Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Rayon İcra Hakimiyyətləri - Milyonlar necə mənimsənilir? - ƏTRAFLI


Azərbaycanda yeni idarəetmə institutu yaradılır. Bununla bağlı layihə artıq Milli Məclisə təqdim olunub. Təklif olunan layihəyə əsasən Milli Məclis “Dövlət qulluğu haqqında” qanunun 11-ci maddəsinə düzəlişlər edəcək. Bundan sonra yeni yaradılan Prezidentin xüsusi nümayəndələri vəzifəsi dövlət qulluğu kateqoriyasına aid ediləcək. Layihəyə əsasən, xüsusi nümayəndələr qanunda nəzərdə tutulan inzibati vəzifələrin birinci təsnifatına daxil edilir. Sənədə əsasən, inzibati vəzifələrin ikinci təsnifatına xüsusi nümayəndələrin müavinləri vəzifələri də aid olacaq. Layihəyə görə, xüsusi nümayəndəliklərdəki mütəxəssislər inzibati vəzifələrin üçüncü təsnifatında yer alacaq.
Layihə yaxın günlərdə Milli Məclisin iclasında müzakirəyə çıxarılacaq. Qeyd edək ki, yanvarın 19-da Prezident İlham Əliyevin imzaladığı fərmanla işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri təsis edilib. Dövlət başçısının yanvarın 27-də imzaladığı sərəncamla Aydın Kərimov Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunub.
Əslində, bu institut yerli icra strukturunun alternatividir. İlkin olaraq bu institutun işğaldan azad olunan ərazilərdə yaradılması planlaşdırılır. Sonrakı mərhələdə isə ölkə üzrə tətbiqi gözlənilir. Belə baxanda, Prezidentin xüsusi nümayəndəsi institutu yeni ideya deyil. İlk dəfə bu məsələ 2011-ci ildə gündəmə gətirildi. Məqsəd də o idi ki, respublikamızda olan rayon icra hakimiyyətləri aparatları ləğv edilsin və əvəzində zonalar üzrə prezidentin xüsusi nümayəndəlikləri yaradılsın. Lakin müəyyən səbəblərə görə o zaman bu ideya dayandırıldı. Əslində bu, olduqca maraqlı fikirdir. Çünki rayon icra hakimiyyətləri institutu artıq öz effektivliyini itirib, bürokratik və korrupsioner bir quruma çevrilib. Ona görə də rayon icra hakimiyyətlərinin ləğvi qaçılmazadır.
Birincisi, ona görə ki, rayon icra hakimiyyəti başçısının və onun aparatının vəzifəsi ölkə başçısının fərman və sərəncamlarının yerlərdə icrasına köməklik göstərmək və bu prosesə nəzarət etməkdir. Lakin son illərin təcrübəsi göstərir ki, icra başçıları əsas vəzifələrindən başqa hər bir işlə məşğul olurlar.
İkincisi, icra hakimiyyəti aparatının funksiyaları diğər qurumların vəzifələri ilə eyniyyət təşkil edir. Məsələn, 22 illik bələdiyyələrin fəaliyyət təcrübəsi göstərdi ki, bu qurum “ölü doğulmuş uşaqdır”. Çünki bələdiyyələrin bütün funksiyalarını bu və ya digər şəkildə yerli icra hakimiyyətləri həyata keçirir. Və bu gün bələdiyyələr fəaliyyətsizliklərinə görə həm cəmiyyətə, həm də dövlətə əlavə yükə çevrilib. Nəzərə alaq ki, bu gün bələdiyyələr dövlət büdcəsindən dotasiya alır.
Üçüncüsü, bəzi icra hakimiyyəti orqanlarının işi özfəaliyyətdən o yana keçmir. Məsələn, Gəncə şəhərində iki qurum var. Kəpəz və Nizami rayon icra hakimiyyəti aparatı. Bu qurumların iş əmsalı əminliklə deyə bilərəm ki, sıfıra bərabərdir. Hələ Bakı şəhərindəki 12 icra hakimiyyəti aparatını demirəm. Bu 12 icra hakimiyyətinin dövlətin inkişafına və prezidentin sosial-iqtisadi siyasətinə 12 qəpiklik xeyri yoxdur. Onların işi ancaq şəhərdə xaotik tikinti bumuna təkan verməkdir. Xatırlayırsınızsa, 2015-ci ilin mayında Azadlıq prospektində hündürmərtəbəli yaşayış binasında dəhşətli yanğın oldu. Yanğın nəticəsində xeyli insan həyatını itirdi. Və məlum oldu ki, güclü yanğına və faciəyə səbəb binanın keyfiyyətsiz və alova həssas materiallarla  üzlənməsidir. Binanın üzlənməsinin sifarişçisi isə Binəqədi rayon İcra Hakimiyyəti idi.
