Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ən böyük sovet korrupsioneri Mirzoyants – ölüm cəzası almalı olan maxinatora 10 il həbs cəzası veriblər


O, 1950-ci illərdə SSRİ-nin on gizli milyonçusundan biri olub. Hətta amansız Stalin rejimi onun tamahının qarşısına sədd çəkə bilməyib.
Müharibədən sonrakı dövrdə SSRİ-də tikinti, bərpa, yenidənqurma işləri ilə yanaşı Kreml üçün ən vacib məsələlərdən biri də ərzaq və gündəlik tələbat mallarının qıtlığının aradan qaldırılması olub. Bununla bağlı SSRİ Nazirlər Soveti silsilə tədbirlər həyata keçirib, proqramlar qəbul olunub, qərarlar verilib.
İosif Stalinin təşəbbüsü ilə bu qərarların biri də şərabçılığın inkişafı, şərab və şərabçılıq məhsullarının istehsalının artırılması, onların satışı üçün şəbəkə mağazaların yaradılması olub. Stalin bu qərarla əhalinin tələbatını ödəməklə yanaşı, həm də spitli işkilərin qeyri-qanuni istehsalının və satışının qarşısını almaq məqsədi daşıyıb. Amma bu qərara və sərt Stalin rejiminə baxmayaraq, işbazlar özlərini kənarda saxlamayıblar.
Bu cür işbazlardan biri də milliyətcə erməni olan Nikolay Mirzoyants olub ki, o, bu “gəlirli” sahədə şansını sınamağa qərar verib. Həmin dövrdə şərab və şərabçılıq məhsullarının istehsalını SSRİ Yeyinti Sənayesi Nazirliyinin tabeliyində olan Baş Şərabçılıq İdarəsi həyata keçirib. İdarənin ölkənin ayrı-ayrı bölgələrində yüzlərlə emal və istehsal zavodları, mərkəzi anbarları, mağaza şəbəkələri, laboratoriyaları və s. olub. Nikolay Mirzoyants isə sözügedən baş idarənin kadrlar üzrə rəis müavini vəzifəsini daşıyıb.
1562787162_3.jpg (131 KB)
Qeyd edək ki, Anastas Mikoyan Yeyinti Sənayesi Nazirliyinin adı Yeyinti Sənayesi Komissarlığı olan vaxtlarda, 1934-1938-ci illərdə komissar (nazir) vəzifəsində işləyib. Nikolay Mirzoyantsın da bu strukturda işə qəbul olunması Mikoyanın himayəsi ilə olub.
1951-ci ildə şərab və şərabçılıq məhsullarının istehsalının artırılması və satışı büdcəyə gözləniləndən də artıq gəlir gətirib. Rəqəmlər birbaşa bu işlərin içində olan Mirzoyantsın gözlərini qamaşdıranda o, əməli “tədbirlərə” keçib.
Mirzoyants əvvəlcə kadr “islahatlarına” başlayıb. Birbaşa öz funksiyalarına aid olduğu üçün ona bu işdə əngəl yaratmayıblar. Böyük rüşvətlər hesabına zavod direktorları yenilənib. O, daha sonra şərabçılıq məhsullarının istehsalına müdaxilə etməyə başlayıb. Əlbir olduğu zavod direktorları əlavə xammal mənbəyi taparaq zavodda heç bir sənədləşmə aparmadan həmin xammaldan hazırlanan alkoqollu içkiləri qara bazarlara çıxarıblar. Bundan əlavə, zavod rəhbərləri Mirzoyantsa arxayın olaraq içkilərin hazırlanmasında bütün standartları pozublar, müxtəlif qatqılar hesabına məhsulun sayını artırıblar. Adətən, bu cür içkilər el arasında “yüzqramlıq” deyilən kiçik kafelərə buraxılıb.
вв.jpg (184 KB)
Əhatə dairəsinin günü-gündən genişləndirən və “biznesini” böyüdən Mirzoyants xammal üçün Ermənistanda və Gürcüstanda ciddi işlər aparıb. Sovet rejiminin asıb-kəsdiyi bir vaxtda o, qəpik-quruş hesabına kəndlərdən məhsul əldə etməyə müvəffəq olub.
