Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Pəri Miniatür: "Atatürk Liseyindən Rəsulzadənin portretini çəkdiyim üçün çıxarıldım"


"Rəsulzadənin şəklini çəkəndən qurumda qalıb, pul qazanmağım kimlərinsə xoşuna gəlməyib"

Rəssam, AXCP üzvü Pəri Miniatür "Facebook” səhifəsində Bakı Atatürk Liseyindən işdən çıxarıldığını yazıb.

İşdən qovulmağını ötən il 28 May Cümhuriyyət günü münasibətilə "Torqovı”da M.Ə. Rəsulzadənin portretinin çəkmək istəməsi ilə əlaqələndirib: "Məqsəd Rəsulzadənin xatirəsinə video-çarx hazırlamaq olub. Lakin həmin vaxt polislər prosesə mane oldular. İşimizi Balaxanı çöllərində yekunlaşdırmalı olduq. Türk Dünyası Araştırmaları Vakfının nəzdindəki Bakı Atatürk liseyindəki işimin sonu çatdı. Ölkəmdəki bütün çətin durumlara münasibət bildirməyim də, Rəsulzadəni çəkməyim də doğru idi. Cənab prezident Şuşanı məmur yuvası yox, mədəniyyət beşiyi görmək istəyirsə, miniatür məktəbi yaratmağa çalışsın. Məni az-çox tanıyanlar namərd, yaltaq, pul hərisi və riyakar olmadığımı bilir. Oğlumun üç yaşından pul qazanmağa məcburam. Artıq onun iyirmi yaşı var. Bu günə qədər kiməsə əyilmədim, söz götürmədən pul qazandım. Rəsulzadənin şəklini çəkəndən sonra hansısa qurumda qalıb, pul qazanmağım kimlərinsə xoşuna gəlməyib”.

Rəssam qeyd edib ki, ötən il iyunun 3-də işdən getməyi ilə bağlı təlimat alıb: "Atatürkün adının müqəddəsliyini daşıdığına inandığım liseydəki münasibət də, maaşım da sürətlə azalmağa başladı. Mənim dilim lal, gözüm kor olmalı idi. Mən vətənimi, onun övladlarını sevmək üçün yaltaq, qorxaq ola bilmərəm. Toplantılarda bütün heyətin önündə mənə, tədris etdiyim fənnə bildirilən sayğısız münasibət rəvac verdi ki, digər müəllimlər də hüququmu pozsun. Dərsimə qatılmayan şagirdə qiymət yazmadığım halda, öz ürəyi istəyən qiyməti yazsın... İllərdir sevgi və həvəslə çalışdığım iş yerimdən ayrılmağa məcbur oldum. Əlbəttə ki, yenə bütün çətinlikləri aşacağam. Çünki məni vəzifəyə, ya da sənətə kimsə gətirməyib ki, itirmək qorxum da olsun. Nə qədər ki, bu ürəyim və əllərim var kimsə məni əzə bilməz və ac qalmaram. Məni incidən bəzi demokrat hesab etdiyim dostların nə üzdə, nə də mesajla mənəvi dəstək olmamağıdır. Bir gün həqiqət parlayacaq və inanıram ki, o vaxt yad qapılarda deyil, öz ölkəmdə və məni dəstəkləyən xalqımın içində olacağam”.

"İşimizi Balaxanı çöllərində yekunlaşdırmalı olduq".
Mənbə: Meydan TV

Əli Kərimli: "Təqib olunan təkcə Pəri Miniatür deyil, həm də Məhəmməd Əmin Rəsulzadədir"

AXCP sədri Əli Kərimli də məsələyə münasibətini bildirib: "Təqib olunan, təkcə tanınmış rəssam Pəri Miniatür deyil, həm də Məhəmməd Əmin Rəsulzadədir. Əgər bu ölkədə bir rəssama Rəsulzadənin portretini çəkməyə dövlət səviyyəsində mane olurlarsa, rəssamı buna görə əvvəlcə təhdid edirlərsə, sonra da ondan "müxalifətçi olduğu üçün” ərizə yazıb işdən getməsi tələb olunursa, deməli, repressiya olunan tək rəssam Pəri Miniatür deyil, həm də və daha çox Rəsulzadənin özüdür. Bir rəssamın əsərlərinə görə təqib olunması cəmiyyətə meydan oxumaqdır. Yalnız siyasi repressiya deyil, həm də mədəniyyətsizlikdir, sənəti, sənətkarı anlamamaqdır. Bakı Türk liseyinə repressiya aləti olmağı heç yaraşdırmadım. Liseyin rəhbərliyi bu siyasi tapşırığı yerinə yetirməmək üçün özündə güc tapmalıdır. Xalqımızın bu mövzuya həssaslığını nəzərə almalıdır”..

Bakı Atatürk Liseyindən Meydan TV-yə bildirilib ki, Pəri Miniatür işdən çıxarılmayıb
Mənbə: Meydan TV

Atatürk Liseyi: "Pəri Miniatür işdən çıxarılmayıb"

Bakı Atatürk Liseyindən Meydan TV-yə bildirilib ki, Pəri Miniatür işdən çıxarılmayıb: "Onun adı işçilər siyahısındadır. Pəri Miniatürlə də məsələ ilə bağlı danışıqlar aparılacaq. Rəsulzadə haqqında olan məlumata gəldikdə isə təhsil ocağımız onun şəxsiyyətinə hörmətlə yanaşır. Liseydə Rəsulzadə ilə bağlı tədbirlər də keçirilir”.

Pəri Miniatür Təbriz miniatür məktəbinin klassik texnikalarını müasir elementlərlə birləşdirən rəssamdır. İyirmi ildən çoxdur rəssam kimi fəaliyyət göstərir.

arqument.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10