Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Qarabağda mükəmməl sistem: Hər şey vətəndaşın ovcunun içində olacaq


Mütəxəssislər “smart” tipli yaşayış məskənlərin salınmasını alqışlayırlar
 
Prezident İlham Əliyev Azərbaycanın işğaldan azad olunmuş ərazilərində salınacaq yaşayış məntəqələri ilə bağlı sərəncam imzalayıb və həmin ərazilərdə “Smart city” (ağıllı şəhər) və “Smart Village” (ağıllı kənd) tipli yaşayış məskənlərinin salınacağını açıqlayıb.
 
Maraqlıdır, “Ağıllı şəhər” və “Ağıllı kənd” tipli yaşayış məskənlərinin əsas özəlliyi nədir? Belə yaşayış məntəqələri adi yaşayış məskənlərindən nə ilə fərqlənir?
 
Mövzunu dəyərləndirən iqtisadçı-ekspert Azər Mehtiyev qərarın doğru olduğu düşüncəsindədir: “Çünki biz 21-ci əsrdə, artıq 19-cu, 20-ci əsr kənd və şəhərsalma mexanizmlərindən istifadə edə bilmərik. Müasir dünya tamam fərqli inkişaf mərhələsinə çatıb və artıq biz layihələrdə belə, bunun nümunələrini görürük. Məsələn, əvvəllər kənd və şəhərlərin adicə bir modeli hazırlanırdısa, indi əvvəlcədən 3D modeli hazılranır və demək olar ki, nəyin harada və necə olacağı ən xırdalığına qədər detallaşdırılır”.
Azər Mehtiyev: Hökumətin arzuladığı odur ki, 2018-ci ildə neftin ...
Müsahibimizin sözlərinə görə, “Smart city” və “Smart village” məsələsi də ondan ibarətdir ki, bu modellər müasir dünyada geniş yayılıb və son şəhər və kənd planlaşdırmaları da buna əsaslanır: “Bu prosesdə sistem əvvəlcədən elə qurulur ki, mümkün qədər ən az xərclərlə və qənaətlə insanları bütün zəruri xidmətlərlə təmin etmək mümkün olsun. Bura isə təhsil, səhiyyə və digər sosial xidmətlər aiddir və bunların hamısı bir-biri ilə əlaqələndirilir”.
 
“Vaxtı ilə Bakıda nəqliyyatın intellektual idarəetməsi iə bağlı sistem qurulmuşdu. Lakin həmin sistem qurulanda şəhərdə hələ hansı dəyişikliklərin olacağı bilinmirdi deyə, sistemin özü də doğru-düzgün işləyə bilmədi. Amma “smart” şəhərlərin özəlliyi ondan ibarətdir ki, burada hər şey əvvəlcədən planlaşdırılır, yerbəyer edilir və şəhər ardıcılıqla çalışır”, - Mehtiyev vurğulayıb.
 
O, eyni zamanda qeyd edib ki, belə sistemdə ekoloji təminat texnologiyalarından da istifadə edilir: “Mümkün qədər həm Günəş, həm külək, həm də digər enerjilərdən istifadə edilir. Yəni, ekologiyaya az zərər vuran enejilərdən istifadə edilir. Həmçinin, dövlət xidmətləri, ictimai nəzarət elə formada qurulur ki, insanlar bu formadan ən keyfiyyətli şəkildə istifadə edə bilirlər”.
 
İqtisadçı-ekspert Natiq Cəfərli də açıqlamasında “smart” tipli yaşayış məskənlərinin əhəmiyyətinə diqqət çəkib: “Əslində, smart şəhərlər layihəsi, təqribən 10 ildir ki, dünyanın müxtəlif bölgələrində, əsasən də Şimali Avropa və ABŞ-ın Kaliforniya ştatında istifadə edilir. Bu sistem nəqliyyat infrastrukturundan tutmuş, vətəndaşlara göstərilən xidmətlərə qədər bir mərkəzdən idarə olunur və hətta avtomobillə gedərkən sürücünün hansı park yerinin boş olduğu və avtomobili park edəcəyi barədə mobil yükləmələr vasitəsi ilə siqnallar gəlir. Yəni, insan həyatını və idarəetməni asanlaşdıran sistemlər həyata keçirilir”.
Natiq Cəfərli: “Dolların başqa bir valyuta ilə əvəzlənəcəyini düşünmürəm”
“Bundan başqa, demək olar ki, şəhərdə bütün xidmətlər tamamilə internetə qoşulmuş vəziyyətdə olur. Həmçinin, bərpa olunan enerjidən istifadə formaları genişləndirilir, yəni Günəş, külək və digər ekoloji zərəri az olan enerjilərdən istifadə edilir. Planlaşdırma elə aparılır ki, vətəndaşlara təcili xidmətlərlə bağlı heç bir probem yaşanmır”, - ekspert vurğulayıb.
 
“Yəni, şəhərin planlaşdırılması elə vəziyyətdə olur ki, bütün şəhər sakinləri eyni mərkəzdən müxtəlif vacib məlumatları anında almaq imkanlarına malik olurlar. Obrazlı şəkildə desək, məsələn, bir nəfər xəstəxanaya gedirsə, xəstəxanada hansı həkimin qəbulunda saat neçədə olacağını öncədən ona bildirilir və növbə gözləməyə, ümumiyyətlə ehtiyac qalmır. Yaxud, hansısa dövlət idarəsinə gedəndə də eyni qayda tətbiq edilir”, - Cəfərli əlavə edib.
 
Mütəxəssisin sözlərinə görə, “smart” sistemdə müəssisələrin iqtisadi oyunçuları arasında məlumat bazasının mübadiləsi baş verir ki, insanların alış-verişindən tutmuş, digər iqtisadi tələbatlarına qədər – hamısını təmin etmək daha asan vəziyyətə gətirilsin: “Yəni, bu sistemin çox böyük üstünlükləri və tərəfli yanaşmaları mövcuddur. Dediyim kimi, artıq 10 ildən çoxdur ki, bu sistem dünyada tətbiq olunmağa başlayıb. Azərbaycanda isə bu sistemin üstünlüyü ondan ibarətdir ki, dünya təcrübəsini öyrənib sıfırdan şəhər qurursan. Çünki, onsuz da erməni işğalçıları Qarabağda hər şeyi darmadağın ediblər və biz hər şeyi sıfırdan qurmalıyıq. Bu cür şəhərlərin sıfırdan qurulması isə daha yaxşıdır və bu da bizim üçün əlavə üstünlükdür. Ona görə də dünya təcrübəsindən də istifadə edib sıfırdan belə şəhərlər qura bilərik”.

ayna.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10