Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Üç ərə getdim, üçü də öldü... məni dəlixanaya atdılar...” – Unudulmuş bəstəkardan HEYRƏTAMİZ AÇIQLAMALAR


Yaşadığı qəsəbəni tapmağın özü də asan olmadı, sonra da o qəsəbədə xanımın yaşadığı ünvanı. Mənə elə gəldi, dünyanın o başına gedib çıxdıq fotoqrafımızla.

Bir-birinin içində yerləşən həyət evlərindən birində yaşayır. Həyət qapısının arxasında daş qoyulub. Özünün əvvəlcədən izah etdiyi kimi, qapını möhkəm itələyirəm, açılır. Birinci mərtəbə yaşayış üçün yaramır, uzun pilləkən qalxır ikinci mərtəbəyə. Müsahibimsə yeriyə bilmir, onurğasında xəstəlik var. Aralı qapıdan adını çağırıb, keçirəm içəri. İçəridən adamı soyuq vurur. Döşəmənin soyuğu dərhal damarlarıma işlədiyindən, ayaqqabılarımı yenidən geyinib, otağa keçirəm.  Ətiqə Ələkbərovanın evindəyəm. Bəlkə bu ad-soyad oxucuya heç nə demir, amma elə bir gün olmaz ki, televiziyada, yaxud radioda “musiqisi Ətiqə Ələkbərovanın...” ifadəsini eşitməyək.
“Barış barış”, “Allah, mənim köməyim ol”, “Dünya”, “Unuduram”, “O sonsuz sevgimiz”, “Belə ayrılmayaydıq”, “Yeganəsən”, “Qədrini bil bu sevginin”, “Bil ki, mən burda varam”, “Gəl, barışaq”, “Tale” və  ümumilikdə 200-dən artıq mahnının bəstəkarıdır.



İki çarpayı, iki stul olan balaca, soyuq otaqda oturub gözlərində qara eynək, üzündə sevinc ifadəsi, özü sualla qarşılayır məni: “Necə tapdın buranı?”
- Birtəhər tapdıq... necəsiniz?
- Bağışla, gözlərimə qara eynək taxmışam ki, sənə qəşəng görünüm, bir gözüm kordu (özünün ifadəsi ilə), yaxşı görünmürəm.  

- Narahat olmayın, lap qəşəng görünürsünüz. 
- Bir az düzəldim, sən zəng edib deyəndə ki, məndən yazacaqsan, özümə gəldim sevindiyimdən. Görmürsən, necə geyinib-bəzənib oturmuşam.
- Ev soyuqdur, nazik geyinmisiniz, üşümürsünüz?
- Sərinə alışmışam, amma belə sənə görə geyinmişəm, çox sarınıb-bürünürəm yoxsa.
- Deyirsiniz yeriyə bilmirsiniz, amma evdə də təksiniz, kim baxır sizə?
- Hamısını danışacam sizə. İçərişəhərdə ziyalı ailəsində anadan olmuşam. Anam tibb işçisidir, atam isə tarixçi, amma hərbi komissarlıqda işləyib müharibə vaxtı. Sonralar məktəb direktoru olub. Uşaqlıqdan anam məni baletə qoymuşdu ki, qəşəng fiquram olsun. Yarımçıq çıxdım ordan. Uşaqlıqdan özüm çalıb-oxuyardım deyə qoydular məni fortepiano sinfinə.
Oranı bitirmədim, yarımçıq çıxdım. Dedim, girəcəm İncəsənət İnstitutuna. Yaxşı səsim də vardı. Gəldim qəbula, Adil İsgəndərov imtahanda dedi ki, sənin yerin səhnədir, amma oxu görüm, səsin var? Oturdum fortepiano arxasına, çaldım, oxudum bunun üçün. Qəbul etdi məni aktyorluq fakültəsinə. Bir az oxudum, qardaşım əsgərlikdən yazdı ki, gəlib səni öldürəcəm, çıx ordan.
Çıxdım qorxumdan, bu dəfə Pedaqoji İnstitutun filologiya fakültəsinə qəbul olundum.   Bitirəndən sonra “Azərkinovideo”da 25 il redaktor işlədim. Onurğa sütunumda problem yaranandan sonra - 50 yaşımda çıxdım işdən. Ondan bəri müalicələrdəyəm. 

