Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Tənhalıqdan qorxan və həmişə tənha qalan Xalq artisti - Maraqlı faktlar



Bu gün Xalq artisti, unudulmaz aktrisa Zərnigar Ağakişiyevanın anım günüdür. Bu münasibətlə aktrisa ilə bağlı maraqlı faktları təqdim edirik.
Zərnigar Fəti qızı Ağakişiyeva 1945-ci il noyabrın 6-da Quba rayonunun Rustov kəndində doğulub.
***
Anası Səadət xanımın birinci həyat yoldaşı müharibədə həlak olub. O, ikinci dəfə ailə qurub. Bu evlilikdən Zərnigar Ağakişiyeva doğulub. Zərnigar anasının ilk evliliyindən olan ögey qardaşı ilə heç vaxt doğmalaşa bilməyib.

Məktəbə "Güləliyeva" soyadı ilə qəbul olunan aktrisa 12 yaşı olanda atasından ulu babasının adını özünə soyad kimi götürmək üçün icazə alıb.
***
İlk dəfə səhnəyə kəndlərindəki tədbirlərin birində çıxıb. Onda 5 yaşı olan balaca Zərnigar Səməd Vurğunun “Dahi rəhbərə” şeirini əzbər söyləyib.
***
Qardaşı ilə yola getməyən aktrisanı bir az kasıb həyat, bir az da tənhalıq ailəsindən didərgin salıb. O, heç kimə yük olmamaq üçün evlərini tərk edib. Zərnigar xanım o illəri müsahibələrində belə xatırlayır: “Anam işləməyimə qarşı çıxırdı. Qonşudan pul alıb, Bakıya gəldim. Həm oxuyurdum, həm də işləyirdim. Maddi sıxıntılarım hər zaman olurdu. Ailə qurmamağımın səbəbi isə şəxsi həyatımı sənətimdən artıq sevdirə biləcək insanla qarşılaşmamağım oldu. Qarşılaşdığım insanlar tələblərimə cavab vermədi. Mən də bütün illərimi teatrda, tamaşalarda keçirdim”.

Heç vaxt ailə həyatı qurmayan Zərnigar Ağakişiyevanın həyatında unuda bilmədiyi məhəbbəti olub. Bu şəxsin kimliyi haqqında heç vaxt danışmayan aktrisa müsahibələrində onları aktyorluq sənətinin ayırdığını bildirərək, sevdiyi insan haqqında deyir: “Həyatımın böyük sevgisini yaşadım. Amma bu sevgi ailə həyatı ilə tamamlanmadı. O adam mənim sənətimi qəbul etmirdi”.
***
Zərnigar Ağakişiyevanın vəfatından sonra Əməkdar artist Məcnun Hacıbəyov ağlayaraq verdiyi açıqlamasında onu sevdiyini etiraf edib.

İlk sevgisi daşa dəyən aktrisa illər sonra bir şəxslə nikahsız birlikdə yaşamağa başlayıb. Bu bərabərliyin də sonu olmayıb. 13 il sonra birlikdə yaşadığı adamdan ayrılan sənətkar ömrünün sonuna qədər tənhalığı seçib.
***
Uşaqlıqda gözəl rəsm çəkmək qabiliyyəti olan Zərnigar Ağakişiyeva sənədlərini ilk dəfə Əzim Əzimzadə adına rəssamlıq məktəbinə təqdim etsə də, qəbulda olan şəxsin söylədiyi bir cümlə ilə fikrini dəyişir. O cümlə təxminən belə olub: "Sənədlərimi Rəssamlıq məktəbinə aparanda onları qəbul edən adam dedi ki, "neynirsən rəssam olmağı, qız üçün Tibb Texnikumu yaxşıdır". Mənə qəribə gəldi ki, bu niyə qaramat tökür işimə? Çıxdım atama dedim ki, "gedək, pis adamlar var burda".
***
Heç vaxt övlad sahibi ola bilməyən aktrisanın övladlığa uşaq götürmək istəyi maddi vəziyyətinin qənaətbəxş hesab edilmədiyi üçün baş tutmayıb.

“Təhminə” filminin çəkilişləri zamanı Rasim Ocaqovdan xahiş edib ki, Zivərin Təhminəyə söyüş söydüyü səhnədə söyüşü açıq şəkildə ifadə etməsin. Ancaq rejissor razı olmayıb: “Biz Həsən Məmmədovla birgə Rasim müəllimə yalvarırdıq ki, ayıbdır, tamaşaçı bizdən efirdə belə sözlər eşitməyib, çıxardın bu sözləri. Rasim müəllim yek kəlmə dedi ki, “yox! Deməlisiz. Vəssalam”
***
Ölənə qədər həmkarı aktrisa Safura İbrahimova ilə küslülü qalıb. Zərnigar Ağakişiyeva rəhmətə gedəndə Safura İbrahimova onunla küslü qaldığına görə peşmançılığını dilə gətirib: “Gərək barışaydıq, küsülü ayrılmazdıq”.
***
Aktrisaya 1989-1992-ci illərdə səhnədə cəmi 2 rol verilməsi onun teatrdan uzaqlaşmasına səbəb oldu. 7 ildən sonra Ədalət Vəliyevin dəvətilə yenidən teatra qayıdıb.

“Ötən ilin son gecəsi” filmində aktrisa anasının obrazını canlandırdığını deyib. O müsahibələrinin birində deyir: “O filmdə mən anamı oynamışam, daha doğrusu, oynamamışam, sadəcə anamın həyatını yaşamışam”
***
Ömür boyu özünü aktrisa olaraq qəbul etməyib, hətta səsindən zəhləsi getdiyini deyirdi. Gözəl vokal səsə malik olub. Hətta “Ordan-burdan” teletamaşasında Salman bəyin bacısı Pərinin qız bəyənməyə gəldiyi epizodda Firuzə xanımın oxuduğu mahnını Zərnigar Ağakişiyeva özü ifa edib.
***
Oynadığı tamaşalardan birində ondan oxumaq tələb olunub. Aktrisa bu rola görə Moskvaya vokal dərsləri almağa gedib.

Afaq Məsudun "Qatar altına atılan qadın" pyesinin tamaşasında ona baş rol verilsə də Zərnigar Ağakişyevanın məşq zamanı mətni unutması bu tamaşada iştirakına mane olur. Xəstəliyi irəliləyən və yaddaşı zəifləyən aktrisa teatrdan getmək vaxtı çatdığını anlayır və ərizə yazaraq teatr səhnəsi ilə vidalaşır. Hətta teatrda onun üçün vida məclisi də qurulur. Amma bu ayrılıq onu qısa müddət sonra həyatdan ayırır.
***
Onun həyatda ən böyük qorxusu tək ölmək olub: “Qorxuram qəfildən çətin vəziyyətə düşərəm, heç kimə əlim çatmaz”.
***
Ömrü boyu təklikdən qorxan, uzun illər şəkər xəstəliyindən əziyyət çəkən Xalq artisti 2018- ci il fevralın 8-də ürək çatışmazlığından yaşadığı evdə tək-tənha vəfat edir və yalnız ölümündən 3 gün sonra tapılır.

kulis.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10