Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

23 il əvvəl boşanıb Azərbaycandan getdi, illərdir üzünü görmədiyi oğlunun şəhid xəbərini aldı


Azərbaycandan 23 il əvvəl Türkiyəyə gedən və orada ikinci dəfə evlənən, hazırda Balıkesirdə yaşayan Kifayət (Ayşə) Kocabacaq illərdir xəbər ala bilmədiyi oğlu Həsənov Hikmət Fikrət oğlunun Qarabağ müharibəsində şəhid olduğunu öyrənib. Virtualaz.org xəbər verir ki, bu dramatik hadisə barədə Türkiyə mətbuatı yazır.
Kifayət Azərbaycanda birinci dəfə ailə quranda bu evlilikdən bir qızı, bir oğlu dünyaya gəlib. Sonra boşanıb və ailəsi ilə bağları kəsilib. 1998-ci ildə Türkiyəyə gedən Kifayət  Balıkesirin Gönen rayonundan 10 kilometr aralıda yerləşən Hacıveli Ova məhəlləsinin sakini  Celalettin Kocabaşla evlənib. Hazırda 60 yaşı var.

Yerli sakinlərin Ayşə kimi tanıdığı Kifayət Kocabacak o vaxtdan bəri Azərbaycandakı qohumları ilə əlaqə saxlamayıb. Bu səbəbdən oğlundan da xəbəri olmayıb və onun Qarabağ müharibəsində iştirak etdiyini bilməyib. Hikmətin şəhid olması, illər əvvəl ayrıldığı anasının Türkiyədə yaşaması haqda xəbər Sındırğı rayonundan olan tələbəni təsirləndirib, həmin tələbə şəhidin anasını axtarmağa başlayıb. Onun Balıkesirdə yaşadığını öyrənib və vəziyyəti Sındırğı bələdiyyə başqanı Ekrem Yavaşa danışıb. Bələdiyyə Azərbaycan dərnəkləri ilə birlikdə araşdırma aparıb.
Kifayət Kocabacakın yaşadığı yer təsbit edilib və Sındırğı bələdiyyəsinin mədəniyyət və sosial işlər müdirliyinin işçiləri ailənin yanına gedərək xəbəri qadına çatdırıb. Qadın oğlunun şəhid olması xəbərinə üzülüb, bir tərəfdən də qohumlarından xəbər tuta bildiyi və telefonda onlarla danışdığı üçün sevinib.

Kifayət Kocabacakın oğlu Hikmət Həsənov snayper olub, çavuş kimi orduda xidmət edib. Müharibə başlayanda onun xidmət etdiyi birlik döyüşlərə atılıb, döyüşlərin ilk günlərində cənub cəbhəsində Hikmət düşmən müdafiəsini yarmaq uğrunda bir çox döyüşçü dostları ilə birlikdə şəhid olub.
Hikmət Həsənov evli olub və indi onun iki övladı yetim qalıb. O, şəhid olanda anası haqda ailəsinin heç bir məlumatı olmayıb. Bildikləri təkcə Hikmətin anasının Türkiyənin Balıkesir vilayətində yaşadığı idi.

Şəhidin anasının tapılmasında və onun yaxınları ilə əlaqəsinin yaradılmasında fəal rol oynayan Sındırğı bələdiyyə başqanı Ekrem Yavaş deyir ki, Hikmətin anasının yerini Şimali Kiprdə oxuyan tələbələrdən birinin vasitəsilə müəyyən ediblər. “Rəbbim məkanını cənnət eləsin. Bizlər də əlimizdən gələni edəcəyik, onların Azərbaycana gedib şəhidin məzarını ziyarət etməsinə kömək göstərəcəyik. Əlhəmdüllah, Qarabağ azad edildi. Oradakı minlərlə şəhidimizdən biri də bu qardaşımız oldu. Şəhidimizin ailəsini tapmaqda həm Gönen bələdiyyə təmsilçilərimiz, həm Azərbaycan dərnəkləri faydalı oldular. Onlara təşəkkür edirəm”,-bələdiyyə başqanı bildirib.

Bildirilir ki, Kifayətin və Türkiyədəki ikinci evlilikdən olan qızı Canan Kocabacakın Azərbaycana gələrək şəhidin məzarını ziyarət etməsi, onun övladları, ailəsi ilə görüşməsi üçün zəruri işlər artıq görülməkdədir. Bu işlərə Balıkesirdən millət vəkili Yavuz Subaşı da yardım edir.
“Sosial bələdiyyəçiliyin ən gözəl örnəyini Sındırğıda gördüm. Sındırğı bələdiyyə başqanımız Ekrem Yavaş azərbaycanlı şəhidimizin anasının Gönendə yaşadığını öyrəndi. İndi şəhidimizin anası və bacısı ilə görüşdük. Ailəsinin istəyinə uyğun olaraq şəhidin məzarını, onun övladlarını ziyarət etmək işini təşkil edəcəyik. Bu da Azərbaycanla Türkiyənin qardaşlığının daha bir nümunəsidir”,-millət vəkili “İhlas” (İHA) xəbər agentliyinə açıqlamasında deyib.
Virtualaz.org






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10