Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

06 sentyabr 2017-ci il" Çəpərüstü söhbət"


06 sentyabr 2017-ci il" Çəpərüstü söhbət"
-Bizdə bəzi insanlar torpaq kimidir. Necə ki, bəzi torpaqların münbit qatı çoxdur, orada hər şey yetişir, amma elə insanlar da var onun sifətinin münbit qatı çoxdan qaşınıb, boz, yararsız hissəsi qalıb. Loru dildə desək, insan sifətinin münbit qatı onun çöhrəsindəki nurdur. Bax, o nur, çoxunda itib.

 06 sentyabr 2017-ci il" Çəpərüstü söhbət"

-Qıza, Avropanın havası başından gedib, ya xəyalən hələ də oralardasan?

- Vallah, biabır olmuşam. Mənim bu qitə haqqındakı əndirəbadi söhbətlərimdən sonra neçə nəfər Avropaya gedərkən yoldan qayıdıb, Afrikaya-filana üz tutub. Avropa İttifaqı mənim həmin qitəyə getməyimə qadağa qoyub və deyib, bizə belə gözüaçıq adamlar lazım deyil.

-Sənin Avropa haqqında dediklərində cəsarət dolu həqiqətlərin çoxu mənə ləzzət eləsə də, oraların məhkəmələri haqqında dediklərin heç inandırıcı deyil e. Avropa məhkəmələrinin ad-sanı bütün dünyanı bürüyüb. Ola bilməz ki, belə məkanda o cür bəzi üzdəniraq hakimlər olsun.

- Bacı qurban, hər yerin yaxşısı da var, pisi də. Bəlkə orada da bizdəki kimi yaxşı adamlar elə yerlərdə gizlənib heç kim görmür? Amma onların məhkəmələri haqqında dediklərim düppədüzdür. Sənə sübut göstərim. Onlarda “Maska” adlı bir qəzet çıxır. Həmin qəzet də bu yerin rayonlarından birinin hakimi NEMES haqqında maraqlı bir məqalə çap edib. “Bu qitənin ən yaxşı rüşvətqulusu” adlanan məqalədə Nemes adlı hakimin bütün “nümunəvi” cəhətləri sadalanır.

- Rüşvətqulunun da nümunəvisi olur?

- Niyə olmur? Bir var elə belə, bir də var bərkgedən rüşvətqulu. İndi onun “nümunəvi” keyfiyyətlərini sadalayım, sən da bax. Bu şəxsi yuxarıdan aşağı heç kim sevməsə də, saysız-hesabsız pis əməllərinə görə hamı tanıyır. Deməli, onun yanına gələn hansı qadın boşanmaq istəyir, kredit borcu və ya digər problemi var, dərhal onun mobil telefonunun nömrəsini alır və başlayır kənar vaxtlarda bu qadına girişməyə. Neçə dəfə buna görə onu otağında “abırlayıblar”.

Hələ qəzetə çıxarılası mümkün olmayan söhbətlər var ki, deyə bilmirəm. Bu NEMES hakim azyaşlını zorlayandan pul alıb buraxır ki, istirahətə gedirəm, pulum azdır. Bir də gördün, adamın xəbəri yoxdur, onu boşayıb,ona borc yazıb və sair. Banklarla əlbir olub cəriməni qaldırır, sonra vətəndaşdan pul alıb aşağı endirir. Qısası, kimin saxta işi olur, birinci onu axtarır. Sən inanarsan ki, o yekəlikdə hakim onu tənqid edənləri məhkəmə binasında söyə-söyə o yana gedir, bu yana gedir. Hər 2 gündən bir otağında söyüş ərşə çıxır. Elə bil bu adam ailə tərbiyəsi, uşaq bağçası, məktəb-filan görməyib. O böyüklükdə Avropa birliyi, AŞ PA-filan da belələrinə dözür.

-Bəs oradakı ondan böyüklər belə şeylərə necə göz yumur?

- Ondan böyüklər möhkəm kitab həvəskarlarıdır. Dünya ədəbiyyatın tum kimi çırtlayırlar. Amma ortada yaxşı pul olanda bütün kitab-dəftər itir. Hətta onunla yeyib-içməyə gedən rəhbərlər də tapılır.

- Deyirəm, nə yaxşı ki, bizim hakimlər onlara oxşamayıb. İstər rayonumuzda, istər qonşu rayonlarda nə qədər vicdanlı, mərd, alicənab hakimlərimiz var.