Nikolay Mirzoyantsın “çevikliyi” sayəsində zavodlardan çıxan və qanunsuz məhsul daşıyan yük maşınları maneəsiz mənzil başına çatıb. Milis orqanlarında yüksək vəzifə sahiblərini də “yemləyən” Mirzoyants qarşıya çıxa biləcək maneələri pulla dəf edib.
Mirzoyantsın qanunsuz içki dövriyyəsi o həddə çatıb ki, qanuni istehsal olunan alkoqollu içkilərin satışında azalma müşahidə olunub. Ölkədə olan əsas xammal mənbələrini Mirzoyants öz nəzarətində saxlayıb. Bununla yanaşı, Mirzoyantsın çoxsaylı gizli sexləri də gecə-gündüz işləyib. Onun cinayətkar şəbəkəsinin fəaliyyəti bütün SSRİ-ni əhatə edib. Moskvadan Sibirə qədər yaradılmış zəncirvari halqa saat dəqiqliyi işləyib və bu mexanizm Mirzoyantsı SSRİ-nin ən zəngin adamlarından birinə çevrib.
103109674.jpg (78 KB)
Sözsüz ki, Mirzoyantsın zənginliyi diqqətdən yayınmayıb, yaıylan informasiyalar SSRİ Daxili İşlər Nazirliyinin rəhbərliyində əsaslı şübhələrə səbəb olub.
Böyük cinayətin üstü kiçik bir hadisə ilə açılıb. Gürcüstandan Moskvadakı şərab zavoduna göndərilən hazır xammalı zavodun texnoloqu laboratoriya müayinəsindən keçirəndə aldığı nəticələr onun təəccübünə səbəb olub. Texnoloq əvvəlcə elə düşünb ki, müayinə cihazlarında nasaslıq var. O, kustar üsulla xammalın spirt dərəcəsini yoxlayıb. Kiçik bir şüşə qabda xammalı kibritlə yandıranda aydın olub ki, hazır xammala texniki spirt qatılıb. Zavod direktoru yerində olmadığından o, bu haqda baş texnoloqa və baş mühəndisə məlumat verib. Dərhal bu haqda müvafiq qurumlara, o cümlədən hüquq-mühafizə orqanlarına məruzə edilib. Bu məruzədən sonra xüsusi komissiya və istintaq qrupu yaradılıb. Mirzoyantsla əlbir olan zavod direktoru məsələdən əvvəlcədən bilgili olub, sadəcə texnoloqları əvvəlcədən xəbərdar etməyi unudub.
SSRİ-nin 17 şəhərində istintaq araşdırmaları aparılıb. Maxinasiyanın ən kiçik detalları belə aşkar olunub və kütləvi həbslər başlanıb. İstintaq zamanı o da məlum olub ki, cinayətkar dəstənin başında Nikolay Mirzoyants durur.
SSRİ rokurorluğu Mirzoyantsın həbsi ilə bağlı sanksiya imzalayıb. Məsələdən agah olan Mirzoyants həbsdən yayınmağa cəhd etsə də, mümkün olmayıb. O, Moskvada məşuqəsinin evində həds edilib. Həbs edilən zaman onun üzərində 1 milyon rubl aşkarlanıb.
glavvino.jpg (44 KB)
Külli miqdarda mənimsəmədə, korrupsiyada, rüşvətdə, vəzifədən sui-istifadə etməkdə ittiham olunan Mirzoyantsı ən ağır cəza gözləsə də, məhkəmə onu 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib. Mirzoyantsın Moskvadakı erməni havadarları onu ağır cəzadan çox çətinliklə qurtara biliblər.
Onu da qeyd edək ki, həmin vaxtlar bundan qat-qat kiçik miqyasda bənzər maxinasiyalar edən və sovet dövlətinə iqtisadi zərbə vuran adamlar heç bir güzəşt olmadan güllələniblər.
İlham Cəmiloğlu, Musavat.com





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10