Xəbər verdiyimiz kimi, 2017-ci ildə evindən 35 min manatlıq qızıl-zinət əşyaları oğurlanan Masallı rayonunun Yeyənkənd kənd sakini Müslüm Məmmədovun şikayəti əsasında məlum oğrular hələ ki, cinayət məsuliyyətinə cəlb edilməyib. Baxmayaraq ki, son üç ildə M.Məmədovun müraciət etmədiyi aidiyyəti dövlət qurumları qalmayıb. M.Məmmədov redakasiyamıza ünvanladığı məktubunda daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovdan kömək istəyib.
Müraciətdə deyilir:
Hörmətli cənab nazir!
Mən evimdə baş verən bu oğurluq hadisəsinə gör çox narahatam. Çünki bizim Masallı rayonunda hüquq-mühafizə orqanlarının fəaliyyəti heç də ürəkaçan deyil. Rayonda oğurluq hadisələri baş alıb gedir. Bildirirəm ki, 2017-ci il iyulun 10-da yaşadığımız evdən öz əmim uşaqları tərəfindən 35 min manatlıq qızıl-zinət əşyalarım oğurlanıb. Hansı ki, o qızıllar Rusiyada yaşayan qızımın idi və saxlamaq üçün bizə əmanət etmişdi. Həmin vaxtdan bu günə kimi Masallı rayon Prokurorluğu və Masallı Rayon Polis Şöbəsi çox təəssüflər olsun ki, məlum oğruları saxlayıb cinayət məsuliyyətinə cəlb etməyib. Üç ildir ki, bizə yalan vədlər verilir. Evimdən oğurluq edənlər isə öz əmim oğlanları Azad Bağırov, Asiman Bağırov, ailənin gəlini Mirbani Əhmədova və yaxın qohumu Cavidan Həşimovdur. Daha çıxılmaz vəziyyətdə qalmışam, üç il istintaq aparılarmı? Artıq bu işlə bağlı qonşu rayonların hüquq-mühafizə orqanlarına müraciət etmək istəyirəm.
Hörmətli cənab nazir!
Artıq üç ildir ki, mən xəstə həyat yoldaşımla birlikdə getmədiyim yer, döymədiyim qapı qalmayıb. Bu günə kimi polis və prokurorluq orqanlarının yolunda qalmışıq. Qızıllar qızıma məxsus olduğu üçün artıq onun da ailəsində problem yaranıb. Adlarını çəkdiyim yaxın qohumlarım bu oğurluğu etməklə bir sözlə, mənim qızımı da bədbəxt ediblər. Axı mən istintaqa oğrularımın adını təqdim edirəm. Niyə bu üç ildə qızıllarımı oğurlayan şəxslər cinayət məsuliyyətinə cəlb edilmir? Sizdən xahiş edirəm, oğurluq hadisəsinin üstünün açılması ilə bağlı müvafiq göstəriş və tapşırıqlarınızı verəsiniz. Vaxt ayırıb məni də qəbul edəsiniz ki, həqiqəti sizə özüm nəql edim”.
Qeyd edək ki, rayonun Təzə Alvadı kəndində də kütləvi oğurluq hadisələri baş verir və bu günə kimi onların heç birinin üstü açılmayıb. Zərərçəkənlər hadisə ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər.