Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Rusiyada məşuqəsinin ərini öldürmək istəyən azərbaycanlı “Romeo” həbs olundu


Rusiyada qəsdən adam öldürməyə cəhddə ittiham olunan 23 yaşlı azərbaycanlının barəsindəki ibtidai istintaq yekunlaşıb.
Virtualaz.org bildirir ki, cinayət işi üzrə materiallar araşdırılması üçün Nijnı Novqorod vilayətinin Kanavinsk rayon məhkəməsinə göndərilib.
Məhkəmənin hökmünə əsasən, o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hadisə 2019-cu ilin son gecəsi - 31 dekabrda baş verib. Çoxsaylı bıçaq xəsarəti alan 33 yaşlı taksi sürücüsü ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Yaralıya ilkin tibbi yardım göstərilib. Faktla bağlı cinayət işi başlanılıb.
İstintaqa verdiyi ilkin ifadəsində zərərçəkmiş bir nəfərin müştəri kimi taksiyə əyləşdiyini və onu ünvan başına çatdırmasını xahiş etdiyini göstərib. Lakin mənzil başına çatmamış müştəri qəflətən sürücüdən maşını saxlamasını tələb edib. Sürücü avtomobili kənara çəkmək istədikdə isə sərnişin ona ardıcıl olaraq beş bıçaq zərbəsi endirib. Ağır dərəcəli bədən xəsarəti almış yaralı xəstəxanaya aparılıb. Həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.
İstintaq araşdırmaları zamanı cinayəti törətməkdə təqsirləndirilən 23 yaşlı gəncin zərərçəkmişin həyat yoldaşı ilə sevgi münasibtələrinin olduğu üzə çıxıb. O, hadisədən bir həftə sonra Dağıstan ərazisində saxlanılıb.
Təqsirləndirilən şəxsin cinayəti qısqanclıq zəminində törətməsi istisna olunmur.
Təqsirləndirilən şəxslə zərərçəkmişin arvadı hadisədən bir ay öncə “İnstagram” sosial şəbəkəsində yazışıblar. Əslən Azərbaycandan olan 30 yaşlı həmin qadın (həm də üç uşaq anasıdır) ailəsi ilə birgə Nijni Novqorodda yaşayıb. Əri taksi sürücüsü, öz isə gözəllik salonunda bərbər işləyib.
Qadın tanışına ərinin onu tez-tez döyməsindən şikayətlənib. Ailəsi və iki övladı olsa da, sosial şəbəkədə yazışdığı qadınla isti münasibət quran gənc onun əri ilə “haqq-hesab çəkmək” qərarına gəlib.
Hadisədən bir gün əvvəl sevgilisinin iş yerinə yaxın ərazidə kirayələdiyi mənzilə gəlib. Bir yerdə yeyib-içiblər, intim əlaqədə olublar. Hətta qadın gənc sevgilisinə cibxərcliyi verməyi də unutmayıb. Ertəsi gün isə məşuqəsinin arxasınca gözəllik salonuna gələrkən onun əri ilə qarşılaşıb.  Bərbərxanadakı masanın üstündən götürdüyü bıçağı gizlincə cibinə qoyan Romeo (sevgilisi onu bu cür çağırıb-red.) taksi sürücüsünə onu mikrorayonda yerləşən gölün yanına aparmağı xahiş edib. “Müştəri”nin cızdığı plandan xəbərsiz olan sürücü onunla razılaşıb. “Romeo” hətta yolüstü mağazadan əlcək almağı da yaddan çıxarmayıb. Gölün kənarına çatdıqda isə sərnişin sürücüyə bıçaqla zərbələr endirməyə başlayıb. Qəfil zərbələrdən yayınmağa çalışan sürücü maşından düşərək qaçmağa müvəffəq olub. Yaralı ətrafda dayanan təcili yardım maşınına yaxınlaşaraq bıçaqlandığını deyib.
Məşuqəsinin ərini qanına qəltan edən “Romeo” isə hadisə yerindən qaçaraq gizlənə bilib. Ertəsi gün sevgililər kirayələdikləri mənzildə yenidən görüşüblər, qadın evinə getməsi üçün ona yolpulu verib.
Bu hadisədən bir müddət sonra taksi sürücüsü ailə üzvləri ilə birgə Azərbaycana qayıdıb.
Hazırladı: İ.Rafiqqızı
Virtualaz.org





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10