Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Fuad Poladov: "Yaxşı vurub gəldim teatra - Müsahibə


Kinoşünas Aygün Aslanınlının vaxtilə kitab üçün götürdüyü müsahibədən növbəti hissəni təqdim edirik.
əvvəli burda
https://kulis.az/news/36310
– Fuad müəllim, payıza qayıdaq. Payız sizdə ən çox hansı hissi yaradır – nostalgiya, yoxsa vəcd?…
– Vəcd! Bu dəfəki vəcdə gətirdi məni. Özü də neçə illərdi, o mənzərəni görməyi arzulayırdım, amma vaxtsızlıq imkan vermirdi. İndi dayana bilmədim. Hiss eləyirdim ki, bəzi insanlardan qaçmaq, içimdə yığılanları partlatmaq istəyirəm. Bunun üçün də ən yaxşı yer meşədi – ağacların, yarpaqların arası. Cavanlıqda da belə səfərlərim olub. Məsələn, bayaq dediyim konfliktlər olanda… Azdramada işləyəndə hərdən elə olub ki, lap adamı boğmaq dərəcəsinə çatmışam. Ağakişi Kazımovla bir konfliktim olmuşdu. Deyəsən, danışmışam. Yox? Ağakişi Kazımov Azdramaya təzə gələndə bütün tamaşaları mənimlə işləyirdi. “Darıxma, ana”, “Qəribə oğlan”, “Mirzə Şəfi Vazeh”.. Sonra da İlyas Əfəndiyevin “Büllur sarayda” pyesini səhnələşdirdi. Amaliya ilə küsülü olduğum ərəfəydi. İlyasın da pyeslərində baş qadın rollarının hamısını Amaliya oynayırdı. Ağakişi “Büllur sarayda”kı əsas kişi rolunu mənə verdi. Dedim, Ağakişi, məni bu tamaşaya salma, Amaliya ilə küsülüyük, konflikt yarana bilər. Qayıtdı ki: “Nə danışırsan, əəəə? Nə konflikt-monflikt? Sən birinci tamaşamdan mənim qəhrəmanımsan, axırıncıya qədər də belə olacaq. Mən sənsiz tamaşa qoymayacam! İlyas Əfəndiyev olmur, Amaliya olmur, kim olur-olsun!” Dedim: “Ağakişi, vallah, hiss eləyirəm ki, bunun axırı yaxşı olmayacaq. Məşqdə o küsülülük hiss olunacaq”. Ağakişi sözündən dönmədi, “daha bir kəlmə də eşitmək istəmirəm, mövzu bağlandı” dedi. Hər ehtimala qarşı dublyor istədim. Rəfael Dadaşovu mənə, Firəngiz Mütəllimovanı da Amaliyaya dublyor verdilər. Məşqlər bitdi, tamaşanı təhvil vermək vaxtı çatdı. Birinci heyətdə kimlərin olacağı müəyyənləşməlidir.
– Bir yerdə məşq eləmirdiniz?
– Əvvəl bir yerdə idik. Dublyorlar veriləndən sonra elə də olurdu, belə də. Əsas birinci heyət idi – ictimai baxışda və premyerada kim oynayacaq?! Deməli, son məşqlər gedir, birinci heyətdəki aktyorların siyahısı asılıb və… mənim adım yoxdu. Gəldim Ağakişinin yanına ki, bu nə məsələdi? dedi: “Həəə, sənətkar, İlyas müəllim belə istədi. Amaliya yaman şikayət eləyib”.
Vəziyyətimi təsəvvür eləyirsən? Dedim:
– Ağakişi, axı, mən sənə xəbərdarlıq eləmişdim ki, belə olacaq. Eləmişdim?
– Hə.
– Bacarmırsan?
– Yox, sənətkar, bacarmıram.
– Onda çəkil qırağa, özüm həll eləyim! Birbaş mərkəzi komitənin ideoloji katibinə – Həsən Həsənova zəng elədim. Məni qəbul elədi. Məsələni danışdım və əlavə elədim ki, mən ya o teatrdan getməliyəm, ya da əsas heyətdə o rolu oynamalıyam. Həsən Həsənov Əli İsmayılova zəng eləyib nə baş verdiyini bir də ondan öyrəndi, sonra da rejissorun kimi istədiyini soruşdu. Dedilər, rejissor, təbii ki, Fuadı istəyir. Həsənov dedi: “Onda İlyas Əfəndiyevə mənim adımdan çatdırın ki, ağsaqqal kişidi, belə işlərə qarışmasın”.
Adımı birinci heyətin siyahısına əlavə elədilər. İctimai baxışı da, premyeranı da oynadım. Ertəsi gün getdim yaxşıca vurdum, gəldim teatra. Ağakişini soruşdum, dedilər, truppa müdirinin otağındadı. Girdim içəri, qapını bağladım. Ağakişi oturmuşdu bir tərəfdə, truppa müdiri Qürbətov da o biri tərəfdə. Dişimin dibindən çıxanı dedim Ağakişiyə və qapını vurub çıxdım. Daha tamaşaya gəlmədim. Onda da partlayırdım. Mingəçevirdəki dostlarımın yanına getdim, iki-üç gün orda qaldım.

