq qohumumuz vasitəsilə düzəlmişəm, Allah onlardan razı olsun, işimdən narazılığım yoxdur”.
Mirkənan Abbasov isə Birinci Qarabağ müharibəsi zamanı yaralanıb, üçüncü qrup əlildir. Bildirir ki, ötən ildən Yaşıllaşdırma İdarəsində işləyir, ayda 250 manat alır, bir ay əvvəl müqaviləsini yeniləyiblər. O, əməkhaqqının azlığından şikayətlənmir, deyir ki, təqaüdlə birgə birətəhər dolanışığına çatır: “Bunu verməsəydilər, nə edərdik?” – deyən M.Abbasov başqalarına baxanda vəziyyətinə şükür edir. Əlavə edir ki, 250 manata möhtac olanlar lap çoxdur, o, müharibə əlili olduğuna görə, dövlət ona qazanmaq imkanı yaradıb.
İqtisadçı Rövşən Ağayev İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) statistikasına istinadən bildirir ki, median və orta məvacib arasında fərq inkişaf etmiş və bir sıra Şərqi Avropa ölkələrində 10-25% arasında dəyişir. Azərbaycanda isə bu göstərici 2 dəfədən çoxdur:
“Müqayisə üçün deyim ki, Rusiyada hazırda median maaş orta əməkhaqqının 71%-nə bərabərdir. Bir qayda olaraq, yüksək maaşla minimum əməkhaqqı arasında fərqin böyük olduğu, eləcə də daha çox insanın aşağı maaşla çalışdığı ölkələrdə bizdəki mənzərə alınır – median maaş orta əməkhaqqından əhəmiyyətli dərəcədə aşağı, minimum maaşa isə daha yaxın olur”.
İqtisadçı təəssüflə bildirir ki, açıqlanan statistikada özəl və dövlət sektorunun hər biri üzrə median maaşın məbləği ayrıca göstərilməyib. Əlavə olaraq, nazirlik median pensiyaların da məbləğini açıqlasa, bu sahədə də mənzərə aydın görünərdi.
İqtisadçı Toğrul Maşallı da nazirliyin açıqladığı rəqəmlərə diqqət çəkərək deyir ki, məşğul olan əhalinin 50 faizi, yəni 840,8 min nəfəri 343 manatdan aşağı maaş alır: “Minimal əməkhaqqının 250 manat olduğunu nəzərə alsaq, görə bilərik ki, 840 min insan 250-343 manat arasında maaş alır”.
Ekspert əlavə edir ki, 343 manat rəsmi əməkhaqqı səviyyəsidir, onu Azərbaycanda yalnız 1,68 milyon insan alır:
“Kifayət qədər insan ümumiyyətlə, əmək bazarından kənarda qalır. Onlar maaş yox, xidmət haqqı alan və ya heç bir rəsmi statusu olmayan şəxslərdir. Bəs, onları əlavə etsək, nə qədər olacaq? Fikrimcə, bu göstərici daha da aşağı düşəcək”.
Maşallı qeyd edir ki, hökumətin əmək haqlarını “ağartmaq” siyasəti başdan ayağa fiksiyadır:
“İnsan tanıyıram ki, rəsmi olaraq “yarım stavka” çalışır, günə 5, həftəyə 35 saat. Qanunvericiliyə görə istismardır, amma insan maaş xatirinə işləyir. Onun rəsmi maaşı minimum əməkhaqqının yarısından – 125 manatdan aşağı ola bilməz. Amma bu şirkət rəsmi olaraq hardasa 150 manat yazır, nağd olaraq isə 200 manat ödəyir. Bu məbləğ vəziyyəti dəyişdirirmi? Yaxud, rəsmi maaşı 261 manat olan, amma nağd olaraq 290 manat alan insanlar tanıyıram. Burada 29 manat vəziyyəti dəyişdirirmi? Bir çox yerlərdə rəsmi və üstəlik verilən qeyri-rəsmi əlavə 300-350 manatdan çox deyil”.
Ekspert bu fikri təsdiq etmək üçün Dövlət Statistika Komitəsinin yaydığı məlumatdan örnək gətirir:
“Komitə bildirir ki, dövlət sektorunda, səhiyyə sahəsində orta əməkhaqqı 508,9 manatdır. Yəni bu, hələ orta əməkhaqqıdır. İndi bu sahə üzrə median əməkhaqqını təsəvvür edin. Ya da misal üçün, 7 mindən artıq insanın çalışdığı çirkli suların və tullantıların yığılması sektorlarında orta əməkhaqqı 309-361 manat təşkil edir. Yenə də median əməkhaqqını sadəcə, təsəvvür etmək qalır”.
T.Maşallı ƏƏSM-in median əməkhaqqı barədə hesabatına müraciət edərək deyir ki, bu il ödənişli ictimai iş yerlərinə 48 min insan cəlb olunmuşdu. “Bilirsiz bu iş yerlərində əməkhaqqı nə qədərdir? 250 manat! Yəni ümumi olaraq vəziyyət faciəvidir. Qiymətlər qalxır, gəlir səviyyəsi isə aşağı olaraq qalır”, – deyə ekspert vurğulayır.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10