Uşaq təcili olaraq Rayon Mərkəzi Xəstəxanasının �Uşaq xəstəlikləri� şöbəsinə yerləşdirilib.
Atılmış uşaq Masallı rayonunun Musakücə və Lürən kəndlərinin arasındakı ərazidə tapılıb. Yerli sakinlərin sözlərinə görə, 42 seriyalı ağ VAZ 2106 markalı avtomaşın uşağı adı çəkilən əraziyə ataraq, aradan çıxıb. Həmin vaxt uşaq ağlaya - ağlaya həmin avtomaşının dalınca qaçıb. Maşın ərazidən uzaqlaşandan sonra, sakinlər uşağı götürüb və polis şöbəsinə məlumat veriblər. Hadisə yerinə gələn polis əməkdaşları uşağı Mərkəzi Xəstəxananın �Uşaq xəstəlikləri� şöbəsinə yerləşdiriblər. Artıq uşağa şərti ad da qoyulub. Onu indi Jalə çağırırlar.
Şöbənin baş həkimi Rasim Rəhmanovun bildirdiyinə görə, uşaq təqribən 2 yaşındadır. Səhhəti ilə bağlı isə hər hansı bir problemi yoxdur. Xəstəxanada çəkiliş aparılan zaman tibb bacılarından biri uşağı tanıyaraq bildirib ki, bu uşağın anası 1-2 həftə bundan əvvəl baş həkimin qəbuluna gəlmişdi. Anası hansısa xəstəlikdən əziyyət çəkirdi.
Bu xəbərin ölkə telekanallarında yayılması uşağın şəxsiyyətinin müəyyənləşməsinə və onun valideyninin tapılmasına səbəb olub.
Masallı rayon Polis Şöbəsi təhqiqat bölməsinin rəisi Ənvər Həsənovun verdiyi məlumata görə atılmış uşağın valideynləri tapılıb. Uşağın anası 1985-ci il təvəllüdlü Masallı rayonu Ləngan kənd sakini (Təklə Ərazi vahidi) Axundova Gülnisə Rizvan qızıdır. Ananın ağır vərəm xəstəsi olduğu, hal-hazırda da Masallı rayon Ağ Ciyər xəstəlikləri dispanserində müalicə aldığı bildirilir. Olduqca ağır şəraitdə yaşayan Gülnisə əri Alxasov Səbuhi Yunis oğlu tərəfindən atıldığına görə, hazırda kor nənəsi Minarə ilə birgə yaşayır. Ana bildirib ki, uşaq onun yanında qalarsa, ya xəstəlikdən, ya da baxımsızlıqdan ölə bilərdi. Ona görə belə addım atıb ki, uşaq nisbətən imkanlı, insaflı adamların əlinə düşsün. Belə görünür ki, heç kim həyatın dibində sürünən qadına yardımçı olmaq istəmədiyindən, qadın son nəticədə cəmiyyətin diqqətini cəlb etmək məqsədilə bu addımı atıb. 2007-ci ilin iyul ayının 25-də dünyaya göz açan Aliyə isə hələlik Masallı Rayon Mərkəzi Xəstəxanasında müalicə alır. Onun taleyi barədə qərarı Masallı Rayon İcra Hakimiyyəti yanında fəaliyyət göstərən komissiya qəbul edəcək. Həmin uşaq ya kiməsə övladlığa, ya da Uşaq Evlərindən birinə veriləcək.