Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Dəniz quldurlarının Türkiyə gəmisinə hücumu: Ərdoğan kapitanla əlaqə saxladı


Türkiyə prezidenti dünən axşam saatlarında Gvineya körfəzində dəniz quldurlarının hücumuna məruz qalan MOZART gəmisinin kapitanı Furkan Yarenlə əlaqə saxlayıb. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu haqda Ərdoğanın administrasiyası məlumat yayıb. Qeyd olunur ki, Türkiyə prezidenti kapitanla iki dəfə əlaqə saxlayıb, dəniz quldurlarının hücumu ilə bağlı məlumatlar alıb.

“Gəminin hücumdan xilas olan 3 heyət üzvü ilə birlikdə Qabon sahillərinə doğru üzdüyü haqda informasiya alan prezident bildirib ki, situasiyanı diqqətlə izləyir və quldurların girov götürdüyü 15 heyət üzvünün xilas edilməsi üçün tədbirlərin görülməsini tapşırıb”,-məlumatda deyilir.
Xəbər verildiyi kimi Liberiya bayrağı altında üzən Türkiyə quru yük gəmisinə dəniz quldurlarının hücumu zamanı Azərbaycan vətəndaşı olan heyət üzvü həlak olub. Quldurlar 15 heyət üzvünü girov götürüblər və motorlu qayıqlarla hadisə yerindən uzaqlaşıblar.
Kapitan Furkan Yaren
Türkiyə KİV-lərinin xəbərlərinə görə, xarici işlər naziri Mövlut Çavuşoğlu da gəminin kapitanı Furkan Yarenlə telefon əlaqəsi saxlayıb, vəziyyət barədə məlumat alıb. Çavuşoğlu gəminin aid olduğu şirkətin rəhbəri Osman Levent Karsanla da telefon əlaqəsi saxlayıb, keçmiş olsun diləklərini çatdırıb və girov götürülən heyət üzvlərinin tezliklə azad edilməsi üçün bütün mümkün tədbirlərin görüləcəyini bildirib.
Habelə Çavuşoğlu azərbaycanlı həmkarı Ceyhun Bayramova da zəng vurub, öldürülən heyət üzvünə görə başsağlığını çatdırıb və gəminin Qabon limanına yan almasından sonra cənazənin Azərbaycana çatdırılması üçün işlərin dərhal başlayacağını deyib.
Türkiyə mənbələri Nigeriya və digər region ölkələrindəki türk səfirliklərinin quldurlar tərəfindən qaçırılan heyət üzvlərinin azad edilməsi üçün səfərbər olunduqlarını bildirir. Quldurlar tərəfindən öldürülən Fərman İsmayılıv gəmi mühəndisi olub. Heyətin qalan üzvləri Türkiyə vətəndaşlarıdır.
Virtualaz.org
 
 





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10