Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Yeltsinin şəxsi fotoqrafı: “Onun dövründə bir alboma görə 300-400 min dollar pul qazanırdım”


Onlar elə ilk gündən “sövdələşiblər”, Rusiya Federasiyasının birinci prezidenti Boris Yeltsin onunla işləyəcək fotoqrafın qarşısında şərtlər qoyub:
- Dima, mən fotokamera qarşısında poza verə bilmirəm, buna heç həvəsim də yoxdur. Odur ki, sən bunu nəzərə almalısan, lazımi məqamları özün seçməlisən. Hətta dövlət başçıları ilə birlikdə fotosessiya zamanı mənə necə durmağımı, düzəliş verməyi ağlına belə gətirmə. Mən sənə sərbəstlik verirəm, bunun qarşılığında sən də məni narahat etməməlisən.
Fotoqraf da öz növbəsində çəkinmədən prezidentin qarşısına öz şərtlərini diktə edib:
- Boris Nikolayeviç, mənə verdiyiniz bu sərbəstliyə görə sizə minnətdaram. Mənə bu cür işləmək daha rahat olacaq. Amma mənim də əvvəlcədən sizdən bir xahişim olacaq. İş prosesində mən sizə toxunanda, ətrafınızda dolaşanda siz məni canlı insan kimi yox, əşya kimi qəbul edin, çalışın məni görməzliyə vurasınızı və mühafizəçilərinizə xəbərdar edin ki, çəkiliş zamanı mənə mane olmasınlar.
Məhz bu cür sövdələşmədən sonra Dmitri Donskoy Yeltsinin həyatının son gününə qədər fotoqraf kimi onun kölgəsini izləyib.
DonskoyDmitry_17.jpg (170 KB)
Dmitri Donskoy 1960-cı ildən fotojurnalist kimi fəaliyyətə başlayıb. Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra o, “RİA Novosti” agentliyinin idman şöbəsində fotoreportyor işləyib. O, 9 olimpiya oyununda fotojurnalist kimi iştirak edib. Bir nüddət şahmat üzrə dünya çempionu Anatoli Karpovun şəxsi fotoqrafı olub. Eyni zamanda 1975-ci ildən Moskva Dövlət Unirversitetinin jurnalistika fakültəsində dərs deyib.
Bu illər ərzində Dmitri Donskoy foto sənətkarlığı üzrə 160 mükafata layiq görülüb, həmçinin bir sıra dövlət mükafatları ilə təltif olunub.
Yeddi il ərzində Yeltsinin şəxsi fotoqrafı olan Dmitri Donskoyun mətbuata açıqlamaları həmişə maraqla qarşılanıb. Fotoqraf bu açıqlamalarında prezidentin şəxsi həyatı ilə bağlı bir çox qaranlıq mətləblərə də aydınlıq gətirib.
14.jpg (120 KB)
Yeltsinin üç-dörd gün efirdə görünməməsi bəzən belə qiymətləndirib ki, guya prezident çox içdiyindən işə çıxa bilmir. Sonralar bu məsələ ilə bağlı Donskoy fikirlərini belə bölüşüb:
“Ölkənin birinci şəxsi diqqət mərkəzində olduğu üçün onun haqqında şayiələr də çox olur. Yeltsinin bir neçə gün televiziyada görünməməsi də müxtəlif şayiələrə səbəb olurdu. Amma bu heç də içki ilə bağlı deyildi. Yeltsin tez-tez lazımi sənədləri götürüb bağında işləyirdi. Bu zaman kimliyindən asılı olmayaraq, o cümlədən ailə üzvlərinə də ona mane olmağa icazə vermirdi. Amma mən müxtəlif bəhanələr tapıb onun bağındakı iş otağına keçirdim və macal tapıb sakitcə bir-iki kadr çəkirdim. İndi bu kadrlar sübut edir ki, prezident efirdə görünməyəndə də öz işini ilə məşğul olub. Daha bir şayiə isə prezidentin belində ciddi problem olması ilə bağlı idi. Hətta danışırdılar ki, Yeltsin belinə korset bağlayır. Amma belə problem yox idi. Yeltsin qış fəslində də çayda üzürdü. Bu şayiələrə son qoymaq üçün mən onu çimərlik paltarında çəkdim və sübut etdim ki, prezidentin belində heç bir problem yoxdur.”
754927913504343.jpg (95 KB)
Dmitri Donskoy Yeltsinin şəkil çəkdirməyə çox həvəssiz olduğunu da bildirib və qeyd edib ki, digər dövlət məmurlarından fərqli olaraq o, kamera qarşısına keçməyi xoşlamayıb:
“Konkret bir tədbir zamanı prezidentə şəkil çəkdirməklə bağlı təklif vermək ağılsızılıq idi. Buna görə də mən öz işimi tam fərqli qurmuşdum. Lazımi yerdə mövqeyimi seçirdim, hətta elə olurdu ki, prezidentə bir-iki addımlığna qədər yaxınlaşırdım. Düzdür, bu çox da asanlıqla başa gəlmirdi və mühafizəçilərlə aramızda söz-söhbət də yaranırdı. Amma sonda mənim düzgün hərəkət etməyim xüsusilə vurğulanırdı. Çünki sonra mən çəkdiyim şəkilləri prezidentə verəndə şəkillər onun çox xoşuna gəlirdi. Prezidenti ev şəraitində, istirahət etdiyi vaxt çəkmək üçün mənə onun həyat yoldaşı Naina İosifovna çox kömək edirdi. Bir dəfə biz əvvəlcədən danışdıq ki, o prezidenti müəyyən etdiyimiz vaxt bağın ərazisinə gəzintiyə çıxarsın və mən çəkilişlər edim. Ərazidəki böyük ağacın arxasında gizlənib gözlədim. Çox keçməmiş prezident və həyat yoldaşı ev paltarında əraziyə çıxdılar. Ehtiyatsız tərpəndiyimdən Yeltsin məni gördü və təəccüblə soruşdu:
DonskoyDmitry_03.jpg (128 KB)

- Sən burada neyləyirsən?
Özümü itirdim, amma cavab verdim:
- Boris Nikolayeviç, elə yaxınlıqdan keçirdim...
Sözümü bitirməmiş Naina İosifovna qəhqəhə çəkdi. Yeltsin də ona baxıb gülməyə başladı. Prezident nə etmək istədiyimizi anlamışdı və o, həmin gün istədiyim qədər çəkiliş etməyə icazə verdi. Daha doğrusu, həyat yoldaşının sözündən çıxmadı. Yeltsin böyük bir dövləti idarə edirdi, amma onu da idarə edən var idi. Bu Naina İosifovna idi...”
754927910561609.jpg (112 KB)
Dmitri Donskoy prezidentin fotoqrafı olduğu illərdə öz qazancını, gəlirlərini də mətbuata açıqlayıb:
“Mən bu işdə çox böyük pullar qazanmışam. Yeltsinin hakimiyyəti dövründə bir alboma görə 300-400 min dollar pul qazanırdım. Belə albomların sayı isə dörd idi. Bütün məmurlar və zəngin biznesmenlər həmin albomları əldə etmək üçün mənim qapımda növbəyə dururdular. O cümlədən Roman Abramoviç də onların sırasında idi...”
Boris Yeltsinin vəfatından sonra Dmitri Donskoyun həm Rusiyada, həm də bir sıra xarici ölkələrdə Rusiyanın birinci prezidenti ilə bağlı sərgiləri nümayiş olunub və həm SSRİ, sonralar isə Rusiya Federasiyasının tarixində iz qoyan siyasətçinin fotoları böyük maraqla qarşılanıb.
İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10