- Bəs, heç demirsiniz mahnı yazmağa nə vaxt başlamısınız?
- Uşaqlıqdan özümdən qoşardım, oxuyardım. Onları nota köçürməzdim. Hamıya ad günlərində mahnı bağışlayırdım. İlk nota köçürdüyüm mahnını Flora Kərimova oxuyub. “Barış, barış” adlı mahnı idi. Sözləri də mənim idi, amma Floranın kefi istədi, sözlərini başqasının adına yazdırdı. “Unuduram” adlı ikinci mahnımı da Flora oxuyub. “Səni sevirəm” mahnımla Flora partlatdı. Yaqut adlı bir gənc qızın sözlərinə yazmışdım o mahnını. Mən tanınmış şairlərlə işləmirdim, onlar da vardı, amma daha çox heç tanınmayan birinin xoşuma gələn şeirinə musiqi yazmışam. Şan, şöhrət, pul mənim üçün önəmli olmayıb. Nüsrət Kəsəmənlinin sözlərinə yazdığım “İkimizin yerinə” mahnısı möhtəşəm idi, Ruhəngiz Allahverdiyeva oxuyur. “Kim oxuyar Şövkət kimi” mahnımı Zöhrə Abdullayeva oxuyub.
- Paşa Qəlbinurun sözlərinə də yazmısınız, dinləmişəm.
- “Allah, mənim köməyim ol”, “Dünya” şeirlərinə yazmışam, Flora oxuyub. Xoşuna gəlib?

- Əlbəttə, gözəl mahnılardır.
- Səndən bircə umacağım var, o qədər mahnılar yazmışam, çoxunu da hədiyyə etmişəm, qoyma məni unudulum, ölməyim musiqi aləmində, yaz məndən, xatırlat dinləyicimə, yeni nəsillərə. 
 

