Ortada qəribə İddialar da var, pul söhbəti də, korrupsiya işarələri də - əsas isə odur ki, artıq bu yolun Xanagah istiqamətindən Lerikə doğru 10 kilometrlik məsafəyə (Xanagah-Bülüdül-Osyedərə-Şeşman) asfalt döşənib.
Söhbətə bir az uzaqdan başlasaq, daha maraqlı olar. Azərbaycan Rusiya tərəfindən 2 yerə paçalanana qədər indiki Lerik və Yardımlı rayonlarının əraziləri İrandakı Ərdəbil ostanlığına daxil olub. Yollar da Lerikə əsasən o istiqamətdən fəaliyyət göstərib.
Uzun illər karvan yollarından istifadə edilib. Sovet hökuməti qurulduqdan sonra Lerik və Yardımlı rayonlarının Lənkəran və Masallıya çıxışı üçün yollar çəkilib.
Yaşlı adamların bildirdiyinə görə, öncə Lerikdən Lənkərana yol çəkilib. Yardımlılar da çətin də olsa, necə deyərlər, dağlar aşaraq Yardımlıdan Lerikə, oradan da Lənkərana gələrmiş.
30-cu illərin sonlarında isə Masallıdan Yardımlıya yol çəkilib. Bu dağlıq rayonlara qırla döşənmiş yollar çəkilsə də, həmin yollar gediş-gəliş üçün olduqca bərbad vəziyyətdə olub. Nəhayət, son 10-15 ildə Masallıdan Yardımlıya, Lənkərandan Lerikə olduqca rahat yol çəkilib. Bu yollarda arabir torpaq sürüşmələri olsa da, qısa müddətdə bərpa olunub. (Bu barədə əlavə məlumat olarsa, ona da yer ayırmağa hazırıq)
Dağ rayonlarında yol məsələsi elədir ki, bir tərəfin abadlaşdırırsan, digər tərəfindən problem çıxır. Yəni, adı çəkilən 2 dağ rayonuna yol çəkiləndən sonra bəlli oldu ki, bu rayonların bir-birinin arasında, eləcə də öz kəndləri arasında olduqca bərbad vəziyyətdə olan yollar var. Öncə Lerikdən Zuvanda yol çəkildi. Sonra Yardımlının bir sıra ucqar kəndlərinin yolları abadlaşdırıldı.
Lerik və Yardımlının “ekvator xətti”
Son vaxtlar reallaşan bir sıra yol layihələri isə Lerik-Yardımlı-Cəlilabad rayonlarının dağlar boyunca birləşməsinə şans yaradır.
Məlum olduğu kimi, bir neçə ildir ki, Cəlilabad şəhərinin mərkəzindən Yardımlıya (bu yol Yardımlının mərkəzinə yaxın Arus kəndinə çıxır), eləcə də Lerikin mərkəzindən onun ən ucqar kəndi olan Xanagaha yol çəkilməsinə başlanılıb.
Lerik Xanagah yolun üstündəki Bülüdül kəndindən isə Yardımlı-Masallı yolunun 43-cü kilometrinə cəmi 10 kilometrdir. Bu kilometrin də 7 kilometri (Bilnə-Sırıq yolu) plana salınıb, bu günlərdə sərəncam gözlənilir.. Necə deyərlər, ortada qalır 3 kilometrlik Bilnə-Bülüdül kəndləri arasında yol.
Nəzərə alsaq ki, ölkə başçısı İlham Əliyev bu günlərdə Cəlilabad – Yardımlı rayonunun əsaslı təmiri üçün 3 milyon ayırıb, eləcə də Lerik-Xanagah yolunda asfalt döşənməsinə başlanılıb, ümidlər yaranır ki, Bülüdüllə-Bilnə arasındakı 3 kilometrlik yola asfalt döşəndikdən sonra Lerikin mərkəzindən Lənkəran və Masallını keçmədən, dağların arası ilə Cəlilabad şəhərinə, oradan da Ələt-Astara yoluna çıxmaq olacaq.
Bu mövzuda söhbət düşmüşkən Lerikin Noda-Şingədulan-Xanagah avtomobil yolu haqqında bir qədər ətraf söz açmaq istəyirik. Lerik Rayon İcra hakimiyyətinin saytında bildirilir ki, ölkə başçısının 01 noyabr 2016-cı il tarixdə imzaladığı Sərəncamla Lerik rayonunda 30 min nəfər əhalinin yaşadığı 50 yaşayış məntəqəsini birləşdirən 36 kilometrlik Noda-Şingədulan-Xanəgah avtomobil yolunun tikintisinin başa çatdırılması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 6,6 milyon (altı milyon altı yüz min) manat ayrılmışdır.
Yolda torpaq bərkitmə işləri aparılmışdır. Hal-hazırda yolun Xanəgah kəndindən başlayaraq 5 km məsafəsi asfaltlaşdırılmışdır. Yolda 35-dən artıq texnika, 30-a yaxın personal çalışır. Yola asfalt örtüyü döşənir, suötürücü qurğular quraşdırılır.
Diqqəti bir məqama yönəldək ki, yolun asfaltlanması əks istiqamətdən, yəni Lerikdən Xanagaha yox, Xanagahdan Lerikə doğru asfaltlanır.
Bu yolun təmirinin bu dağlıq rayonlarda turizmin inkişafına, yeni iş yerlərinin yaranmasına, mineral sulu bulaqlardan daha səmərəli istifadə edilməsinə olduqca əlverişli imkanlar yaradacaq. Bu həm də o deməkdir ki, dağlıq rayonlara gedən ağır tonlu yük maşınları Ələt-Astara yoluna girmədən həmin yollarla hərəkət edə biləcək.
Redaksiyadan: Düzdür, bu yollarla bağlı bəzi xoşagəlməz söhbətlər, yeyintilər, korrupsiya ruhlu məlumatlar da dolaşır, amma əsas odur ki, dünyanın yaranışından asfalt görməyən, necə deyərlər, at keçməz dərəcədə bərbad olan dağlıq yollardan birinə-Xanagaha asfalt döşənir. Bu işlərin yaxın aylarda yekunlaşacağı gözlənilir.
Onu da qeyd edək ki, Bülüdüllə Yardımlı yolunu birləşdirən 3 kilometrlik yola asfalt döşənməsə Lerik-Xanagah yolu da arzuolunan effekti verməyəcək.
Çünki, həmin ərazilərdə yaşayan insanların Yardımlıya, Masallıya və digər yerlərə çıxışı məhz bu 3 kilometr yoldan asılıdır.
Yerli sakinlər inanır ki, Lerik-Xanagah, eləcə də Yardımlı-Cəlilabad yoluna 10 milyon manatdan artıq pul xərcləyən hökumət bu 3 kilometrlik yolun da taleyinə biganə qalmayacaq.