Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ölkədə yeni idarəçilik sistemi: Bölgələrə xüsusi nümayəndələr rəhbərlik edəcək


Məhərrəm Zülfüqarlı: “Xüsusi nümayəndəliklərin yaradılmasını Azərbaycanda yeni idarəçilik sisteminin başlanğıcı saymaq olar”
 
Prezident İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin təsis edilməsi haqqında Fərman imzaladı. Fərmanda bildirilir ki, işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılması məqsədilə belə bir addım atılır.
 
Sənəddə qeyd edilir ki, Prezidentin xüsusi nümayəndəliklərinə ölkə başçısı tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa Prezidentə tabe olan xüsusi nümayəndə rəhbərlik edəcək.
 
Onu da bildirək ki, Prezident artıq Şuşa rayonuna xüsusi nümayəndə təyin edib. Ölkə başçısı yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edib və ona tapşırıqlarını verib.
 
Ekspertlər belə düşünürlər ki, xüsusi nümayəndəliklərin yaradılmasını Azərbaycanda yeni idarəçilik sisteminin başlanğıcı saymaq olar. Mütəxəssislərin qənaətincə, bu yöndə islahatlar dərinləşəcək, gələcəkdə ölkənin hər regionu üzrə xüsusi nümayəndəliklər yaradılacaq. Beləliklə də icra hakimiyyəti sistemi sıradan çıxacaq, idarəçilikdə ümumi məsələlərə nümayəndələr nəzarət edəcək. Sözügedən sistemdə ən çox iş bələdiyyələrin üzərinə düşəcək. Belə olduğu təqdirdə, güman olunur ki, yerli özünüidarə orqanlarının səlahiyyətləri daha da genişləndiriləcək, funksiyaları artırılacaq.
Məhərrəm Zülfüqarlı: “Bəzi məntəqələrdə cüzi qanun pozuntuları qeydə alınıb”
Məsələ ilə bağlı fikirlərini bölüşən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) Seçki Qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı deyib ki, adından da göründüyü kimi, bu sistem fərqlidir: “Yəni, Prezidentin xüsusi nümayəndələri yerli icra hakimiyyəti başçılarından fərqli statusa malik olacaqlar. Xüsusi nümayəndələrə daha çox səlahiyyətlər veriləcək. Çünki Qarabağ işğaldan azad edilsə də, bölgənin problemləri çoxdur. Orada Azərbaycanın erməni vətəndaşları var. Biz bu gün nəzarət etmədiyimiz ərazilərdə ermənilər yaşamaqdadırlar. Eyni zamanda, separatçıların silahlı tör-töküntüləri də bölgədə qalmaqdadır. Bu baxımdan Prezidentin xüsusi nümayəndələrinin orada işi çoxdur. Nümayəndələr çox əhəmiyyətli vəzifələri yerinə yetirməlidirlər”.
 
“Burada kadrlar elə seçilməlidir ki, onlar həm vicdanlı olsunlar, həm də işlərini düzgün aparsınlar. Biz digər rayonlarımızın icra başçılarını gördük, əksəriyyəti özünü doğrultmadı, işləmədilər, vətəndaşlarla münasibət qura bilmədilər. Bir çoxları korrupsiyaya bulaşmış şəxslərdir ki, biz həbs olunanların timsalında bunu gördük. Yəqin ki, işğaldan azad edilən ərazilərə xüsusi nümayəndə təyin edərkən Prezident bu amilləri nəzərə alır”, - deyə Zülfüqarlı vurğulayıb.
 
Müsahibimiz hesab edir ki, şəhidlərimizin qanı bahasına işğaldan təmizlənmiş rayonlarımıza təyin olunan xüsusi nümayəndələr gözütox, millətə, dövlətə bağlı insanlar olmalıdırlar: “İşlərinə haram qatmayan, halal yolla işləyən insanlar xüsusi nümayəndə olmalıdırlar ki, biz də baxaq, fəxr edək. Əgər icra başçıları kimi, bunlar da qanunsuzluqlara yol verəcəklərsə, o zaman insanların ümidləri, inamı sarsıla bilər. Mənə elə gəlir ki, Prezident bu amillərin hamısını nəzərə alır. Şuşaya təyin olunan xüsusi nümayəndə gənc kadrdır, “partkom”u keçməmiş şəxsdir. Digər rayonlara təyin olunan nümayəndələr də bu qəbildən olan gənclər olacaqlar. Ümid edirəm ki, bunlar özlərini doğruldacaqlar”.
 
AVCİYA rəhbəri də razılaşır ki, Qarabağa Prezidentin xüsusi nümayəndələrinin təyini yeni sistemin başlanğıcıdır: “Gələcəkdə ölkənin digər ərazilərinə də xüsusi nümayəndələr təyin oluna, icra hakimiyyəti sistemi ləğv edilə bilər. Bələdiyyə sistemini gücləndirib, funksiyalarını artırıb, işlərin bələdiyyələrə həvalə olunacağı gözlənilir. Azərbaycanda bələdiyyələr 1999-cu ildən etibarən təşkil edilib. Amma Qarabağ işğal altında olduğu üçün indiyədək orada bələdiyyə seçkisi keçirilməyib. Artıq işğal faktı bitib, yerli özünüidarə orqanları orada təşkil olunmalıdır”.
 
“Ola bilər ki, növbədənkənar bələdiyyə seçkiləri keçirilsin, Qarabağda da özünüidarəetmə sistemi yaradılsın. Güman ki, bütün ölkə üzrə yerli icra orqanları birləşdiriləcək, bölgələr üzrə siyasi idarəçilik Prezidentin xüsusi nümayəndələrinə həvalə olunacaq. Qaldı ki, idarəetmə, təsərrüfata, onlar bələdiyyələrə veriləcək. Düşünürəm ki, 44 günlük Vətən müharibəsindəki parlaq qələbəyə uyğun idarəçilik sistemi formalaşdırılmalıdır”, - müsahibimiz əlavə edib.

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10