- Bizdə başqa cür də mümkün deyil. Cəsarətli, ləyaqətli hacılarımız, ziyalılarımız var ha, onlar eşitsə ki, hansı hakimsə namussuzluq edir, onu, elə o binada, üzr istəyirəm, it küçüyü kimi təpiklərinin altına salar, “şalvar-qalstuk” formasında istifadə edib, eşşəyə tərsə mindirib yola salar ki, ay yaramaz, bu rayonun çörəyi ilə var-dövlət sahibi olmusan, hələ qız-gəlinə də girişirsən, ölüb yerə girmirsən? Qısası, nə bizim ağsaqqallar, nə ziyalılar, nə rəhbərlər belə şeylərə dözməzlər. Xasiyyətləri tünddür.

- Düz deyirsən, vallah. Bizmkilərin cəsarətinə qurban kəsərəm. Avropalılar qorxağın biridir. Rəhmətlik Sultan

Süleyman o vaxt fransızların başına necə qışqırmışdısa, 100 il kişilər qadınlarla qucaq-qucağa rəqs etməyə cəsarət etmədilər. Hələ onların krallarının çoxu o vaxt yazıb-oxumağı bacarmırdı. Bu savadsızlığa görə belələrinin nəvələri indi hər yerdə söyüşə-söyüşə, qışqıra-qışqıra danışırlar. Avropada qəzet çoxdan ləğv olunsa da, amma abunə həmişə var və daha da çiçəklənir. Orada bir məktəb illərlə bir tələbə yetişdirməsə nöqsan olmaz, amma ala bilmədiyi qəzetin abunə pulunu yubatsa, gözünü deşərlər.

- Bəs bu avropalıların sayı niyə azalır?

-İqtisadi böhrana görə hamilə qadınları müəllimlik müsahibəsində kəsirlər, onlar da iş yerin itirməmək üçün doğmur.

- Nə isə. Bəsdir e, bu Avropanın qarasınca danışdıq. Mən bilən, onların bircə türmələri qəşəngdir. Qalanın apar qaytar - arları yox,abırları yox. Kişi-kişiylə evlənir. Arvadları da heç kişinin xətrinə dəyməz. “Mamarozalar” orda qeyrət, namus dərsi keçir.

- Onda , bir az da öz ətrafımızda olan-qalandan danışım. Bilirsən də, bizdə ən zırıltı problem tualet məsələsidir. Məsələn, binamızın qarşısındakı parkda bir ədəd belə tualet yoxdur. Bir az şərq tərəfdə avtovağzal deyilən bir xarabalıq var, keçmiş karvansaralar onun yanında abırlıdır. Burada mikroavtobus gözləyən yaşlı qadınlar bəzən utana-utan bizim “çəpərin” böyründəki abırxanaya gəlirlər, lap bezmişik.

-Neynəmək olar, bacı qurban, bizimkilər o qədər böyük işlərlə məşğuldur, belə xırda işlərə vaxtları yoxdur. Deyirəm, indi texnika yüksəlib - modul elektrik stansiyaları, modulməktəblər... olmaz ki, 2-3 ədəd də modul ayaqyolu da tikələr...

- Zarafat bir yana, bizim adamlar niyə belə olduları e?

-Bizdə bəzi insanlar torpaq kimidir. Necə ki bəzi torpaqların münbit qatı çoxdur, hər şey yetisdirir, amma elə insanlar da var onun sifətini münbit qatı çoxdan qaşınıb, boz, yararsız hissəsi qalıb. Loru dildə desək, insan sifətinin münbit qatı onun çöhrəsindəki nurdur. Bax, o nur, çoxunda itib.

-Bəs əlac nədir?

-Əlac heç nə. Məsələn, bəzi ölkələr qızılgül, narıncı və sair inqilablar etdi, nə oldu ki. Məncə, bizdə haçan DOMİNO inqilabi baş versə, yəni, çayxanalarda dominonu, nərdi ləğv etsələr, xalq qalxar. Necə ki, 2 il öncə siqaret və arağa balaca qadağa qoyulanda xalqımız qalxmışdı.

- Düz deyirsən, bacı qurban. Yadıma gəlir, 90-cı illərin əvvəllərində saqqız alveri yaman dəbdə idi (saqqızı İrandan KaMAZ-la, eşşəklə-atla gətirirdilər). O vaxt bir dostumuz dedi ki, Qarabağı almaq istəyiriksə, Xankəndində bir saqqız zavodu tikilsəyi, bizimkilər saqqıza görə 2 günə oranı ələ keçirər, Qarabağı alardılar.

- Söhbət çox uzandı. Deyirlər, qonşuya təzə cadugər gəlib, gedib 2-3 nəfər hakimin dilin-ağzın bağlatdırım ki, bəzi dəvələri, filləri eşşəklərin quyruğuna bağlamasınlar.

Elcan Zahir





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10