  • Bir anlığa diqqət yetirək. Vaxtilə Bakı şəhərində hər bir rayon üzrə təhsil, səhiyyə və digər sahələr üzrə qurumlar var idi. Təxminən 10 il qabaq bu sahələr üzrə rayon şöbələri ləğv olundu. İndi yalnış Bakı şəhəri üzrə baş təhsil və baş səhiyyə idarələri fəaliyyət göstərir. Və o zaman Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin rayon şöbələrinin ləğvi məsələsi də gündəmə gəlmişdi. Lakin hansı yollarlasa icra başçıları rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin saxlanılmasına nail oldular. Çünki rayon icra hakimiyyəti başçılarının dolanışıq yeri məhz bu qurumdur. Eyni zamanda, MKTB-lərin əli ilə icra başçıları pis işlərini həyata keçirirlər. Bakı şəhərindəki 12 icra hakimiyyətlərinin dövlət üçün gördüyü yeganə yaxş iş statistik məlumat toplamaqdır. Vəssalam…
Qalan məsələlərdə rayon icra hakimiyytələrinin heç bir səmərəli fəaliyyəti yoxdur. Bu gün 12 icra hakimiyyətinin gündəlik faəliyyətində 1 dənə fakt yoxdur ki, deyəsən ki, bu dövlətin siyasi kursuna hansısa töhfə verir. Onların işi ancaq abadlıq adıyla dövlət vəsaitini mənimsəmək və şəhərin eybəcər şəkildə böyüməsünə təkan verməkdir. Bakı şəhərindəki 12 icra hakimiyyətinin heç biri əhalinin sosial problemlərinin həllində heç bir şəkildə iştirak etmir. Su, elektrik enerjisi və mavi yanacaq məsələsində bu qurumların rolu sıfıra bərabərdir. İqtisadi sahədə də onların heç bir rolu yoxdur. Adi bir nümunə göstərim. “Paytaxt və ətraf ərazilərin sosial-iqtisadi inkişafı haqqında” Dövlət Proqramlarının heç bir bəndində rayon icra hakimiyyətlərinin adı keçmir. Bəs ondan Bakı şəhərində 12 icra hakimiyyəti nəyə lazımdır?
Bu gün istənilən müraciətin həllində rayon icra hakimiyyətləri acizdir. Gələn şikayətçi mənzil və yaxud fərdi tikinti üçün yer istəyir, rayon icra hakimiyyəti başçısı ona Bakı Şəhər İcra Hakimiyyətini göstərir. Gələn adam işıqdan, qazdan və yaxud sudan şikayətlənir. İcra hakimiyyətinin başçısı yenə də şikayətçiyə səhv ünvana gəldiyini deyir. Hətta Bakı şəhərindəki İcra Hakimiyyətləri imtiyazlı şəxslərə, o cümlədən şəhid ailələrinə və müharibə veteranlarına hansısa məsələdə köməklik göstərmək iqtidarında deyil. Yenə deyirəm bu qurumlar özfəaliyyətlə və kommersiya ilə məşğuldurlar. Sovetlər dönəmində Bakı şəhərində 11 rayon partiya komitəsi vardı. O zaman, o qurumların konkreti vəzifələri vardı. Lakin indiki 12 İcra hakimiyyətinin heç bir səlahiyyət və funksiyası yoxdur. Sadəcə, əhali arasında sosial narazılıqlara təkan verən bir qurumdur. O ki, qaldı bölgələrdə ki, icra hakimiyyətlərinə, onların da dövlət və millət üçün konkret faydası yoxdur. Bu gün yerli icra orqanları problem həll etmir, problem yaradır. Çünki ölkənin kənd təsərrüfatı siyasətini həyata keçirən konkret qurum var. İqtisadiyyatla bağlı da İcra Hakimiyyətlərinin əlində konkret rıçaqlar yoxdur.
Xidmət sahələrinə gəldikdə isə istər qaz, istər su, istər yol, istər işıq, istərsə də digər ixtiyari bir sahənin inkişafında və yaxud problemlərin həllində Rayon icra hakimiyyətlərinin heç bir rolu yoxdur. Ona görə də rayon icra hakimiyyətləri artıq lazımsız quruma çevrilib. Bu gün dövlət başçısı daha liberal, daha çevik və səmərəli idarəetmə sistemi təklif edir. Bu da prezidentin xüsusi nümayəndəlik institutudur. Bu institutlar ilkin olaraq işğaldan azad edilən rayonlarda yaradılır. Yaxın gələcəkdə isə bu layihənin digər bölgələrə keçidi gözlənilir. Və ola bilsin ki, xüsusi nümayəndəlik hər rayon üzrə deyil, bölgə üzrə təyin ediləcək. Bununsa bir sıra sosial-iqtisadi səmərəsi ola bilər. Çünki bölgələrin problemlərinini həllinə kompleks yanaşma daha tez səmərə əldə etməyə imkan verir.
Surxay Atakişiyev,
KONKRET.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10