Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Xocalı hava limanının taleyi necə olacaq? - TƏFƏRRÜATLAR


Xocalı hava limanı Qarabağda hələlik yeganə hava limanıdır. Lakin qısa müddətdən sonra bu liman işğaldan azad edilmiş ərazilərimizdəki üç hava limanından, sadəcə, biri olacaq.
Xocalı hava limanı və ya Xankəndi hava limanı - Azərbaycanın Xocalı rayonunda, Xankəndi şəhərindən 10 kilometrlik məsafədə yerləşən hava limanıdır. Dağlıq Qarabağdakı terrorçu xunta tərəfindən idarə olunan hava limanı 2009-2012-ci illərdə əsaslı təmir olunub beynəlxalq hava limanı şəklində istifadəyə verilməyə hazır olsa da, Azərbaycanın qəti etirazları bu istifadəyə, hələ ki, imkan vermir. Bu səbəbdən hava limanı BHNA və BMAT tərəfindən verilən xüsusi kodlara malik deyil.
1974-cü ildə istifadəyə verilmiş hava limanından Dağlıq Qarabağ münaqişəsinə qədər hava limanı İrəvan - Xankəndi aviareysləri həyata keçirilib. 1990-cı il avqustun 1-də İrəvan-Xankəndi reysi ilə uçan Yak-40 təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində 39 sərnişin və 4 ekipaj üzvü həlak olub. Təyyarənin qalıqları və cəsədlər Laçın rayonunun Fərraş kəndi yaxınlığında aşkar edilib. SSRİ-nin Dövlət Komissiyasının rəsmi versiyasına görə, pilot məhdud görünmə şəraitində təyyarəni düzgün istiqamətləndirə bilməyib. Həmin dövrdə yalnız ermənilərin çalışdığı aeroport heyəti də paralel araşdırma apararaq, təyyarənin artıq yükgötürmə (Yak-40 təyyarələrinin sərnişin tutumu 20-25 nəfərdir) səbəbiylə qəzaya uğradığını bildirib. 1992-ci ildə Xocalının işğalından hava limanı dağınıq hala düşüb fəaliyyətini dayandırmışdı. 2009-cu ildə Dağlıq Qarabağdakı terrorçu xunta burada perspektivdə İrəvandan və geriyə uçan təyyarələri təmin etmək məqsədiylə əsaslı təmir işlərinin başlanmasını elan etmişdi.
2010-ci ilin noyabrına kimi nəzərdə tutulan təmir işləri yalnız 2011-ci ilin aprelində bitmişdi.
Ermənilər iddia edirlər ki, hava limanı hər saat 200 sərnişinə kimi qəbul edə bilər və hava naviqasiya avandanlığı ilə təmin olunub.

