Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Quran”a görə adını dəyişən azərbaycanlı:


“İndi işlərim daha yaxşıdı...”


Həmişə deyirdilər, Qabil bəşəriyyət tarixində ilk insan qatilinin adıdır. Adımın mənfi enerjisini də özümdə hiss edirdim. 2007-2008-ci illər idi, bir məclisdə Türkiyədən bir din adamı ilə tanış oldum. Yaşlı, çox nurani insan idi. Soruşdu, adın nədi? Dedim, Qabil. Dedi, otur, yavrum. Oturdum. Quranı açdı, surəni göstərdi, başladı Adəmin oğulları - Habillə Qabilin əhvalatından bəhs edən “Maidə” surəsinin təfsirini izah etməyə. Mən də sakitcə qulaq asdım. Ondan əvvəl də bir neçə adam demişdi, amma bunun izahı qədər təsir etməmişdi. Hədislərdə də var ki, adlar insanlara görə səmadan enər. Adların insan həyatında təsiri böyükdür. 1 il sonra adımı rəsmən dəyişib, Habil etdim”.

Bəzi insanlar insanın adı ilə taleyi arasında əlaqənin olduğuna inanırlar. Onların inancına görə, ad müəyyən kosmik izə malikdir və müəyyən kosmik qüvvələrin təsirindədir. Əgər insan adını dəyişərsə, taleyi daha yaxşıya, yaxud daha da pisə doğru dəyişə bilər.

Lent.az-ın bugünkü müsahibi Habil Niftalı 12 il əvvəl 25 illik Qabil adının ona uğursuzluq gətirdiyinə inanaraq, adını dəyişdirib.

- Əvvəl soyadımı dəyişdim. Niftalıyev idim, elədim Niftalı. Bir il sonra da adımı dəyişdim. Getmişəm VVAQ-a (Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı), deyirlər, deportun var deyə dəyişmək istəyirsən? Deyirəm, əstəğfürullah, mən nizamlı vətəndaşam. Vəziyyəti başa saldım, 12 manat dövlət rüsumunu ödədim, 2 həftə sonra mənə təzə adla təzə doğum haqqında şəhadətnamə verdilər. 1 manat dövlət rüsumu ödəyib, təzə şəxsiyyət vəsiqəsi aldım. Sonra bir-bir digər sənədlərimi də dəyişdim. İndi cəmi 2 sənədim qalıb – diplomla xarici pasportum. Onlara da vaxtım yoxdu. İlk fürsətdə dəyişdirəcəyəm. Xaricə gedəcək olsam, adımı dəyişdirdiyim sənədi təqdim edərək, köhnə pasportla gedə bilərəm.

- Niyə məhz Habil? Başqa ad da götürə bilərdiniz.

- Qalib istəyirdim. Amma insanları çaşdırmasın deyə, Habili seçdim. Həm də yuxarıda haqqında bəhs etdiyim o türkiyəli dindar da mənə Habil adını tövsiyə etmişdi. Əslində, Qabil adının ərəbcədən çox gözəl mənası var: qabiliyyətli, istedadlı. Habil adının elə də uğurlu mənası yoxdur. Qabil adını mənə rəhmətlik babam qoymuşdu. Adımı dəyişmək istədiyimi deyəndə ailəm də normal qarşıladı. Amma hələ də evdə mənə “Qabil” deyirlər. İkili həyat yaşayırıq. Bir üzüm Qabildi, o biri üzüm Habil. Hirslənəndə Qabil tərəfini göstərirəm (gülür).

Fotoqrafımız Ramil dillənir:

- Heç hirslənən adama oxşamırsınız. Gülərüzsünüz.

- Qabillə Habili müqayisə edə bilərsiniz?

- Qabil uğursuz bir adam idi. Həmişə də uğursuzluğunda bir səbəb axtarırdı. Amma Habil çətinlik görəndə sevinir, bütün əngəlləri aşmağa çalışır. Qabil adının ağırlığını hiss edirdim. Adımla bərabər həyatım da dəyişdi. Həm şəxsi, həm də iş həyatımda uğurlar qazanmağa başladım, özümə güvənim artdı. Qabil olanda yerimdə sayırdım, indi özümün şirkətim var, nə istədiyimi bilirəm. Ailə qurmuşam. Gözəl balam var.

- Həyat yoldaşı seçəndə onun adının mənasına fikri verdiniz?

- Bəli. Qabildən başqa da pis adlar var. Məsələn, İlahə adı. Allah qorusun, adam o adı dilə gətirmək belə istəmir. Haşa! Adının mənasında problem olsaydı, dəyişməsini xahiş edərdim.

- İlahə adında qızı sevərdiniz?

- Sevsəm belə yüz faiz adını dəyişdirərdim.

- Dəyişmək istəməsə?

- Yollarımı ayırardım.

***

Söhbət hərlənib-fırlanıb, yenə İlahənin üstünə gəlir. Müsahibim İlahə adlı qızların mütləq adını dəyişməsi gərəkdiyini deyir. Bu işdə hər cür köməklik göstərə biləcəyini də vurğulayır. “Eləcə də Kənanlar. Kənan Nuh peyğəmbərin övladının adı olub, atasına qarşı çıxıb o” – deyir...





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10