Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Diplom satan dəstənin işi - Kafedra müdiri, direktor və onların əməlləri


Gəncə və İsmayıllıda diplom alveri ilə məşğul olmaqda ittiham olunaraq həbs edilən dəstənin məhkəməsi başlayıb.
Musavat.com xəbər verir ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə araşdırılır.
Həbs edilən dəstə üzvlərinin sayı beşdir.
Baş Prokurorluq əməkdaşları tərəfindən Gəncə və İsmayıllı şəhərlərində keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Təhsil Nazirliyindən və Dövlət İmtahan Mərkəzindən kənar ali və orta ixtisas müəssisələrini qəbul hüququ verən, habelə bu növ təhsil müəssisələrində təhsilin tamamlanmasını təsdiqləyən rəsmi sənədlərin saxtalaşdırılması, qanunsuz hazırlaması və satışı ilə məşğul olan bir qrup csin qanunsuz əməlləri ifşa olunub.
Gəncə Dövlət Universitetinin fiziki tərbiyə və çağırışaqədərki mülki müdafiə kafedrasının müdiri vəzifəsində işləmiş Məmmədov Ələddin Hətəm oğlu və həmin kafedrada laborant vəzifəsində işləyən Qasımov Elmir Müzadil oğlunun Gəncə Dövlət Universitetində xidməti otaqlarında aparılmış axtarış zamanı 37 nəfərin adına müxtəlif ali və orta texniki təhsil müəssisələrinin diplomları və sair sənədləri aşkarlanıb.
“İsmayıllı Olimpiya İdman Kompleksi” MMC-nin sabiq direktoru Hümbətov Tofiq Mürşüd oğlunun xidməti otağında, şəxsi avtomobilində axtarış zamanı 62 nəfərin adına müxtəlif ali və orta texniki təhsil müəssisələrinin diplomları, vətəndaşların şəxsiyyət vəsiqələri, onların surətləri, bankomat kartları və sair sənədlər aşkar edilib.
Qrupun üzvü olan İmamquliyev Azər Vaqif oğlunun Gəncədə yaşadığı ünvanda aparılmış axtarış zamanı Təhsil Nazirliyinin, Azərbaycan Müəllimlər İnstitutunun Ağcabədi, Gəncə, Qazax və Naxçıvan filiallarının, həmin İnstitutun ümumi şöbəsinin, Gəncə şəhəri Təsərrüfat Hesablı Məişət Xidməti Kollecinin, Göyçay Dövlət İdarəetmə və Texnologiyalar Kollecinin, Azərbaycan Kooperasiya Universitetinin, Mingəçevir şəhər kadr hazırlığı və ixtisasartırma məktəbinin, Gəncə Elm-Təhsil Mərkəzi Yeyinti Sənaye İnstitutunun, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının, o cümlədən M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyat İnstitutunun saxta möhürləri aşkarlanıb.
Müəyyən edilib ki, cinayətkar qrup üzvləri arasında aparılmış bölgü ilə Ələddin Məmmədov ayrı-ayrı şəxslərin adlarına ali və orta ixtisas təhsil müəssisələrində təhsil almalarını təsdiq edən saxta diplomların hazırlanmasının sifariş verilməsi və bunun müqabilində pul vəsaitlərinin qəbul edilməklə, dəstə üzvləri arasında bölüşdürülməsi, Tofiq Hümbətov ali və orta ixtisas təhsil müəssisələrinə qəbul olunmaq və ya bu növ təhsil müəssisələrinin diplomlarını almaq niyyətində olan şəxslərin axtarılıb tapılması, onlardan pul vəsaitlərinin yığılması, Azər İmamquliyev və Elmir Qasımov hüquq verən rəsmi sənədlərin istifadə məqsədilə qanunsuz hazırlanması, saxta sənədlərin sifarişçilərə çatdırılması funksiyalarını icra ediblər. Habelə cinayətkar qrupun digər üzvləri də oxşar funksiyaları yerinə yetirərək bu üsulla ayrı-ayrı şəxsləri aldatma və onların etibarından sui-istifadə etməklə əmlaklarını ələ keçiriblər.
Onlara Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərəfindən törədilməklə dələduzluq), 32.4-cü, 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət verməyə təhrik etmə), 320.1-ci (hüquq verən və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma) və 320.2-ci (Cinayət Məcəlləsinin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan edilib.
İlkin Muradov
Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10