Təhsil nazirliyi Bakı İslam Universitetinin diplomlarını tanımaqdan qəfil imtina edib. Universitetin 6 nəfər məzunu DQDK-dəki işindən azad edilib. Digər məzun, Qarabağ qazisi, 3 medalla təltif olunmuş şəxsin işi Ali Məhkəmədədir.
Bakı İslam Universitetinin məzunlarının kütləvi şəkildə işdən çıxarılması davam edir. Əminəm ki, bu 5-ci kalonun təsiri ilədir. Çünki bu ali məktəbi bitirənlər vətənpərvər, milli ruhda dini təhsil alaraq heç bir xarici təsirə məruz qalmamış şəxslərdir. Yəqin ki, belə savadlı, milli ruhlu alimlərin, din adamlarının sıradan çıxarılmasında maraqlı qüvvələr var. Çünki bu ali məktəbi bitirənlər yüksək elmi nailiyyətləri ilə, müxtəlif dövlət qurumlarındakı nümunəvi fəaliyyətləri ilə, din sahəsində həmişə tolerantlığı, milli-mənəvi dəyərlərə sadiqliyi, dövlətə və dövlət rəhbərinə sədaqəti ilə seçiliblər.
Mən özüm də orada təhsil almışam, bakalavr, magist mərhələsini keçib 6 ilə yaxın da həmin universitetdə müəllim işləmişəm. Hazırda Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, prezident təqaüdçüsü, 8 kitab müəllifi, 2 qəzet təsisçisi və baş redaktoru, AMEA-nın dissertantı və siyası partiyaların birində də sədr müaviniyəm. Yəni Hacı Sabir Həsənli şəxsiyyəti özü bir akademiyadır, biz o akademiyanın məzunlarıyıq. Hacı Sabir Həsənli bizim mənəvi atamızdır. Şəxsən mən belə qəbul edirəm. Çünki mən təhsil aldığım, orada işlədiyim müddətdə ondan bu qayğını tək özümə qarşı yox, hamımıza qarşı görmüş, canlı şahidi olmuşam. O bizə Vətən, Allah, Torpaq, insan sevgisi, ümumbəşəri dəyərlər kimi müqəddəs məfhumların, amalların mahiyyətini öyrədib, o bizə Vətəni sevdirib, o bizə dünyanı sevdirib. O, bu sevgini əyani şəkildə öz timsalında göstərib. O bizə təkcə dini öyrətməyib, o bizə eyni zamanda həyatı öyrədib... Hacı Sabir Həsənli şəxsiyyəti toxunulmazdır mənim üçün... Hacı Sabir Azərbaycanın müstəqillik tarixində əvəzsiz xidmətləri olan şəxsiyyətdir. Ölkədə ilahiyyat üzrə ilk olaraq alimlik dərəcəsi alan adamdır. Cənab Prezidentin Şöhrət Ordeni verdiyi simadır. Baş verən bu haqsızlıq, qanunsuzluq eyni zamanda bu ahıl yaşında Hacı Sabir Həsənli şəxsiyyətinə qarşı da hörmətsizlikdir. Onun tələbələrini ona qarşı qoymaq cəhdidir. Mən qəbul edə bilmərəm bunu. Peyğəmbər buyurub ki, müəllim insanın ikinci valideynidir.
Habelə bu, Qafqaz Müsəlmanları İdarəsinin dünyada böyük nüfuzu olan sədrinə, Şeyx həzrətlərinə qarşı diqqətsizlikdir, hörmətsizlikdir. Bu da qəbuledilməzdir. Şeyxülislam Hacı Allahşükür Paşazadə həzrətlərinin bir başa nəzarəti, qayğısı və diqqəti sayəsində fəaliyyət göstərən bu universitetin məzunları nəinki ölkədə, hətta dünyada tanınan, hörmət sahibi olan, elmi töhfələr verən elm, din xadimləridir.
Demək ölkə başçısına qarşı narazı kütlə yaratmaq uğrunda dəridən - qabıqdan çıxan, dişi ilə dırnağı ilə "zəhmət çəkənlər" indi də bu işə atıblar. Amma buna nail ola bilməyəcəklər. Çünki Bakı İslam Universitetinin yetişdirdiyi məzunlar hər şeydən öncə dövlətə, dövlətçiliyə, əmr sahibinə - yəni dövlət başçısına, Ali Baş komandana tabe olmağı vacib bilən elm əhlidirlər. Bu Universitet əsla xurafatçı, radikal fikirli kütlə yetişdirməyib. Nümunəvi din və elm xadimləri yetirib. Bu gün demək olar ki, ölkənin bütün məscidlərində imamlıq edənlər bu ali təhsil ocağının yetirmələridirlər.
Təhsil nazirliyinin, işin həllinə çalışmaq əvəzinə biganə yanaşaraq ögey münasibəti və məsələ passiv rol oynaması qəribədir.
Qafqaz Müsəlmanları İdarəsinin isə mövqeyi qətidir: Diplomlar tanınmalıdır!
Lakin Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin mövqeyi aydın və birmənalı deyil.
Nazirlər kabinetinə isə yazılan müraciətlər hələ cavablanmayıb.
Bakı İslam Universiteti 1989-cu ildə Bak İslam Mədrəsəsi kimi təsis edilib, 1991-ci ildə institut, sonralar isə universitet statusu alıb. Rektoru da tanınmış din xadimi, ictimai xadim, ilahiyyat alimi, Şöhrət Ordenli Hacı Sabir Həsənlidir.
Ali təhsil ocağının açılmasında, fəaliyyətində mərhum prezident Heydər Əliyevin və prezident cənab İlham Əliyevin xeyir - duası, zəhməti, qayğısı olmuşdur.
2009-cu ildə Təhsil nazirliyi tərəfindən lisenziya verilərək 2014-cü ildən tələblərə müvafiq TQDK-nın qaydalarına uyğun qəbul keçirilmişdir. İndi problem ondan ibarətdir ki, 2014-cü iə qədər verilən diplomları nazirlik tanımaqdan və dövlət tərəfindən məqbul hesab edilən diplomla əvəzləməkdən imtina edir.
Mən inanıram ki, bu məsələ yalnız ölkə başçımız cənab Prezidentin nəzərinə çatmaqla həllini tapa bilər. Və inanıram ki, yaxın zamanda bu məsələ ona çatacaq, yaradılmış süni problemlər aradan qaldıraraq, məsələ müvafiq qaydada həllini tapacaqdır.
snnnews.az