Obyekt həm də "Stepanakert hava limanı" adıyla rəsmən yalnız 1 oktyabr 2012-ci il tarixində açılsa da, bu günə qədər bir reys belə həyata keçirməyib.
Xankəndindəki terrorçu xunta hava limanının fəaliyyətə başlamamasını Azərbaycanın reaksiyasıyla əlaqələndirməsə də, rəsmi Bakının bu barədə kəskin etirazı məsələyə dünyanın diqqətini cəlb etmişdi. 9 may 2011-ci ildə Dövlət Mülki Aviasiya Administrasiyasının sədri Arif Məmmədov bildirmişdi ki, aviasiya qaydalarına əsasən, hər dövlət öz hava sahəsində yaxalanan icazəsiz uçuşların mövcudluğunda həmin uçuşlara qarşı uçan təyyarənin məhv edilməsinə kimi tədbir görmək hüququndadır.
Ermənistanın o dönəmdəki prezidenti Serj Sarqsyan bunu cavablandıraraq demişdi ki, İrəvandan Xankəndiyə uçan ilk təyyarənin sərnişini o, özü olacaq.
Lakin o bəyanatdan 9 il keçib, Xocalı hava limanına nə bir təyyarə enib, nə də qalxıb.
Serj Sarqsyanın da bəyanatı, sadəcə, havanı titrətmək kimi yadda qaldı: o, Azərbaycanın Hava Hücumundan Müdafiə Qüvvələrinin mütləq şəkildə havada vuracağı təyyarəyə minmək istəməyib. Təbii ki, İrəvandan da Xocalı hava limanına heç bir təyyarə eniş etməyib.
Xocalıda sülhMƏRAMlı niyyəti
Ermənistan rəhbərliyi ilə bahəm, Rusiyanın Müdafiə Nazirliyi də Xocalıdakı hava limanından istifadə etmək niyyətindədir. Rusiyalı generallar bu limanı "aerodrom" adlandırırlar və onların fikrincə, hazırda Qarabağda fəaliyyət göstərən 15-ci sülhməramlı briqadanın təminatında bu "aerodrom" müstəsna rol oynaya bilər.
"Hərbi yüklərin Qarabağa daşınması üçün Xocalı aerodromundan istifadə edə bilərik və etməliyik də. Çünki yüklər indi quru yolla daşınır. Təyyarələrlə birbaşa Qarabağa daşımalar isə nəqliyyat xərclərini xeyli azaldacaq", - rusiyalı hərbi ekspertlər də belə deyirlər.
Eyni zamanda, Xocalıdakı hava limanının Rusiyanın Suriyadakı Hmeymim aviabazasının kiçik analoquna çevrilməsi ilə bağlı niyyətlər də var.
Rusiyalı sülhməramlılar Xocalıdakı hava limanının ərazisində xüsusi mobil hospital yaradıblar. Suriyadakı Hmeymim aviabazasında olduğu kimi, burada da anqarlar, anbarlar və logistik infrastrukturun digər obyektlərinin inşası üçün yer var.
Xocalı hava limanı ilə bağlı bütün məsələlərisə Rusiya ermənilərlə yox, rəsmi Bakı ilə razılaşdırmalıdır.
Bakı isə Xocalı hava limanının bu formatda istismarına razılıq verən deyil.
Eyni zamanda, hava limanından istifadə ilə bağlı da Rusiya üçün başqa ciddi, sırf texniki problemlər var.