Sizi mahnılarınız qoymayacaq unudulmağa. Mahnılarınızı satmırdınız?
- Ancaq milis rəisi, filanın sifarişi ilə yazanda onlardan pul almışam. İndi qazanc yerim yoxdur. Bəstəkarlar İttifaqının üzvü olanlar az-çox qazanır, müəllif kimi. Mən üzv deyiləm, çünki konservatoriya təhsilim yoxdur. Əslində, bəstəkarlığı bitirənlərin çoxu istedadsız olduqlarından müəllim işləyirlər, yaza bilmirlər axı.
Mənim mahnılarımı evimdən oğurlayıblar, fortepianoma qədər, hər şeyim oğurlanıb.
- Necə, nə vaxt olub?
- Sən eşitmisən mənim Bəsti Sevdiyeva oxuyan “Nankor övladlar” mahnımı? Onu yazanda hələ əkizlərimin 12 yaşı vardı. Öz sözlərimə çox mahnım var. Ruhəngiz Musəvinin oxuduğu “Dönərəm” mahnısının da sözləri də özümündür.
- Əkizlərin atası hardadır?
- Mənim üç ərim olub. Birincisi qaraciyər problemindən öldü. Ona məni zorla ərə vermişdi anam. Dedim, getmirəm, məni həkimlə qorxutdu ki, apararam səni həkimə. Uşaq idim də. O öləndən sonra bir oğlumla qaldım. Çox qısqanc idi, xəstəxanadan evə çıxmışam, halsız, zəifəm, deyir mənə ki, yəqin hansısa həkimlə olmusan. Mən də hirsləndim, dedim ki, məni bu şərlə necə yandırdınsa, Allah da səni yandırsın. Səhər xəbər gəldi ki, ərin yanıb. Elektrik idi, iş yerində cərəyan vurmuşdu. Ondan uzun müddət yatdı, sağaldı, sonra ciyərindən getdi.
1 il sonra uşaqlıqdan sevdiyim aktyor Ömər Şərifə oxşayan bakılı oğlanla tanış oldum. Mənə pis baxmazsan yəqin, üç ay onunla yaşadıq, sonra evləndik. Bu da düşdü qəzaya, rəhmətə getdi. Oğlumu da Almaniyada öldürdülər, hərbiçi idi, orda ermənilərlə davaları düşmüşdü - hələ sovet vaxtı, erməni öldürmüşdü onu.
İkinci ərimdən də qızım var, Rzayeva Könül. İkinci ərim də çox qısqanc idi. Hüseynağa Hadıyev efirdə oxuyanda mənə deyirdi ki, ona məhəbbətlə baxırsan, o səni qəbul etməz. Dedim bir dəfə ki, sən məgər ondan kəm oğulsan, məni qəbul etmisən?
Üçüncü ərim sahə müfəttişi idi, yalvardı mənə ki, evlənək, sənsiz yaşaya bilmirəm. Üç il yaşadıq bir yerdə, sonra bildim ki, ailəsi varmış. Yoldaşından ayrılmaq istəyir, amma yuxarılarda qohumu olduğu üçün boşamır. Xanımına deyib ki, Ətiqədən ayrıla bilmirəm, o da buna xox gəlib ki, onda poqonlarından ayrılarsan. Mən də acığa düşdüm, bundan ayrıldım və milisdən atdırdım onu bayıra. Dedim, indi gör kim atdırdı səni hüquq-mühafizə orqanlarından. Ona hüquq təhsili alması üçün də mən kömək etmişdim, mənim xahişimlə göndərmişdilər Rostovda oxumağa. Sonra dostları gəldilər xahişə ki, bağışla onu, şikayətini geri götür, dedim, fəhlə olsa bağışlayardım, hüquq işçisi yalan danışmaz, adam aldatmaz. Mən özüm Bakı polisində 16 il ştatdan kənar cinayət axtarışı müfəttişi işləmişəm. O qədər yalançı, oğru təhvil vermişəm onlara.
Ondan əkiz qızlarım oldu, onlar da uşaqlıqdan ipə-sapa yatmadılar, evdən pul götürüb aparıb məktəbdə sağa-sola xərcləyirdilər, qarşıların ala bilmirdim. Qardaşım apardı özü saxladı ikisini də. İndi də ərə gediblər, xaricdə yaşayırlar. Tənhalıq çox pisdi. 76 yaşım var, tək qalmışam.

- Evinizdən oğurluq olmuşdu, onu deyəcəkdiniz, mahnılarınız oğurlayıblar?
- Onu özümünkülər edib. Məni Maştağaya psixiatrik xəstəxanaya saldırıblar ki, evimi öz adlarına keçirsinlər. Mən də ora-bura şikayətlə, köhnə tanışlıqlarla gəlib çıxdım evimə, razılığım olmadı, evimi ala bilmədilər. Oğurluq etdikləri üçün əkiz qızlarımın uşaqlıqda əllərini yandırmışam, indi məndən onun qısasını alırlar, ərlərindən də utanmırlar. Deyə bilmirəm ki, axı, siz oğurluq etdiyiniz üçün əlinizi yandırmışam. Mənim nəslim-köküm olub, bütün İçərişəhərdəki mülklər mənim babalarımındır. Gözüm toxdur. İndi boş evdə oturmuşam küncdə, əşyaları da yox. O cür bəzəkli evdən qalan bu gördüklərinizdir.
- Ona görə indi musiqi yaza bilmirsiniz, fortepianonuz da yoxdur?
- Yeni mahnım var, Flora yazdırıb, oxuyacaq. Yazanda yazıram, yazan adam heç nəyə baxmır. Amma qızım beyninə düşəndə gəlib məni yerləşdirəcək ruhi xəstəxanaya yenə. Ona görə də mənim axırım yoxdur, bircə istədiyim odur ki, məni musiqi aləmi unutmasın.
***
Belə... Əlavə şərhə ehtiyac duymadan, söhbətimizi bəzi ixtisarlarla olduğu kimi verdim. 90-cı illərdə haqqında “Mir” telekompaniyasının film çəkdiyi, verilişlərin hörmətli qonağı olan bəstəkar Ətiqə Ələkbərovanın qonağı idik...

lent.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10