– Fuad müəllim, sizə nə təsir eləmişdi – əziyyətinizin yerə vurulmağı?
– Yox, Ağakişinin, sözünün üstündə dayana bilməməyi, məni zərbə altında qoymağı. Belə çıxacaqdı ki, dublyor gəlib məni üstələdi. Tarix var, kitab var, axı! Buna razılıq verə bilməzdim.
– “Təhminə və Zaur” bu tamaşadan sonra qoyulmuşdu, ya əvvəl?
– Sonra. “Təhminə və Zaur”da Amaliya ilə barışdıq. Çünki orda başqa cür mümkün deyildi, birbaşa tərəf müqabili idik. Həm də o rolu oynamağı çox istəyirdim. O vaxt həmin tamaşanı Sumqayıt Teatrında Oruc Qurbanov da hazırlayırdı və Zaur roluna məni dəvət eləmişdi. Mərahim Fərzəlibəyova dedim ki, bu rolu oynamaq mənim arzumdu, əgər burda alınmasa, gedib Sumqayıtda oynayacam. Dedi ki, yox, səndən başqa kim oynayacaq? Məşqlər də dublyorsuz başladı, Amaliya ilə barışdıq.
Ağakişi Kazımov sonralar dəfələrlə müraciət elədi mənə. Hətta Bəhram Osmanov da… “Gəncə qapılarını”, “Üns” teatrında Elçinin “Şekspir”ini qoyanda. Amma bir dəfə sındısa, qutardı. Mən işləyəndə gərək qarşımdakının böyük hərflə rejissor olduğunu biləm. Adam gözümdən düşəndən, sınandan sonra onunla necə işləyə bilərəm? Mənim üçün insan birinci növbədə şəxsiyyət kimi qiymətlidi. Birinci növbədə! Canımı verərəm elə adama! Amma gözümdən düşdüsə, vəssalam. Geriyə dönüş yoxdu.
– Fikirləşdim ki, sizi sevmək bir az çətin olar. Dönüb getsəniz, bir də qayıtmazsınız.
– Hə, birdəfəlik gedirəm.
Ani sükutdan sonra Fuad müəllim xırda-xırda gülməyə başlayır
– Niyə gülürsünüz?
– Mənim haqqımda “çətin adamdı, mürəkkəbdi” deyirlər, amma vallah, mən mürəkkəb adam deyiləm. Sadəcə həmişə normal insani münasibət axtarmışam. Öz elədiyimdən, öz verdiyimdən artıq heç nə istəməmişəm.

kulis.az





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10