Daha doğrusu, rusiyalılar limandan istifadə etmək istəsələr, onu ciddi şəkildə yeniləməli, modernləşdirməlidirlər.
Rusiya Hava-Kosmik Qüvvələrində hərbi yüklərin daşınmasında əsasən İl-76 BTA tipli ağır təyarələrdən istifadə olunur.
Xocalı hava limanında isə uçuş-enmə zolağı asfaltdır və belə zolağa İl-76 təki təyyarəni endirmək, sadəcə, mümkün deyil.
Sadəcə, uçuş-enmə zolağının yenilənməsi üçün Rusiya minimum 1 milyard rubl xərcləməlidir. Rəsmi Moskvanın bu xərcə razılıq verəcəyi çox şübhəlidir.
Azərbaycan isə Xocalı hava limanının istismarında maraqlıdır və bu limandan Rusiyanın da istifadə etməsinə yalnız bir şərtlə icazə verə bilər: limandan birgə istifadənin müqabilində rusiyalı sülhməramlılar azərbaycanlı məcburi köçkünlərin Xocalı ilə Xankəndinə qayıdışını təmin etməlidirlər.
Üstəlik, Türkiyə də proseslərdə aktiv iştirak edir.
Rusiyalı sülhməramlılar Qarabağda yerli ermənilərin "qayıdış"ını təmin etməklə məşğul ikən Azərbaycan işğaldan azad edilmiş ərazilərin bərpası və inkişafı ilə bağlı konkret addımlar atır. Belə ki, İnnovasiyalar Agentliyi Türkiyənin GOSB texnoparkı ilə anlaşma imzalayıb. Türkiyənin ən böyük sənaye rayonlarından olan Qocaeli bölgəsindəki 130 texnoloji şirkəti dəstəkləyən GOSB Qarabağın inkişafında ciddi rol oynaya bilər və oynayacaq da.
Eyni zamanda, azərbaycanlı məcburi köçkünlərin Xocalı və Xankəndinə qayıdışı üçün şərait, Qarabağın dağlıq hissəsini aran Qarabağla birləşdirəcək nəqliyyat infrastrukturu rekonstruksiya olunur. Ağdam-Xankəndi dəmir yolu bərpa ediləcək, Füzulidə hava limanının inşası sürətlənəcək.
Bu isə Qarabağın bir ərazi olaraq Azərbaycanın digər bölgələrinə reinteqrasiyasının sürətinin artması deməkdir.
Füzulidə hava limanının inşası isə strateji məsələdir. Azərbaycan ən önəmli işdən başlayaraq ikinci dərəcələri məsələləri sonraya saxladığından, ilk əvvəl hava limanı tikilir, şose yolları çəkilir. Çünki qarabağlı kəndli məhsulunu yüksək sürətli dəmir yolu ilə daşımayacaq. Qarabağdakı tikinti və bərpa işləri üçün gərəkli inşaaat materialları da dəmiryolu ilə daşınan deyil.
Xocalı hava limanının "çətin"liyi
İşğaldan əvvəlki dövrdə DAFİF (Digital Aeronautical Flight Information File) üzrə kodu UB13 olmuş Xocalı hava limanı ilə bağlı vəziyyət tam aydındır.
Ermənilərin bütün bəyanatlarına və yalanlarına rəğmən, Xocalı hava limanından istifadə etmələri sırf texniki baxımdan mümkün deyil.
Bu hava limanında asfalt örtüklü uçuş-eniş zolağının uzunluğu 2150 metr, eni 50 metr, maililik bucağı 0,02 dərəcədir.
Xocalı hava limanı dəniz səviyyəsində, mülayim iqlim qurşağında, uçuş-eniş zolağının maililiyi 44 metr yox, 2-5 metr olsaydı, beynəlxalq standartlara uyğun olaraq 2-ci dərəcəli hava limanı sayıla bilərdi. Belədə həmin liman Fransa istehsalı olan ATR-72 (Avions de Transport Régional) və ya Rusiya istehsalı olan Yak-40 sərnişin təyyarələrini qəbul edə bilərdi.
Xocalı hava limanına istənilən təyyarəni Laçın rayonu istiqamətindən, yəni Ballıca və Kosalar kəndləri tərəfdən endirmək üçün qlissadanın minimal əyilmə bucağı 5 dərəcə olmalıdır. Yəni Ermənistandan gələn təyyarələr belə xalda az qala ağaclara toxunaraq enməlidirlər.

Beynəlxalq aviasiya standartları isə həmin bucağın 3 dərəcə olmasını, yerdən təhlükəsiz məsafədə enişi tələb edir.
Xocalı hava limanında isə qlissada, yəni təyyarənin eniş zamanı uçuş traektoriyasının təhlükəsiz mailliyi Ağdam şəhərinin şərqş həndəvərində başlanır.
Məhz texniki səbəblərdən Xocalı hava limanına indi sadəcə Yak-40 tipli təyyarələr Ağdam tərəfdən enə bilərlər.
Ermənistanda havaya qalxan istənilən təyyarəninsə Xocalıda enişi mümkün deyil.
Ona görə də rusiyalı sülhməramlıların Xocalı hava limanından istifadə istəkləri də sırf arzu müstəvisində olan məqamlardır.
Sözügedən hava limanı ilə bağlı istənilən hüquqi müstəvidə təşəbbüs yalnız Azərbaycana aiddir.
Misal qismində Suxumidəki Babuşara hava limanının göstərmək olar ki, onillərdən bəri istifadəsizdir: rəsmi Tbilisi bu hava limanını istismarına icazə vermir.
Krımın Simferopol şəhərindəki hava limanı da beynəlxalq aviareysləri qəbul edə bilmir və hələ də Ukraynaya aid UKFF kodu ilə tanınır.
... Xocalı hava limanı Qarabağda hələlik yeganə hava limanıdır. Lakin qısa müddətdən sonra bu liman işğaldan azad edilmiş ərazilərimizdəki üç hava limanından sadəcə, biri olacaq.





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10